Müəllimlər İnstitutunun Zaqatala filialında narazılıq
25 sentyabr 2009 20:12 (UTC +04:00)

Müəllimlər İnstitutunun Zaqatala filialında narazılıq

Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Zaqatala filialında narazılıq yaranıb.

Filialın tədris işlər üzrə direktor müavini Aydın Rəsulov və daha 39 nəfərin imzası ilə APA-ya daxil olan müraciətdə direktor Tovuz Eminlinin qanunsuz əməllərlə məşğul olduğu, tələbələrin təqaüdünü mənimsədiyi, institutda işləməyən şəxslərin adlarına əməkhaqqı yazıb əlavə qazanc əldə etdiyi haqda iddialar yer alıb. Kollektiv yaranmış vəziyyətlə əlaqədar Təhsil Nazirliyinə və digər aidiyyəti orqanlara da müraciət edərək filiala komissiya göndərilməsini və araşdırma aparılmasını istəyib.

Məsələ ilə əlaqədar APA-ya açıqlama verən AMİ-nin Zaqatala filialının direktoru Tovuz Eminli söylənənlərin həqiqətə uyğun olmadığını deyib. Direktor şikayətçiləri bacarıqsızlıqda, öz vəzifələrinin öhdəsindən gələ bilməməkdə ittiham edib: “Mən özüm instituta yoxlama göndərilməsini istəmişəm. Yəqin yoxlama gəldikdən sonra kimin haqlı, kimin haqsız olduğu müəyyənləşəcək. Hər şey dekan Əminə Haxovanın işdən çıxarılmasından sonra baş verdi. Onların irəli sürdükləri iddiaların heç biri doğru deyil”.

AMİ-nin təhsil işləri üzrə prorektoru Şamil Qasımlı isə baş verənlərin ciddi araşdırılacağını, yaxın iki gün ərzində Zaqatalaya komissiya ezam edəcəklərini söyləyib: “Məsələ araşdırılacaq. Lazım gələrsə, rektor da Zaqatalaya gedəcək. Hiss olunur ki, burada təşkil olunmuş məsələlər var. Biz bundan xəbərdarıq. Dünən adı göndərilən müraciətdə olan şəxslərin kimliyi ilə maraqlanmışıq. Məlum olub ki, adı və vəzifəsi şikayət ərizəsində qeyd olunan şəxslərin bəziləri heç orada işləmir. Hər halda, problem araşdırıldıqdan sonra hər şey dəqiq məlum olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1748

Oxşar yazılar