Əli Həsənovun xanımı: “Çox sevinirəm ki, ömrümü-günümü belə adamla bağlamışam” - SÖHBƏT
03 iyun 2011 18:28 (UTC +04:00)

Əli Həsənovun xanımı: “Çox sevinirəm ki, ömrümü-günümü belə adamla bağlamışam” - SÖHBƏT

İlləri əl-ələ verib gəlmişik...

Sona xanımla yaradıcılığı ilə bağlı müsahibə eləyəndə diqqətimi bir məqam çəkdi. Ömür-gün yoldaşından çox danışmaq istəmir, belə lazım gəlir, amma onun haqqında sözlər özündən asılı olmadan Sona xanımın dodaqlarından süzülüb axır. O bir neçə kəlmə “qəhrəmanım” dediyi şəxs haqqında elə məhəbbətlə ifadə olundu ki, bəlkə məhəbbət sözü o hissləri lazımınca izhar edə bilmir. Odur ki, “Yaxın adam” layihəsi üçün bu məqamı qaçırmaq olmaz düşünüb, ona bu təklifi etdim. Bir müddət sonra razılaşdı və dedi ki, bizim həyat yolumuz gənclərə həyat yolunda kömək edə biləcəksə, çox sevinərəm. Beləliklə, Sona Vəliyeva “Yaxın adam”da həyat yoldaşı, Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri, professor Əli Həsənov haqqında danışır. S.Vəliyeva Ə. Həsənovla 1989-cu ildə ailə qurub, iki övladları, bir nəvələri var. Bizim hər gün televiziya ekranlarından gördüyümüz, rəsmi açıqlamalarına öyrəşdiyimiz Əli Həsənovun o biri tərəflərini bizə həyat yoldaşı tanıdır...

Ömrümü-günümü bağladığım adam

Əli müəllim mənim uşaqlıq, gənclik dostum, çəpər qonşum, məndən iki sinif yuxarıda oxuyan məktəb yoldaşımdır. Uzun illər mənə münasibət bəsləyən, onu ürəyində saxlayan və nəhayət bildirən. Uzun illər cavabımı gözləyən, eşqinə sadiq qalan, mənim yozumumda illərin sınağından çıxan ideal insandır. Ona görə ideal ki, onunla hər ürək sözünü danışa bilirsən. O, adamla ki, istənilən mövzuda söhbət edə bilirsən. İstər ədəbiyyatdan, siyasətdən, tarixdən, istər ailə məsələlərindən, onun yaxınlarından, öz yaxınlarından kiçik bir incikliyini də müzakirə edib məsləhət ala bilirsənsə, deməli, o adam ideal adamdır. Sənə işıqlı yol göstərəndir. Çox sevinirəm ki, ömrümü-günümü belə adamla bağlamışam. Hər şeydən əvvəl ədalətli, demokratik adamdır. Ailədə, övladları ilə münasibətdə demokratik abı-hava yarada bilir. Uşaqları, yaxınları, mən düşündüklərimizi çəkinmədən ona deyə bilirik. Müəyyən bir məsələni müzakirə edib, hadisələri aydın məcraya yönəldə bilirik. Səhər bir söz dedi. Dedi ki, istəyirsən başqalarından yaxşı münasibət görəsən, fərqi yoxdur, o, böyükdür, kiçikdir, sən ona elə münasibət bəslə ki, o sənin qarşında yaxşı münasibətdə olmağa özünü borclu hesab etsin.

