Rauf Arifoğlu:  “Telman İsmayılovda bir az görməmişlik və tərbiyəsizlik var...” - MÜSAHİBƏ
09 oktyabr 2009 17:00 (UTC +04:00)

Rauf Arifoğlu: “Telman İsmayılovda bir az görməmişlik və tərbiyəsizlik var...” - MÜSAHİBƏ

Onun şou-bizneslə əlaqəsi olmasa da, rəhbərlik etdiyi qəzetdə bu sahəyə aid səhifə var. Həmin səhifədə zaman-zaman müxtəlif xəbərlər yer alır, ancaq hər halda bu da qəzet rəhbərinin şou-bizneslə bağlı fikirlərini təsəvvür etməyə imkan vermir. “Röya hamilə halda konsert verib”, “Telman İsmayılov Cenifer Lopesi öz ad gününə gətirib” kimi xəbərlərə öz qəzetində yer ayırsa belə, nə biləsən ki, Rauf Arifoğlu şəxsən özü bu barədə nə düşünür? Doğrudan da maraqlıdır. Elə buna görə də Lent.az-ın “Ciddi-Ciddi” rubrikasına “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu danışır. Oxuyun, maraqlıdır...


- Şou-bizneslə nə qədər maraqlanırsınız?

- Bu sahəylə bir seyrçi, vətəndaş olaraq yaxından maraqlanmıram. Ancaq şou-biznesdən hansısa mənada rəhbərlik etdiyim qəzetin tirajını artırmaq üçün yararlanmağa çalışıram. Hərdən o sahənin tanınmış, tiraj qazanmış şəxslərinə aid xəbərlərin dərci üçün şərait yaradıram. Hər halda, bizim həftəlik planlaşdırma iclasında şou-biznes sahəsi özünə yer alıb.

- Şou-biznes müğənniləri Sizin rəhbəri olduğunuz qəzetə müsahibə, yaxud açıqlama, xəbər verməyə nə qədər maraqlı görünürlər?

- Əvvəlki vaxtla müqayisədə təkcə bizim qəzetə yox, ümumiyyətlə, bütün qəzetlərə müsahibə verməyə o qədər də maraqlı deyillər. Televiziyalar tamamilə onlara işlədiyindən görünmək, ifadə olunmaq problemləri yoxdur. Ona görə şou-biznesdəki şəxslər qəzetlərə o qədər də sıcaq baxmırlar, xüsusilə də bu, “Yeni Müsavat”a aiddir.

- Ancaq hər halda özünüzün də dediyiniz kimi, qəzetinizdə bu sahə ilə bağlı xəbərlər yer alır...

- Bəli. Bu sahə ilə bağlı xüsusi özəl məlumatlarımız az olur. Amma saytlar bizə çox böyük kömək edir. Çünki bizim oxucu kontingentinin təxminən 75-80%-i qəzetimizi internet vasitəsilə deyil, kağız variantını almağa üstünlük verirlər. Bu baxımdan, məsələn, bu gün saytlarda yayılan xəbərlərdən səhəri gün qəzetimizdə istifadə edirik.

- Bayaq müğənnilərin qəzetlərdən fərqli olaraq televiziyalarla münasibətinin daha yaxşı olduğunu dediniz. Ancaq məsələ burasındadır ki, televiziyaların tamaşaçı auditoriyasının geniş olmasıyla yanaşı, onların qəzetlərə nisbətən həm də daha çox “sözəbaxan” olması da rol oynaya bilər...

