Abituriyentlərə təhsilhaqqı sürprizi - ARAŞDIRMA
15 iyun 2011 10:13 (UTC +04:00)

Abituriyentlərə təhsilhaqqı sürprizi - ARAŞDIRMA

Dövlət ali məktəblərində təhsil haqlarının artırılacağı barədə çoxdan bəri dolaşan söz-söhbətlər, nəhayət, rəsmiləşdi. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) orqanı olan “Abituriyent” jurnalının 3-cü sayındakı məlumatlardan da görünür ki, 2011/2012-ci il tədris ili üzrə bəzi dövlət ali təhsil müəssisələrində ödəniş haqqı 300 manatdan 1500 manata qədər artırılıb. Ən çox artım Azərbaycan Tibb Universitetinin “Müalicə işi”nin ödənişli bölməsinin əyani şöbəsində olub. Bu fakültədə illik təhsil haqqı 1000 manatdan 2500 manata qaldırılıb. Həmçinin Azərbaycan Müəllimlər İnstitutu, Texniki Universitet, İqtisad Universiteti, Dövlət Neft Akademiyası, Pedaqoji Universitet, Dillər Universiteti və daha bir sıra ali təhsil müəssisələrin bir çox fakültələrində illik təhsil haqqı 300 manata qədər artıb.

Ödənişli təhsilin qiymətinin məhz ali məktəblərə tələbə qəbulu ərəfəsində qaldırılması, bu qərarın Tarif Şurası deyil, birbaşa Nazirlər Kabineti tərəfindən verilməsi xeyli suallar yaradır. Üstəlik, adətən, qiymət artımları barədə qərarlar dövlətin rəsmi informasiya yayıcıları vasitəsilə geniş ictimaiyyətə çatdırıldığı halda bu dəfə təhsil haqlarının qaldırılması xəbəri ictimaiyyətə xeyli gec, həm də dolayısı ilə çatdırılıb. Halbuki dövlət ali məktəblərində təhsil haqqının artırılması qərarı tələbə qəbulu prosesinə qatılmış 110 mindən çox abituriyentin ixtisas seçiminə birbaşa təsir göstərir.

Maraqlıdır, belə bir dar macalda ölkənin pullu təhsil bazarında ödənişlərin artırılması hansı zərurətdən yaranıb? Dövlət sifarişli və ödənişli əsaslarla qəbul aparılan ixtisaslarda təhsilhaqqı hansı meyarlarla müəyyənləşir?

Bəri başdan deyək ki, “Abituriyent” jurnalının 3-cü sayı çapdan çıxanadək təhsil haqlarının artırıldığına dair hər hansı rəsmi məlumat yayılmayıb. Ən maraqlısı isə odur ki, ali təhsil müəssisələrinin özlərində də ödənişləri artırılmasından yalnız “Abituriyent” jurnalının 3-cü sayı çapdan çıxandan sonra xəbər tutublar. Dövlət Mədəniyyət və İncəsənət, Tibb və Texniki universitetlərin tədris şöbələrində bildirirlər ki, ödənişli ixtisaslarda təhsil haqqının artırılması barədə onlarda rəsmi məlumat olmayıb. Belə ki, universitetlər təhsilhaqqının artırılmasından “Abituriyent” jurnalının 3-cü sayında 2011/2012-ci il tədris ili üzrə ali məktəblərə qəbul planı açıqlanması ilə xəbər tutublar.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə deyir ki, ali məktəblərdəki illik təhsilhaqqının məbləği ilə bağlı “Abituriyent” jurnalındakı məlumatlar Nazirlər Kabinetindən təqdim olunan sənədə əsaslanır. Onun sözlərinə görə, ali məktəblərə tələbə qəbulu planı və ixtisaslar üzrə illik ödənişlərin məbləği hər il Nazirlər Kabineti tərəfindən təsdiq olunaraq TQDK-ya təqdim olunur: “TQDK ali məktəblərdə illik ödənişlərin məbləğinin müəyyənləşməsində heç bir formada iştirak etmir. Bu məsələ Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Yəni ali məktəb rəhbərləri Nazirlər kabinetinə müraciət edir, Nazirlər Kabineti isə bu müraciətlər əsasında bizə qəbul planı ilə yanaşı təhsil haqqı qiymətlərini təqdim edir”.

Dövlət sifarişli yerlərə ödənişli qəbul

Xatırladaq ki, dövlət ali təhsil müəssisələrində ödənişli təhsil forması üzrə qəbul 1994-cü ildən aparılır. Həmin il dövlət büdcəsi vəsaiti hesabına maliyyələşən təhsil formasına və ödənişli təhsil formasına tələbə qəbulu müsabiqəsi ayrı-ayrı vaxtlarda keçirilib. 1995-ci ildən başlayaraq hər iki təhsil formasına qəbul eyni vaxtda aparılır və abituriyentlərə ərizələrində ödənişli və ödənişsiz ixtisasları istədikləri ardıcıllıqla göstərmək imkanı verilir.