Sonbeşik ağsaqqal

O, çox şeydən kövrələ bilən adamdır, amma heç vaxt kövrəlməyini büruzə verməz. Heç Şuşada olmayıb, amma Şuşa haqqında mahnı onu kövrəldir. Büruzə verməməyə çalışır, kişi qüruru ilə torpağa məhəbbət arasında mübarizə gedir.
Bir də 22 illik ailə həyatımızda qızımızı köçürəndə onun səsinin titrəməsinin şahidi oldum. Qızına xeyir-dua verəndə.
Evindəkindən və cibindəkindən artıq səxavətlidir. Biri ondan kömək istəsin, düşünməz ki, arxada çörək pulu qaldı, ya yox, son qəpiyini verər. Həmişə deyir ki, mən əl tutdum əl tutana da Əli kömək olar. Birinə kömək edə bilməsə, ürəyində düyün qalır. Onun kimlərəsə etdiyi yaxşılıqları mən də başqalarından eşidirəm. Etdiyini dilə gətirməz. Lovğalıq bilər deməyi. Həmişə belə olub, lap az məvacibə kirayələrdə qaldığımız vaxtlardan. Mənim ondan öyrəndiyim yaxşı xüsusiyyətlərdən biri də budur. Həmişə səxavətli, ədalətli olmaq. Çox səbirlidir. Bəlkə siyasətçi olmağından irəli gəlir. Həmişə deyir ki, məsələlərə daha təmkinlə yanaş, onda daha aydın görəcəksən. Qaynanam deyir ki, o, uşaqlığından ağsaqqal idi. Evin bazarlığı, büdcəni təşkil etmək hamısı onun boynuna olub. Evin sonbeşiyi olub, amma onunla hesablaşıb, ona ağsaqqal kimi baxıblar. İndi də belədir. İşdən nə qədər yorğun gəlsə, bunu büruzə verməz. Süfrəmizin arxasını qonaq-qaralı, qohum-əqrəbalı görmək onun yorğunluğunu çıxardır.

Ürəyini məktəbli qıza açmadı

10-cu sinifdə oxuyan oğlan qonşu qıza vurulur. Bunu içində gizlədir və bir məktəbli qıza olan duyğularını açmır. Büruzə verir, amma yaxınlaşmır. Bu hərəkətin içində böyüklərə, kiçiklərə hörmət, yaşa xas olmayan təmkin, sevdiyinə münasibət, əxlaq gizlənir. Belə adamın sevgisi cavabsız ola bilməzdi. Sonra hərbi xidmətə getdi. Mən ali məktəbə daxil oldum. Ondan sonra ürəyini açdı mənə. Gəldi Universitetin tarix fakültəsinə daxil oldu. 2-ci kursdan ulu öndərin göstərişi ilə Moskvaya təhsilini davam etdirməyə göndərildi. Mən artıq universiteti başa vururdum, biz rəsmi nişanlandıq. Beş il nişanlı qaldıq. Münasibətlərimiz yeddi il çəkdi. Telefonla danışır, məktublaşırdıq. O, Moskvada təhsilini başa vurub gələndən sonra, 1989-cu ildə toyumuz oldu. Aspiranturaya daxil oldu, müdafiə etdi. Bütün bunlar hamısı artıq ölkədə qarışıqlığın başlaması ilə müşahidə olunurdu. Toyumuz da çox xudmani, sadə, könül dostlarımız, yaxınlarımızla birgə keçdi.