- Bəli, doğrudan da TV-lər şou-biznes sahəsinin adamlarını, türklər demişkən, çox şımartıblar, ərköyün ediblər. Efir məkanı əsas biznes siyasətini onların üzərində qurub. Bu baxımdan, onların qəzetlərə ehtiyacı yoxdur. Ancaq bir vaxtlar belə deyildi. Onlar qəzetlərə müsahibə verərək özlərinin həm də müəyyən mənada reklam olunmaq ehtiyaclarını ödəyirdilər. Həmin vaxt yazılı media ilə yaxın məsafədə işləyirdilər. İndi isə onlar yazılı KİV-lə aralarında bir neçə mərtəbəli məsafə yaradıblar. Bu da nəticə etibarilə ona gətirib çıxarıb ki, hətta nüfuzlu, hörmətli ictimai qəzetlərin müxbirlərinin onlara “çıxması” çox çətinləşib.
İndi televiziyaların şou-biznes əhliylə biznes əlaqələri var. Bu, əsasən müğənnilərlə maqazin xəbərlərinin yaradıcı heyəti arasında olur. Yəni, TV-lərin şou-biznes əhlinə göstərdiyi xidmət qeyri-rəsmi də olsa pulludur. Bizim isə elə imkanımız yoxdur ki, onları o qədər geniş təbliğ edək. Eyni zamanda, bizim kurallarımız və konseptual yanaşmamız imkan vermir ki, hansısa şou-biznes nümayəndəsindən pul alaraq onu təbliğ edək.

- TV-lərin məsələyə bu cür yanaşmasını normal saymırsız?

- Əlbəttə, bu vəziyyət anormaldır. O qədər anormaldır ki, hətta hakimiyyətin əsas ideoloqu hesab edilən şəxs də bəyan etdi ki, efir məkanındakı vəziyyət biabırçıdır.

- Müğənnilərin şəxsi həyatının mətbuatda işıqlandırılmasına necə yanaşırsınız?

- Bununla bağlı medianın dünya çapında müəyyənləşdirdiyi konkret normativlər, yanaşmalar var. Azərbaycan da bu normativləri qəbul edib. Məsələ ondadır ki, istənilən ictimai əhəmiyyəti olan şəxsin haqqındakı informasiyalar artıq onun özünün deyil. Ona görə də bir az dözümlü olmalıdır. Onlar qəbul etməlidir ki, sırf özlərinə aid şəxsi həyatları yoxdur, yaxud azacıq ehtiyatsızlıq ucbatından ictimaiyyətin malına çevrilə bilər. Bu baxımdan, mən təkcə müğənniləri deyil, tanınmış simaların hər birinin şəxsi həyatı ilə bağlı məlumatların mediaya çıxmasını, dərc olunmasını normal qarşılayıram. Əlbəttə, burada da müəyyən çərçivələr, etik qaydalar var.

- Rəhbərlik etdiyiniz redaksiyada müğənnilərlə bağlı hansısa məlumat olubmu ki, onu qəzet səhifəsinə verməyi məqsədəuyğun saymayasınız?

- Dəfələrlə olub, indi də var. Eləsi də olub ki, şəxsi həyatı ilə bağlı yol verilən qaydada məlumatı çap etmişik.

- Hansı müğənnilərlə bağlı məlumatları çap etmədiyinizi yəqin deməzsiniz...

- “Deməzsiniz” söyləmək doğru çıxmaz. Çünki onlar yadımda deyil. Yaddaşımda saxlamıram ki, hansı müğənni haqqında nə çap etmişik, nə çap etməmişik.

- Müğənnilərin çılpaq şəkillər çəkdirib sayt və jurnallarda yaymasına münasibətiniz necədir?

- Ümumiyyətlə, camaatın qarşısında soyunmaq tərbiyəsizlikdir, yolverilməz haldır. Xüsusilə bu çəkiliş gizli deyil, adamın öz təhriki, yaxud razılığı ilə çəkilirsə, bu, günahdır, tərbiyəsizlikdir.

- Müğənni Röyanın bu günlərdə hamilə halda konsert verməsindən xəbəriniz varmı?

- Xəbərim yoxdur.

- Sizcə, insanın hamilə vəziyyətdə konsert verməsi daha çox reklam olunmaq məqsədi güdür, yoxsa...

