Azərbaycanda yeni reyestr yaradılır
21 fevral 2011 18:59 (UTC +04:00)

Azərbaycanda yeni reyestr yaradılır

2011-ci ilin may ayının 1-dən Azərbaycanda yeni reyestr fəaliyyətə başlayacaq. Lent.az-ın məlumatına görə, ölkə prezidentinin 2011-ci il 15 fevral tarixli sərəncamı ilə Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə (Reyestr) dair Əsasnamə təsdiq olunub və onun aparılması Ədliyyə Nazirliyinə həvalə edilib.

Ədliyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Faiq Qurbanovun Lent.az-a verdiyi məlumata görə, yeni yaradılacaq qurum sahibkarlıq subyektlərində yoxlamaların (müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların) nizamlı şəkildə həyata keçirilməsinə xidmət edəcək. Onun sözlərinə görə, bu qurumdan qeydiyyatdan keçmədən və çıxarış olmadan hər hansı hüquqi və fiziki şəxsdə yoxlama aparmaq mümkün olmayacaq: “Əgər hər hansı qurum sahibkarlıq subyektində yoxlama aparacaqsa, həmin sahibkar Reyestrdən çıxarışı tələb edə biləcək. Həmçinin yeni yaradılacaq qurumda yoxlamalar zamanı atılmış birinci addımdan sonuncu addımadək qeydiyyata alınacaq və bütün məlumatlar internetdə yerləşdiriləcək. Bu isə istənilən vaxt yoxlamanın vəziyyəti ilə bağlı ətraflı məlumat almağa imkan yaradacaq”.

F.Qurbanov həmçinin bildirdi ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestri həm də korrupsiyaya qarşı mübarizə işində effektli vasitə olacaq. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin tərkibində formalaşdırılacaq sahibkarlıq subyektlərinin işinə maneə olan səbəblərin aradan qaldırılmasına xidmət edəcək: “Həmçinin hər növbəti il üzrə yoxlamaların keçirilməsi barədə illik yoxlama planı yoxlayıcı orqanın (hər hansı yoxlayıcı təşkilat) rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən imzalanmış məktubla hər ilin 1 noyabr tarixindən gec olmayaraq Ədliyyə Nazirliyinə təqdim ediləcək. Öz növbəsində isə Reyestr hər 3 ayda bir dəfə görülən işlər barəsində ölkə başçısına və Nazirlər Kabinetinə hesabat verməlidir”.

Qeyd edək ki, yeni yaradılacaq Reyestrdə sərhəd buraxılış məntəqələri, dəniz limanları, hava limanları və dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar qeydiyyata alınmayacaq.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 683

Oxşar yazılar