Mən emosional, o səbirli

Gənc mütəxəssis kimi bizə ev verdilər, iki otaqlı. Sonra da ilkimiz - qızımız dünyaya gəldi. İndi ali təhsil alıb, ailə qurub, artıq nəvəmiz də var.
Kim desə ki, ailəmdə konflikt olmayıb, inanmayın. Bu iki halda ola bilər, ya o ailədə hər iki tərəf bir-birinə çox biganədir , ya da sadəcə olanı gizlədirlər. Hər şeydə səmimi olmaq lazımdır. Mümkün deyil ki, ailədə konflikt olmasın. Mən emosional adamam. Hadisələrə tez reaksiya verirəm. Çox sevinirəm ki, ailə qurduğum adam səbirli və təmkinli olduğundan məsələləri kəskin şəkildə səbirlə həll etməyi qoyurdu. Çox çətinliklərimiz olub, az məvacib, darısqal mənzil. Çox şeyləri yola vermişik, bir az o, ötüşdürüb, bir az mən. Əsas məsələ odur ki, konfliktləri böyütməyəsən. Kiçik məsələləri böyütmək lazım deyil. Adi məişət konfliktləri hər ailədə olur. Tanrı böyük konfliktlərdən qorusun. Mən tələbəlik görmüş, müstəqil yaşamış bir adamla ailə qurduğum üçün səliqə-sahmanla bağlı sözümüz düşmürdü. Çox səliqəli adamdır. Əşyalarını hara gəldi atmağı, evin səliqəsini pozmağı yox idi. Yeganə problem dar mənzildə onun işləməsi olurdu. Yazı-pozusuna uşaqların səs-küyü mane olurdu. Onları sakit elə, deyirdi. Az tapmışıq, az yemişik, çox tapmışıq çox yemişik. Evimizdə uzun müddət ətin olmaması indi mənim üçün xoş xatirələrdir. Nəyinsə olmaması ucbatından problemimiz olmayıb. Ailə quranda mənə dedi ki, bizim münasibətlərimiz sınaqlardan keçib, amma ailə-məişət tamam başqadır. Birdən qonşu öz xanımına qızıl, qiymətli hədiyyə edər, onu məndən tələb edərsən. Filankəs filan şey aldı sözünü səndən eşitməyim. Dedim heç vaxt bunu məndən eşitməzsən. Bu sözlər əxlaqlı, mənən zəngin, maddi cəhətdən az dolanışıqlı gənc ailə başçısının dilindən çıxanlardır. Çox tərbiyəvi bir nümunədir. Bu gün gənclər ailə quranda nədən xoşlanmadıqlarını tərəf müqabilinə desə, sonrakı konfliktlərdən qaçmaq olar. Mən heç vaxt onu maddiyyat üstündə sıxmamışam. Bunu özümə aşağılıq hesab etmişəm.
Bunların hamısı da onun ailədə qoyduğu qayda-qanunla bağlıdır.

Babaya oxşamayan istiqanlı baba

Onun Prezident Aparatına işə getməsi ilə qızımızın birinci sinfə getməsi eyni ildə oldu. Qayğıları öz üzərimə götürdüm. Atası dedi ki, qızı musiqi ilə, dərslərlə yükləyərsən, birdən çatdırmaz. Dedim qorxma, o, sənin qızındır, çatdırar. Uşaqlarla özüm məşğul oldum ki, onun işi ağırdır, evdə də yüklənməsin. Bəzən uşaqların neçənci sinifdə oxuduğun unudurdu. Uşaqlar da maşallah, götürümlü idilər, məni heç incitmədilər.
Əli müəllimin qızına xüsusi münasibəti var. Qaynanam sağ-salamatdır, qızımız onun adını daşıyır. İndiyə qədər qızın boyunu oxşayır. O, qapıdan girəndə “anam gəldi” deyir. Heç vaxt övladlarımıza səsinin tonunu qaldırmayıb. Bəzən mən onların hansısa dərsi mənimsəyə bilmədiklərindən əsəbiləşəndə o, çağırırdı uşağı, “burda nə var ki, öyrənəcək mənim balam” deməsi ilə vəziyyəti sahmana salırdı. Yaxşı da nəticə əldə edirdi.
Uşaqlarımızın ailə üçün seçim etmələri də onun nə vaxtsa qoyduğu özülün sayəsində düzgün oldu. Uşaqlar hələ orta məktəbdə oxuyanda bir gün söhbət əsnasında dedi ki, sizi and verirəm Allaha elə seçim edin ki, mən tanıdığım olsun, arxayın olum. Qızıma deyəndə ki, münasibətlər illərin sınağından keçməlidir, tələsmə. Dedi ki, ana, arxayın ol, mən kimi sevsəm, onu atamla yanaşı qoyacam, atama yaraşsa mənə də yaraşacaq. Allah ürəyinə görə verdi, qızımız öz dostlarımızdan birinin övladına könül verdi. Atası da arxayınlaşdı ki, ən yaxın dostunun oğlu, gözümüz önündə böyüyən bir oğlan qızımızın könlünə sahib oldu. Atasına bax, qızını ver, anasına bax qızını al. İllərin sınağından keçmiş məsəldir.
Əli müəllim baba kimi çox maraqlıdır, heç babaya oxşamır. Çox istiqanlı babadır. Deyir ki, deyirdilər adam nəvəni övladlarından çox istəyir, inanmazdım. Bu onun nəvəsini sevgi etirafıdır. Nəvəsi də şirin baladır. Dədə deyib elə yüyürür ki, babasının qucağına, onun qarşısında kim əriməz.