- Mən Röya xanımı bir mahnıdan tanıyıram. O mahnıdan ki, onu hələ gənc ikən dostlarımızın təşkilatçılığı ilə qəzetimizin bir sıra tədbirlərində oxuyub. Hətta “W-trio” qrupunda olanda da mən görürdüm ki, onların arasında ən istedadlısı Röyadır: səsi, oxumağı və s. xüsusiyyətləri ilə. Yəni, Röyanı bir sənətçi kimi bəyənirəm, gözəl səsi var, eyni zamanda savadlı müğənnidir. Ancaq mən onun başqa məsələləri ilə maraqlanmıram. Yəni, məsələn, haçan doğuş yapacaq, səhnəyə niyə belə çıxdı. Çünki maraq dairəmdə deyil.

- Maraq sahənizdə olmasa da belə, Röya hamilə vəziyyətdə konsert verir...

- Mən onu həmin vəziyyətdə görməmişəm. Ancaq görsəm də, baxmaram, kanalı dəyişərəm. Yəqin ehtiyacı var ki, konsert verir. Yəni, mən bunu maddiyyata bağlayıram. Ehtiyacı var ki, o vəziyyətdə səhnəyə çıxır. Yoxsa heç kim o halda səhnəyə çıxmaz.

- Axı o “Çudo Peçka” mağazalar şəbəkəsinin sahibinin oğlu ilə evlənib...

- Səhv etmirəmsə, onlar vərəsədən kənarlaşdırılıblar. Bəlkə də belə deyil, ancaq mənim üçün bunun başqa izahatı yoxdur

- Şəxsən Sizin özünüzün diqqətinizi çəkən şou-biznes təmsilçisi – istər yerli, istər Türkiyə, yaxud başqa ölkələrin müğənniləri – olubmu?

- Bayaqdan fikirləşirəm, Azərbaycan şou-biznesində diqqətimi çəkən elə bir fiqur yoxdur. Amma Türkiyə şou-biznesinə, maqazin xəbərlərinə hərdən baxanda diqqətimi çəkənlər olur. O qədər istedadlı şəkildə təqdim edirlər ki, baxmamaq da olmur. Bizdə isə belə təqdimat üçün potensial yoxdur. Ona görə də daha çox Türkiyə efir məkanındakı şou-biznes, incəsənət, musiqini izləməyi tərcih edirəm. Əgər disklərdən danışırıqsa, 90 faiz daha çox türk pop musiqisi və türk xalq musiqisinə üstünlük verirəm. Azərbaycanda isə aşıq və xalq musiqisini seçirəm.

- Türk müğənnilərindən daha çox kimləri bəyənirsiniz?

- Onları müğənni kimi yox, daha çox mahnılarını qiymətləndirirəm. Fərdi Tayfurdan Tutmuş Sibel Cana, Nilufərə qədər, Sərdar Ortaca qədər. Onların repertuarından ən seçilmişləri daha çox avtomobillə harasa gedərkən dinləməyi xoşlayıram.

- İnsan musiqi dinləyərkən müğənninin milliyyətinə fikir verməlidirmi?

- Vallah, bu çətin məsələdir. Erməni problemi olmasaydı, “yox” cavabını verərdim. Məsələn, mən fransız Patrisiya Kaası da dinləmişəm, rusları da. Əslində yaxşı musiqi hansı dildə səslənməsindən asılı olmayaraq, insanın beyninə, əsəblərinə yol tapır. Ancaq, məsələn, biləndə ki, bu mahnını erməni oxuyur, əvvəlcədən münasibət yaranır. Türkiyədə türklüyün əleyhinə olan bölücü müğənnilər var ki, aralarında çox yaxşı oxuyanlar da var. Məsələn, Ahmet Kayanın ifaları çox gözəldir. Ancaq mən özüm üçün bir qadağa qoymuşam ki, onu dinləməyim. Çünki onun Türkiyəyə, türk dünyasına münasibəti erməninin münasibətindən heç nə ilə fərqlənmir.

- Dünya ulduzlarından kimləri dinləyirsiniz?

- Hansısa dünya ulduzunun kaset və ya diskini alıb dinləməyim çox nadir hallarda olur. Məsələn, Rozenbaumun diskləri var. Hərdən onlara qulaq asıram. Sovet dövrünə təsadüf edən tələbəlik illərinin nostaljisini də yaşayıram.


