Gürcüstan azərbaycanlılarının qorxulu statistikası
04 noyabr 2009 18:00 (UTC +04:00)

Gürcüstan azərbaycanlılarının qorxulu statistikası

Soydaşlarımızın problemləri müzakirə olundu


Bu gün Qafqaz Araşdırmalar Mərkəzi Gürcüstanda yaşayan azərbaycanlıların miqrasiya problemləri ilə bağlı dəyirmi masa keçirib.


Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Kamran Ramazanlı deyib ki, Gürcüstan rəsmiləri soydaşlarımızın gürcü dili bilmədikləri üçün dövlət qurumlarında işləmədiklərini, bu səbəbdən də miqrasiya prosesinin yaşandığını söyləyirlər.


Bu iddiaları əsaslı saymayan Kamran Ramazanlı deyib ki, hökumət əslində azərbaycanlıların təhsil almasında, gürcü dilini öyrənməsində maraqlı deyil, gürcü dilini bilən azərbaycanlılar da işlə təmin olunmurlar. Qamsaxurdiya dövründən bu günə qədər Gürcüstan hökumətinin apardığı siyasət soydaşlarımızın öz dədə-baba torpaqlarını tərk etmələrini şərtləndirib. O, maraqlı statistikanı da açıqlayıb.


Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri nəzərə çatdırıb ki, 1989-cu ildə Gürcüstanda 183 Azərbaycan məktəbi, bu məktəblərdə 6922 müəllim, 49 805 şagird olub. 1999-cu ildə məktəblərin sayı 167-ə enib, 4481 müəllim dərs deyib, 5 908 şagird bu təhsil ocaqlarında oxuyub. 2009-cu ildə məktəblərin sayı 124-ə enib, məktəblərdə 3492 müəllim qalıb, oxuyan şagirdlərin sayı 27 442-yə düşüb.

O, idarəetmə strukturlarda çalışan azərbaycanlıların sayını da açıqlayıb. Bu gün azərbaycanlıların sıx məskunlaşdıqları Kvemo-Kartlidə qubernatorun 1 müavini azərbaycanlıdır, 2 texniki işçi var. Rəsmi statistikaya görə, Bolnisi rayonunda əhalinin 70 faizi azərbaycanlıdır, icra başçısının müavinlərindən yalnız 1-i azərbaycanlıdır. Bu rayondakı bələdiyyələrin isə yalnız 9 azərbaycanlı üzvü var. Prokurorluq və polis orqanlarında azərbaycanlı yoxdur.

Əhalisinin mütləq əksəriyyəti azərbaycanlı olan Marneuli rayonunda da vəziyyət fərqli deyil. İcra hakimiyyətində cəmi 5 azərbaycanlı var. Onlardan 1-i müavin, digərləri texniki işçidir. Qardabani və Dumanisi rayonlarında da oxşar vəziyyətdir.


Kamran Ramazanlı qeyd edib ki, son dövrlər miqrasiya problemləri ilə bağlı soydaşlarımızın Azərbaycan parlamentinə, ziyalılara, QHT-lərə müraciətləri çoxalıb. Gürcüstan-Rusiya münasibətlərinin pisləşməsi, Ermənistanla münasibətlərdəki sərinlik səbəbindən bu ölkədə yaşayan azərbaycanlılar işləmək, çörək pulu qazanmaq üçün Azərbaycan və Türkiyəyə üz tuturlar. Ancaq Azərbaycanda işləmək istəyən soydaşımız bunun üçün 1000 manat ödəməlidir. Digər tərəfdən, qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda 30 min insan var ki, bu ailələrdə ya ər, ya da arvad Gürcüstan vətəndaşıdır. Miqrasiya qanunvericiliyi o insanların vətəndaşlıq almalarını da çətinləşdirib.