Ailəlikcə uşaq kimi sevinməyi bacarırıq.

Uşaqlara bir təzə paltar alsaq hökmən geyindirib, ailəlikcə baxıb mübarəkbadlıq etməliyik. Əli müəllim yalan olmasın bir beş dəqiqə “bəh-bəh” deyir, istər mənə, istər uşaqların geyindiyi paltara. Deyir ki, bu paltar heç kimə belə yaraşmazdı, sənə yaraşdı. Sevinci yaşadır. Yadıma bir məqam düşdü. İlk dəfə Əli müəllim əlində mənzil orderi qapıdan içəri girəndə mən oturub yerə ağladım. Sonradan anladım ki, bu sevincin ən son nöqtəsi imiş, o cür yaşamışam.

İlk oxucum, ilk redaktorum

Mən bir qəzetçi kimi Əli müəllimdən çox öyrənmişəm. “Kaspi”də nə isə yanlış olsa səhər qəzetə birinci baxan Əli müəllim ilk mənim dərsimi verir. Onun 50 illik yubileyində qəzetdə şeirlərimi və arasında onun 50 illiyinə həsr etdiyim şeiri verdim. Oxumuşdu, mənə də bircə kəlmə ilə eyham vurdu: “Mənə də şeir yazmısan...” Çox gözəl redaktordu, mənim ilk oxucumdur. Hərdən düzəliş etməyinə icazə vermirəm, deyirəm ki, bu sənə siyasət deyil, şeirdi.

“Qaraqilə” şeirini ilk dəf ona oxuyanda çıxıb bayırda siqaret yandırdı.

Bu da qəhrəmanımın 50 illiyinə həsr etdiyim şeir:

Durmusan əllinin astanasında
Hələ qarşımızda bir ömür durur.
İlləri əl-ələ verib gəlmişik,
Əlini əlimdən çəkmə noolur.

Beş dənə onluğun sadə misalın
Əzaba, zəhmətə bölünməyi var.
Vətəndaş ömründən alim ömrünə
Hesaba gəlməyən qayğılar durar.

Bir ailə ömrünün ötən anları,
Yarı kitabxana, yarı yollarda.
Dünyanın çalışqan tələbəsi sən,
Nigaran qadını mən idim onda.

Soyuğu, istisi uzaq ellərin
Əlimə, üzümə gəlib çatardı.
Bir evin, ocağın əziz tikəsi,
Sən gələn zamana, vaxta qalardı.

Biz varlı deyildik, qibtə yeriydik,
Dövlətli qonşuya, pullu dostlara.
Bu evdə heç nəyin olmayan vaxtı,
Sevgi bəxş edərdik pay umanlara.

Nə deyim, hərdən də küsdüm, incidim,
Üzünə gəlmədim, qəlbə yük olar.
Bəzən qayğılara bələnən ömrün
İtmiş ayı, günü bizi haraylar.

Bəzən də içimdən asılan giley
Ünvana yetişməz havada qalar.
Birtəhər yaşadım indiyə qədər,
Sənə bundan sonra ehtiyacım var.

Sən bildin, mən bildim, bir də dörd divar,
Olub-olmayanı kimsə bilmədi.
Yarıya böldüyün popirosların
Kül yeri, köz yeri ürəyimdədi.

Neyniyim izahı yoxdur bu sirrin,
Haqq yazan, bəxt yazan sevgi payımsan.
Bəzən uşaqların ən ərköyünü,
Ən əziz, ən sözə baxmayanısan.

Durmusan əllinin astanasında
Hələ qarşımızda bir ömür durur.
İlləri əl-ələ verib gəlmişik,
Əlini əlimdən çəkmə, noolur.


Ramilə Qurbanlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5046

Oxşar yazılar