- Məşhur milyarder Telman İsmayılov məşhur dünya ulduzu Cenifer Lopezi öz ad gününə gətirmişdi. Əgər Sizdə İsmayılovda olan maddi imkan olsaydı, necə hərəkət edərdiniz?

- Onların düşüncə tərzi mənim üçün yaddır. Ona görə də davranış və hərəkətləri haqqında bir şey deyə bilmirəm. Ancaq o imkanlar məndə olsaydı, əlbəttə, həmin istiqamətə bir sent də xərcləməzdim.
Ümumiyyətlə, mən dünya musiqi və ədəbiyyatını dərindən bilən azsaylı siyasətçilərdən biriyəm. Çünki mən 7 il musiqi təhsili almışam, özü də Avropa təhsili. İxtisasca skripka ifaçısıyam. Elə bir musiqi aləti yoxdur ki, mən onda ifa edə bilməyim – yalnız nəfəsli musiqi alətləri istisna olmaqla. Mən notu, dirijorluğu və s. bilirəm. Ancaq buna baxmayaraq, bayaq təsnifləşdirdiyim istiqamətləri tərcih edirəm. Bizim milyarderlərin Qərbin tanınmış şou-biznes ulduzlarını özlərilə dünyanın haralarınasa sürüməsini, onlara nə qədərsə yatırımlar xərcləməsini bir növ ağılsızlıq, özünü çox pis ifadə kimi qiymətləndirirəm. Hər halda, bu, mənim baxışımdır. Görünür, onların baxışı fərqlidir ki, fərqli də davranış nümayiş etdirirlər.

- Lent.az-ın “Ciddi-Ciddi” rubrikasına müsahibə verən Fazil Qəzənfəroğlu bu halları daha çox özünü göstərmək üçün edildiyini deyirdi. Düzdür, o Telman İsmayılov haqqında danışmamışdı. Ancaq sözlərindən belə çıxır ki, Telman İsmayılov Cenifer Lopezi ad gününə ona görə gətirmir ki, o daha yaxşı oxuyur, yaxud daha gözəl qadındı. Ona görə gətirir ki, hamı bilsin və ondan danışsın... Siz necə düşünürsüz?

- Mən bu fikirlə razıyam. Yəni, bu cür hərəkətlər bir az özünü ifadədir, bir az da göstərmədir. Ancaq əslində daha çox tərbiyə məsələsidir. Yəni, bununla görünür ki, bu insan necə tərbiyə olunub, hansı hiss və arzuların əhatəsində böyüyüb. Biz Rusiya biznes elitası ilə dünya biznes elitasının müqayisəsini aparsaq, görərik ki, tamamilə fərqli yanaşmalar var. Məsələn, Telman İsmayılov özü Azərbaycan əsilli və yəhudi kökənli olsa da, daha çox rus milyarderi kimi davranır. Onlarda bir az görməmişlik və tərbiyəsizlik var. Gözə girmək, şöhrətpərəstlik var. Məsələn, Corc Soros da daxil olmaqla digər Qərb milyarderləri tamamilə başqa cür davranırlar. Onlar həmin milyardlardan müxtəlif fondlar yaradır. Bununla dünyaya xeyirxah və hətta bədxah missiyalar daşıyırlar. Hər halda, ictimai-siyasi əhəmiyyəti olan missiyaların daşıyıcısına çevrilirlər. Ancaq rus elitası, yaxud bizim Rusiyada formalaşmış milyarderlərimiz tamamilə fərqlidir: eyş-işrət yığıncaqları, musiqili toplantılar, məşhurları gətirib oxutdurmaq, bunlarla gündəmə gəlmək, adlarını dünya ulduzlarının isimlərilə yanaşı çəkdirmək. Onlar bu işlərə üstünlük verirlər. Özü də tək Telman İsmayılov deyil, Rusiyada tərbiyə almış və bu ölkədə zəngin olmuş çeçen də, azərbaycanlı da, rus da, yəhudi də, başqa millətin nümayəndəsi də təxminən eyni cür davranır, eyni yaşam tərzi sürür.

Loru dildə desək, başqa yerlərdən xanəndə gətirməyə sərf elədikləri pulları toplasalar, Azərbaycanda xeyirxah missiyaya sərf edə bilərlər.

- Arabir hətta həmin bahalı müğənnilərin də getdiyi toylarımızla bağlı vəziyyəti Siz necə dəyərləndirirsiniz? O mənada ki, hətta indiki toyları bəyənməyən, tənqidi fikirlər söyləyən ziyalılarımız da övladlarına məhz o bəyənmədikləri toydan edir.

- Azərbaycan toylarının indiki vəziyyəti rəzalətdir. Toy bizim millətin çox mühüm bir elementidir, mühüm parçasıdır. Ancaq paytaxt toyları, hətta rayon toyları da elə bir vəziyyətə gəlib çıxıb ki, buna rəzalət sözündən başqa bir ad tapmaq qeyri-mümkündür. Mənim Türkiyədən gələn bir neçə dostum burada dostlarımın toyunda iştirak edib. Onlar ilk vaxtlar heyrətə gəlib şoka düşürdülər ki, bu qədər israfçılıq olarmı? Deyirdilər ki, yazıq günahdı, bu qədər neməti çölə atmaq olarmı? Masanın üzərinə o qədər şey yükləyirlər ki, onu yeməyin mümkün olmayacağını bəri başdan görmək olur. Bəzi hallarda da o qədər keyfiyyətsiz olur ki... Qiymətlər də sonsuza qədər artmaqda davam edir, fantastik dərəcəyə gəlib çatıb. Məsələn, bir insanın masası üçün qiymətlər “Monte Kristo” restoranında 100-120 manata qalxıb. Başqa restoranlar var ki, 60,70, 90 manatdır. Bu, çox dəhşətdir. Mən bu yaxınlarda İstanbul şəhərində MHP rəhbərlərindən birinin toyunda oldum. Orada Dövlət Bağçalı da daxil olmaqla bir sıra tanınmış simalar, siyasətçilər, millət vəkilləri, dövlət adamları da iştirak edirdi. Çox təntənəli, böyük bir auditoriyalı toy idi. Mən o toydan böyük ləzzət aldım. Çünki standart bir menyu idi, özü də yeməyi hər bir insanın qarşısına yeyə biləcəyi qədər və ona məxsus olan qabda gətirirdilər. Ümumi ortada ancaq su, çörək və salatlar var idi. Salatlar deyəndə bizim bildiyimiz salatlardan deyildi. Yalnız bir növ salat var idi. Ortada az qala dietik yeməklər idi. Heç bir israfçılığa-filan yol verilmir. Bildiyim qədərilə, Türkiyədəki toyların hamısı belə keçir. Çünki orada bir neçə toyda olmuşam. Ən məşhur, ən zəngin adamlar da hər qonağın qarşısına bir insan mədəsinin qəbul edə biləcəyi qədər yemək təklif edir. Azərbaycanda isə bu vəziyyət dəhşətdir, israfçılıqdır.
Baxmayaraq ki, bunu deyirəm, sabah qohum-qardaşım toy edəndə də mən bu israfçılığın qarşısını ala bilmirəm. Çünki bu, bir yarış ənənəsinə çevrilib sanki. Bu rəzalət ya bir qınaq, ya da hansısa analoji addımla durdurulmalıdır. Çünki bu, insanların həyatını pozur, həyatına təsir edir. Biz bunu ictimai əhəmiyyəti olan şəxslərlə, o cümlədən millət vəkillərilə aktiv şəkildə müzakirə etməkdəyik ki, pis halın, rəzalətin qarşısını necə ala bilərik. Mən bu vəziyyətdən çıxış yolunu ümumi inzibati qaydada, həm ictimai qınaq mexanizmlərini işə salmaqda görürəm. Allah eləsin ki, içi də biz qarışıq insanlarımız tez hərəkətə gəlsinlər bu vəziyyəti “tormozlamaq” imkanı yaransın.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 941

Oxşar yazılar