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev Qamsaxurdiya dönəmində azərbaycanlıların bir qisminin Gürcüstandan qovulduğunu, hətta doğum üçün xəstəxanaya gedən azərbaycanlı qadının belə qəbul edilmədiyini bildirib. O deyib ki, sonralar Azərbaycana gəlmiş 700-ə qədər soydaşımız qaçqın statusu almaq üçün müraciət edib. Ancaq Gürcüstanla strateji dostluq münasibətləri əsas gətirilərək onlara vətəndaşlıq verilməyib.


Əlövsət Əliyev hesab edir ki, Azərbaycanın bu vaxta qədər Gürcüstana etdiyi güzəştlər açıqlanmalı və gürcü hökumətindən soydaşlarımıza həssas yanaşma tələb olunmalıdır: “Azərbaycanlılara Gürcüstanda gürcü dilini öyrətmək istəmirlər. Azərbaycan hökuməti gürcü dili müəllimlərinə əlavə kompensasiya ayırmalıdır”.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev bu gün Gürcüstanda 10-a qədər Azərbaycan kəndinin artıq tam boşaldığını söyləyib: “Nə zavod, nə fabrik var. Torpağı da dağıdıblar, azərbaycanlılarda çox az torpaq var. İnsanlarımız işləmək üçün Azərbaycana, Türkiyəyə, Rusiyaya gedirlər. Rusiyaya da qanunsuz yollarla gedirlər, onları tutanda dərhal deportasiya edirlər. Marneulidə 1 konserv zavodu açdılar, 83 işçidən yalnız 3-ü azərbaycanlıdır, onlar da qarovulçudur. Dili bəhanə gətirirlər. Ancaq Cavaxetiyada idarəetmə strukturlarında, prokurorluq və polisdə çalışan yalnız ermənilərdir. Guya onlar gürcü dilini bilirlərmi? Həm də Gürcüstanda kifayət qədər gürcü dilini bilən soydaşlarımız var, onlar da işsizdirlər ”.

O nəzərə çatdırdı ki, bu gün sel olub, Loqadexidə kəndlərimiz su altındadır, gürcü hökuməti isə 1 manat ayırmır.

Miqrasiya Xidmətində Miqrasiya nəzarət şöbəsinin müdiri Elman Əliyev qaldırılan məsələlərə münasibət bildirib. O deyib ki, miqrasiya prosesi ölkə qanunvericiliyinə uyğun həyata keçirilir: “1000 manat məsələsi düzgün təqdim olunmadı. 1000 manatı Gürcüstanlı soydaşımız yox, onun işlədiyi müəssisə, fiziki şəxs dövlət rüsumu kimi ödəməlidir. Əgər bacarıqlı mütəxəssisdirsə, müəssisə həmin rüsumu o şəxs üçün dövlətə ödəyəcək”.

Elman Əliyev Miqrasiya Xidmətinin vətəndaşlıq vermədiyini də vurğulayıb: “Bu gün ölkədə yalnız Azərbaycan Prezidenti xarici ölkə vətəndaşına Azərbaycan vətəndaşlığı verə bilər. Miqrasiya Xidməti yalnız oturum, sonra 5 il yaşamaq hüququ verə bilər. Yəni birbaşa vətəndaşlıq verilməsi proseduru yoxdur”.

O, qaçqın statusu verilməsi üçün isə əsaslı səbəbin olmasını zəruri sayıb və Gürcüstanla bağlı belə bir səbəbin müraciət edən vətəndaşlar tərəfindən təqdim olunmadığını dilə gətirib. Elman Əliyev Miqrasiya Xidmətindən şikayətlərin kökündə isə azərbaycanlıların sənəd toplamaq işinə həvəssiz yanaşmalarını göstərib: “İnsan Azərbaycanda müvəqqəti yaşamaq istəyir, qeydiyyat üçün evin sənədini, orderini istəyirik. Deyir ki, Sulutəpədə ev tikmişəm, sənədi, orderi yoxdur. Deyirsən ki, qeydiyyata düşmək üçün ev tap, deyir ki, elə ev yoxdur. O halda Miqrasiya Xidməti nə etsin?”


Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 854

Oxşar yazılar