TQDK-nın elmi-statistik təhlillərindən görünür ki, son illər ali təhsil müəssisələrində ödənişli və ödənişsiz təhsil üçün ayrılmış plan yerləri arasındakı fərq birincinin xeyrinə artım istiqamətində dəyişir. Məsələn, 2009/2010-cu dərs ilində dövlət ali məktəblərinə qəbul olunmuş tələbələrin 16799-u ödənişli, 9790-ı isə ödənişsiz əsaslarla təhsil alır. Analoji üstünlük 2010/2011-ci dərs ili üçün də xarakterik olub. TQDK-da bildirirlər ki, sonuncu qəbul imtahanlarında ali təhsil müəssisələrinin ixtisaslarını seçib müsabiqədə iştirak edən abituriyentlərin 87,34 faizi öz ərizəsinə ödənişli təhsil forması üzrə qəbul aparılan yerləri də qeyd edib. Bu göstərici I qrupda 83,11 faiz, II qrupda 87,34 faiz, III qrupda 89,20 faiz, IV qrupda isə 93,05 faiz təşkil edib. Ötən ilki imtahanda iştirak edən 112 min 508 abituriyentdən 15927-si öz ərizələrində yalnız ödənişli təhsil forması üzrə qəbul aparılan yerləri göstərib.

Yeri gəlmişkən, 2009-cu ildə yalnız ödənişli təhsil formasını seçən abituriyentlərin sayı cəmi 10 min 348 nəfər olub. 2010-cu ildə isə bu rəqəm əvvəlki illə müqayisədə 5579 nəfər və ya 53,91 faiz artıb. Ötən il ali məktəblər üçün ayrılmış 30458 ümumi plan yerlərinin 10289-u dövlət sifarişli, 20169-u isə ödənişli yerlərin payına düşüb. Maraqlıdır ki, dövlət sifarişi ilə tələbə qəbulu proqnozuna əsasən, qəbul planında nəzərdə tutulan 10289 yerdən 735-nə namizəd olmadığı üçün həmin yerlər boş qalıb. Bunun müqabilində qəbul planının dövlət sifarişli yerlərinə də ödənişli əsaslarla qəbul aparılıb. Bütövlükdə ötən il ödənişli təhsil forması üzrə 18876 tələbə qəbul olub. Ümumilikdə 2010-cu ildə ali təhsil müəssisələrinə abituriyentlərin 66,42 faizi ödənişli təhsil forması üzrə qəbul olub. Bu göstərici Azərbaycan bölməsində 65,48, rus bölməsində isə 71,79 faiz təşkil edib. Beləliklə, ödənişli təhsil forması üzrə aparılan tələbə qəbulu dövlət sifarişi əsasında aparılan tələbə qəbulundan sayca 2,19 dəfə çoxdur.

Xatırladaq ki, Nazirlər Kabinetinin sonuncu qərarından sonra Azərbaycanın ali təhsil müəssisələrində illik təhsilhaqqının ən aşağı həddi 900, ən yuxarı hədd isə 4500 manat səviyyəsində müəyyən edilib. Ən yüksək təhsilhaqqına görə seçilən ali məktəblər arasında Qafqaz Universiteti də var. Belə ki, 2011/2012-ci il tədris ili üçün bu özəl universitetin Beynəlxalq münasibətlər fakültəsində illik təhsil haqqı 4500 manat məbləğində müəyyən edilib. Halbuki ötən il həmin fakültədə illik təhsilhaqqı 4000 manat olub.

Təhsil Nazirliyində isə deyirlər ki, ali məktəblərdə illik ödənişlərin məbləğinin artırılması əsasən, dövlət sifarişi ixtisaslara aiddir. Nazirlikdə hesab edirlər ki, dövlət sifarişli ixtisaslar üzrə təhsil haqları ödənişli əsaslarla olan ixtisaslar üzrə təhsil haqqından az olmamalıdır. Bu səbəbdən də nazirlik hələ ilin əvvəlində dövlət sifarişli ixtisaslarda təhsilhaqqının məbləğinin mövcud təhsil xərclərinə uyğunlaşdırılması üçün Maliyyə və İqtisadi İnkişaf nazirlikləri ilə birgə məsləhətləşmələr aparıb. Bu məsləhətləşmələrdən dövlət sifarişi hesabına ali məktəblərə qəbul olunanların dövlət tərəfindən ödənilən təhsil xərcləri ilə bağlı hazırlanmış təkliflərə Nazirlər Kabinetinə təqdim olunub. Nazirlər Kabineti isə öz növbəsində dövlət ali məktəblərində, eləcə də özəl universitetlərin dövlət sifarişləri üzrə ixtisaslarında illik ödənişlərin artırılması barədə qərar qəbul edib.

