TEDxBakı – “Bölüşməyə layiq dəyərlər”
07 mart 2011 14:32 (UTC +04:00)

TEDxBakı – “Bölüşməyə layiq dəyərlər”

Açığı neçə ildir, özümü əyalətdən, qəribə yerlərdən, küçə hadisələrindən reportajlara qapdırmışam. Baş redaktor zəng eləyib, “TED çox maraqlı bir konfrans keçirir. Mühazirəçilərin demək olar ki, hamısı qadındır. Səni də qonaq kimi dəvət ediblər. Tədbirlərdən yazı yazmaq həvəsin yoxdu, bilirəm, amma məndən olsa, iştirak elə, həm də konfransdan bir reportaj yaz” deyəndə, axırıncı dəfə hansı tədbirdə, konfransda iştirak elədiyim yadımdan çıxdığını xatırladım. Yarıkönül razılaşdım.


Səhər ertədən oyanmaq məcburiyyətində qalacağıma görə donquldansam da, sabah tezdən oyanıb, deyinə-deyinə geyindim. Tədbirin İçəri şəhərdə keçirilməsi işimi bir az asanlaşdırdı, evdən çıxandan 20 dəqiqə sonra artıq “ART Garden”də idim.


İçəri keçən kimi konfransda yüzdən çox adamın olduğunu, ortalıqda iştirakçıların, təşkilatçıların, inzibati işçilərin qaynaşdığını görəndə əvvəlcə hürksəm də, özümü tez ələ aldım. Mühazirəçilərdən biri olan təsisçimiz Vüsalə Mahirqızının yanında özümə yer elədim və konfransın mahiyyəti barədə bir-iki kəlmə öyrənmək istədim. Praktik təfəkkürü ilə mənə TED barədə bir-iki kəlmə deyən həmkar və təsisçimiz əlüstü əlavə elədi ki, bu tədbirdə işin daha çox idealist-romantik tərəfləri qabardılır. O isə tədbirə böyük media holdinqin rəhbəri kimi dəvət olunub və onun işinin romantik tərəfi demək olar ki, yoxdur. Hazırcavablıq elədim:

- Elə çıxışınızda da bunu vurğulayarsız…həm də niyə idealist tərəfi olmasın işinizin? Bir az da idealist olun da.

Müdir gülümsədi və ilk mühazirəçi səhnəyə çıxdı.

İlk mühazirəçi kəlağayılardan danışdı. Bu arada hamı əlini atıb, hədiyə paketlərini açdı – psixologiya elmləri namizədi Rəna İbrahimbəyova kəlağayıların naxışlarını, incəliklərini izah etdiyi ərəfədə tədbirdəki bütün qadınlar kəlağayılara büründülər. Mən hətta bir neçə kişi xeylağının da kəlağayını şərf sayaq boynuna doladığını gördüm. Kəlağayı – sevdiyim aksesuardı, mühazirəçi çıxışını bitirmədən mənə düşən kəlağayının rəngini görməkdən ötrü tələsdim, hətta vaxt tapıb fikirləşdim ki, rəngi xoşuma gəlməsə də, Vüsalə xanımın kəlağayısı ilə dəyişərəm.


Rəna xanım kəlağayı ilə bağlı ayinlərdən birini icra edə-edə, «ölüm və həyat, qadın və kişi, xeyir və şər, gecə və gündüz» sadalaya-sadalaya kəlağayını büküb, bunun bir kitab olduğunu dedi və çıxışını qurtardı.

Sonra şərqşünas alim Könül Bünyadzadə Şərqlə Qərbi üz-üzə qoyub, üstünlüyü bilmərrə Şərqə verdi ki, bu da yerimizdə qurcuxub, dodaqaltı deyinməyimizə səbəb oldu.

İREX Azərbaycanın ölkə koordinatoru Sara Hennessi perspektivlərdən danışdı, amma mənim yadımda daha çox, onun öz ölkəsinin yeməkləri üçün darıxdığını deməyi qaldı.

Vüsalə xanımın çıxışı isə özü dediyi kimi, nəzəriyyədən və romantizmdən uzaq, daha çox özünün qısa tarixçəsinə həsr olundu. O, APA-nın necə qurmasından və iş prinsiplərindən danışdı.

TED-in Azərbaycan koordinatoru İdris Heydərlinin şux təqdimatıyla daha Fərqanə Qasımova muğam, Tahir Əmirsalanov milli mətbəx, sənətşünas Xədicə Əsədova milli xalçalar barədə bildiklərini, düşündüklərini bölüşdülər. Təbrizli qonaq, fotoqraf Cəlal Şəms Azəran isə Təbriz küçələrindən, vətəninin müxtəlif yerlərindən çəkdiyi fotoları öz şeirlərinin müşayiəti ilə təqdim etməyi ilə yadda qaldı. Son məruzəçi, biologiya elmləri namizədi Sevda Vəzirova isə viruslardan, xüsusilə bəşəriyyətin ən qorxulu bəlalarından olan və bizdən də yan keçməyən Hepatit C-dən danışdı.
İncəsənət nümayəndələri həmişəki kimi spontan qərarları ilə seçilirdilər. Belə ki, məruzəçilərdən biri olan Brilliant Dadaşova tədbirə təşrif buyurmamış, öz əvəzinə üzrxahlığını göndərmişdi.


Tədbirdə ən maraqlı nüanslardan biri Hindistan polislərindən olan bir xanımın nitqinin yer aldığı videorolik oldu. Hindistan kimi mühafizəkar, qadınlara üstdən aşağı baxılan bir ölkədə ali təhsil almış, hind qadını üçün qeyri-ad bir işlə – polisliklə məşğul olmuş və öz ölkəsində polis və həbsxana nəzarətçisi anlayışını dəyişmiş bu qadının danışdıqları doğrudan da bölüşməyə layiq şeylər idi.


Tədbir lotoreya oyunu ilə bitdi. Hələ tədbirin əvvəlində, bütün iştirakçılar kimi mən də bilet çəkəndə zarafatla yanımdakılara «mən sevgidə həmişə uduzuram, məntiqlə lotereyada mütləq udmalıyam» deyəndə, uduşlu kuponun mənə düşəcəyi ağlıma gəlməzdi. Hətta yarızarafat, yarıciddi kupon çəkməyə bir könüllünün lazım olduğunu deyəndə əlimi qaldırmışdım. Naqolaylıqdan uduşu özümə çıxartdım.


O ki qaldı, tədbirdən məndə qalan təəssürata…söhbət bölüşməyə layiq dəyərlərdən gedirsə, bu, həmin gün bizə bir daha təqdim olunanlardan – boyunlarımızdakı naxışlı kəlağayılardan da, xalçalardan, mətbəxdən, muğamdan, sağlamlıqdan da daha çox, təbii ki, insan nəfəsi, insan ünsiyyəti, insan sevgisidir. Bu olmayanda nə kəlağayının rəngi olur, nə xalçanın istisi, nə musiqinin ruhu, nə sağlamlığın dadı, nə də mətbəxin tamı…

Günel
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar