Hər gecənin öz hökmü var!
01 oktyabr 2009 17:30 (UTC +04:00)

Hər gecənin öz hökmü var!

Əziz oxucu, 13 ildən artıq mətbuatda çalışsam da, bu, mənim ilk köşə yazımdır. İndiyədək köşə yazmamağımın səbəbi əsasən informasiya agentliklərində işləməyim və iqtisadi mövzuda yazmağımla əlaqədar olub. Fikrimi dəyişməyimin səbəbi isə Tarif Şurasının dünənki qərarı ilə bağlıdır.

Metroda gediş haqqı qaldırıldı! Bu, şübhəsiz, günün mövzusudur və hələ bir neçə gün ictimaiyyətin daha çox müzakirə edəcəyi məsələ olaraq qalacaq.

Fikirləşməyin ki, sovet psixologiyası ilə düşünən insan kimi metroda gediş haqqının artırılmasına qarşı çıxıb, utopist kimi ucuzluq tərəfdarı kimi vaxtınızı almaq istəyirəm. Məni daha çox düşündürən Tarif Şurasının iş prinsipidir. Bu qurumun indiyədək qəbul etdiyi qərarların demək olar ki, hamısı ya gecələr qəbul olunur, ya da gündüz qəbul edilərək, gecələr açıqlanır. Çox maraqlı haldır - ya Tarif Şurası əhalinin gecə rahat yatmasının əleyhinədir, ya da Tarif Şurasının özünü yatmağa qoymurlar. İstənilən halda, Şuranın qərarları olduqca təsirlidir.

Başqa bir məsələ Tarif Şurasının qəbul etdiyi qərarların mahiyyəti ilə bağlıdır. Bu qurumun əksər hallarda qiymət artımı ilə qərar qəbul etməyə meylli olduğu hamıya məlumdur. Hafizəm məni aldatmırsa, azalma yalnız bəzi rabitə tarifləri ilə bağlı olub. Digər tərəfdən, qiymət və tarif artımı Azərbaycanda nədənsə faizlə deyil, dəfələrlə ölçülür. Bu da tam başa düşülən deyil - ya Tarif Şurası əvvəlki illərin əvəzini çıxır və problemi bir dəfəyə, “optom” həll etmək istəyir, ya da Şura hər hansı qəliz riyazi hesablama düsturuna malikdir ki, bizlərin bundan xəbəri yoxdur. Xatırlayırsınızsa, iki il öncə də Tarif Şurası elektrik enerjisinin qiymətini əhali üçün birdən-birə üç dəfə qaldırdı. Bu dəfə isə metroda gediş haqqı üç dəfə bahalaşdırıldı.

Az qala Bakı Metropoliteninin rəhbərliyini təbrik etmək yadımdan çıxmışdı. Neçə illərdir, müəssisə rəhbəri Tağı Əhmədov metroda gediş haqqının çox aşağı olmasından şikayət edir. Hətta bu göstəriciyə görə Azərbaycan “dünya lideridir” - cəmi 5 qəpik, Qərb parametrləri ilə - havayı. Halbuki 1 sərnişinin gediş haqqının real maya dəyəri hətta 30 qəpiyə çatır. Göründüyü kimi, doğrudan da ciddi fərq mövcuddur və belə olan şəraitdə rentabellikdən söhbət gedə bilməz. Amma Tağı müəllim darıxmasın, Tarif Şurasının tezliklə faktiki gediş haqqını maya dəyərinə çatdıracağına ümid etməyə dəyər. Özü də – bir qərarla!

Maraqlısı odur ki, 1996-cı ildən qüvvədə olan bu tarif (5 qəpik) niyə indiyədək artırılmayıb?! Bu 13 il ərzində hökumət metroda gediş haqqını ən azı üç ildən bir artırsaydı, tarifi çoxdan hətta 20 qəpiyə çatdırmaq olardı. İnanın ki, kimsə bundan nə inciyərdi, nə də dəyişikliyi belə kəskin hiss edərdi (Tağı müəllim də bu qədər gözləməli olmazdı). İlin-günün bu vaxtında, maliyyə böhranı başa çatmamış üçqat artım anormaldır.

Eşitdiyimə görə, Bakı kəndlərinə işləyən avtobusların sürücüləri Tarif Şurasından küsüb. Səbəbi sadədir: niyə metro 15 qəpiyə, avtobus isə 20 qəpiyə işləməlidir? Bu, mənim deyil, sürücülərin fikridir. Deyilənə görə, onlar artıq marşruta çıxmaqdan imtina etmək istəyirlər - şəhərdaxili avtobuslarda gediş haqqı artırılanadək. Bu isə o deməkdir ki, yaxın vaxtlarda avtobuslarda gediş haqqının artırılması, onların qazanclarının yüksəlməsi fonunda isə yanacağın da bahalaşdırılması mümkündür. Hər şeyə (yaxud hər qərara) hazır olmaq lazımdır!

Bütün gecələrinizin xeyirlə (maddi cəhətdən zərərsiz anlamında) açılması arzusu ilə,

Vüqar M.Mustafayev
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633

Oxşar yazılar