Təhsil haqqını kim müəyyən etməlidir?

Ekspertlər isə təhsil haqlarının bu şəkildə qaldırılmasının qüsurlu olduğu qənaətindədirlər. Çünki hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə görə dövlət ödənişli təhsil sistemində illik ödənişlərin məbləğləri Tarif Şurasının qərarı ilə müəyyənləşməlidir. Belə ki, “Tənzimlənən qiymətlər haqqında” qanunun 2.1.4-cü maddəsinə əsasən, tənzimlənən qiymətlərin səviyyəsini müvafiq icra hakimiyyəti orqanı müəyyən etməlidir. Bu qanunun 5-ci maddəsi qiymətlərin tənzimlənməsi sahəsində dövlətin vəzifələrini müəyyənləşdirir və həmin maddənin 3-cü bəndində qeyd olunur ki, tənzimlənən qiymətlərin təsdiqi, tətbiqi və dəyişdirilməsi bilavasitə dövlətin vəzifəsidir.

Ölkə başçısının 26 dekabr 2005-ci il tarixli fərmanı ilə təsdiqlənmiş Tarif (qiymət) Şurası haqda Əsasnamənin 2.1.1-ci maddəsində isə göstərilir ki, tənzimlənən qiymətlər üzrə tənzimləməni bu şura həyata keçirməlidir. Nəhayət, Nazirlər Kabinetinin “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı haqqında” 28 sentyabr 2005-ci il tarixli, 178 saylı qərarında 39 növ məhsul (xidmət) müəyyən olunub. Həmin siyahının 15-ci sırasında qeyd olunur: “Dövlətə məxsus təhsil sahəsində xidmətlərə ali məktəblərin müxtəlif pillələrinə və orta təhsil bazasında orta ixtisas məktəblərinə tələbə qəbulu zamanı abituriyentlərdən sənədlərin götürülməsi, ali bakalavr, magistratura, ikinci təhsil pillələrində ödənişli əsaslarla kadr hazırlığı, orta ixtisas və peşə təhsili aiddir”.

Beləliklə, qüvvədə olan normativ-hüquqi aktlar göstərir ki, dövlətin pullu təhsil xidmətləri üzrə ödəniş haqlarını Tarif Şurası müəyyənləşdirməlidir. Amma şuranın 23 iyul 2004-cü ildən 31 iyul 2009-cu ilədək qəbul etdiyi 55 qərar arasında təhsil haqlarının müəyyən olunması ilə bağlı hər hansı sənəd yoxdur.

Maraqlıdır ki, Tarif Şurasında Nazirlər Kabinetinin ali məktəblərdə təhsilhaqqının qaldırılmasını nəzərdə tutan qərarına münasibət bildirmirlər. Şurada deyirlər ki, “Dövlət qulluğu haqqında” qanuna əsasən, yuxarı instansiyanın qərarlarına şərh verilmir.

Təhsilin keyfiyyəti də qaldırılmalıdır

Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov bildirir ki, təhsilhaqqının artırılmasında əsas məqsəd təhsilin səviyyəsinin qaldırılmasına nail olmaqdır. Onun sözlərin görə, universitetlər bu yolla özlərinin maddi-texniki bazasını, tədrisin keyfiyyətini yüksəltmək istəyir. Bu isə bazar iqtisadiyyatının qanunlarına zidd sayılmır.

Dövlət sifarişli ixtisaslar üzrə təhsil haqlarının qaldırılmasına gəlincə, İlham Pirməmmədov hesab edir ki, bunun da əsas məqsədi Azərbaycanda ali təhsilin maliyyələşməsini daha səmərəli mexanizmlərini işləyib hazırlamaqdır: “Ali təhsil müəssisələrində adambaşına hər tələbəyə düşən vəsaitlər bir-birindən fərqlənir. Biz istəyirik ki, bu fərqlər obyektiv olsun. Bizim məqsədimiz həm də ali təhsilə ayrılan vəsaitlərin təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəltməkdir”.

Nazirlik rəsmisi onu da bildirib ki, 2007-ci ildə Azərbaycanda 1 tələbəyə düşən dövlət xərci 1151 manat, 2008-ci ildə 1592 manat, 2009-cu ildə 2102 manat olub. Onun sözlərinə görə, hazırda ali təhsil alan tələbələrin yarıdan çoxu ödənişli əsaslarla oxuyur. Ancaq dövlət sifarişli ixtisaslar üzrə müəyyənləşdirilmiş mövcud qiymətlər həm ödənişli ixtisaslarda, həm də özəl universitetlərdəki təhsil haqlarından aşağıdır.

Eltac İsazadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2107

Oxşar yazılar