“Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda konfrans başladı
02 mart 2011 11:00 (UTC +04:00)

“Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda konfrans başladı

Lent.az-ın məlumatına görə, konfrans Beynəlxalq Jurnalistlər Federasiyasının, Beynəlxalq Avrasiya Mətbuat Fondunun, Demokratik Jurnalistlər Liqasının, Jurnalistlərin Həmkarlar İttifaqının və “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsindən ibarət olan “Söz azadlığı və Peşəkarlığı Koalisiyası” tərəfindən təşkil olunub. “Etik jurnalist təşəbbüsləri - Azərbaycan” layihəsi çərçivəsində keçirilən konfransın maliyyə yardımçısı Avropa ittifaqının Azərbaycan nümayəndəliyidir.

İki gün davam edəcək konfransda xarici və yerli ekspertlər, kütləvi informasiya vasitələri rəhbərləri, jurnalist təşkilatları nümayəndələri, dövlət rəsmiləri və ictimai-siyasi xadimlər iştirak edir.

Tədbiri giriş sözü ilə Jurnalistlərin Həmkarlar İttifaqının sədri, “Etik jurnalist təşəbbüsləri - Azərbaycan” layihəsinin koordinatoru Müşfiq Ələsgərli açıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında ilk olaraq vəfat edən jurnalistlərdən Salatın Əsgərovanın, Çingiz Mustafayevin, Elmar Hüseynovun adını çəkib. Eyni zamanda bu gün Elmar Hüseynovun qətlinin ildönümü olduğunu xatırladıb. O, tezliklə Elmar Hüseynovun qətlinin üstünün açılacağına və cinayətkarların cəzalandırılacağına əmin olduğunu deyib.

Jurnalistlər Federasiyası katibinin müavini Oliver Money-Kyrle çıxışında Azərbaycan mediasının vəziyyətinə toxunub: “Azərbaycanda media çox bölünüb. Burada hökumət və müxalifət mediaları arasında bölünmə görünür. Azərbaycanda media peşəkar deyil, daha çox siyasiləşib”.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyevin sözlərinə görə, bu gün Azərbaycanda plüralist medianın formalaşması cəmiyyət, dövlət tərəfindən təsdiqlənmiş əsas prinsipdir. Bu istiqamətdə ardıcıl addımlar atılır.
Ə. Mehdiyev 1998-ci ildə Azərbaycanda senzuranın ləğvini KİV-in azad fəaliyyət göstərməsi yönündə müsbət bir addım kimi qiymətləndirib. O bildirib ki, Azərbaycanda 4300-dən artıq KİV, 50-dən artıq informasiya agentliyi qeydiyyatdan keçib: “Təbii ki, kəmiyyət artımı keyfiyyətdən xəbər vermir. Ancaq kəmiyyət artımı müəyyən vaxt ərzində keyfiyyətə keçir. Düzdür, qeydiyyatdan keçən KİV-in hamısı fəaliyyət göstərmir. Fəaliyyət göstərməməsinin də bir sıra səbəbləri var ki, bu barədə çox danışılıb. Onların sırasında əsasən mətbuatın maddi-texniki bazasının zəifliyini, peşəkar kadrların azlığını göstərmək olar. Amma bütövlükdə medianın işini müsbət qiymətləndirmək olar”.

Ə. Mehdiyev bu gün cəmiyyətdə azad sözə ehtiyac olduğunu da qeyd edib: “Azad sözə gələcəkdə də ehtiyac olacaq. Ancaq azad söz də vicdanlı, obyektiv olmalıdır. Bu baxımdan medianın da üzərinə böyük məsuliyyət düşür”.

Beynəlxalq konfrans çıxışlarla davam edir.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 503

Oxşar yazılar