İrandan Azərbaycana qarşı xainlik!
18 sentyabr 2009 17:15 (UTC +04:00)

İrandan Azərbaycana qarşı xainlik!

Tarixi abidələrimizi Azərbaycan alimlərindən gizlədən ölkənin paxırı açıldı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti akademik Arif Həşimovun iştirakı ilə Araz çayı üzərində Xudafərin SES-in və “Qız qalası” hidroqovşağının tikintisi zamanı aşkar olunmuş tarixi abidələrlə bağlı müzakirələr aparılıb.

Bu barədə Lent.az-a AMEA-nın mətbuat xidmətindən məlumat verilib. Müzakirələrdə AMEA-nın vitse-prezidenti, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı, AMEA Tarix İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru tarix elmləri doktoru Maisə Rəhimova da iştirak ediblər.
Azərbaycan və İran hökumətləri arasında qarşılıqlı razılaşma əsasında Araz çayı üzərində 2x100 meqavat gücündə “Xudafərin” və 2x40 meqavat gücündə “Qız qalası” SES-lərin tikinti işləri aparılır. Hələ 70-ci illərdən layihəsi hazırlanmış tikinti işlərinin 80%-i başa çatıb. Xudafərin körpüsü ətrafında tikinti işləri aparılan ərazidə tarixi məzarlıq aşkar edilib və bu haqda Azərbaycan tərəfinə heç bir məlumat verilməyib.
Tarixi Azərbaycan ərazisində aşkar olunan maddi-mədəniyyət nümunələrinin tədqiqatının İran İslam Respublikası tərəfindən birtərəfli qaydada aparılması Azərbaycan alimlərini narahat edib.
Məsələyə münasibətini bildirən AMEA-nın müxbir üzvü Y.Mahmudov layihəyə görə hər iki ölkə alimlərinin tikinti aparılan ərazilərdə arxeoloji tədqiqatlarda iştirak etmək hüquqlarının olduğunu, lakin azərbaycanlı alimlərin bu tədqiqatlarda iştirak etmək üçün dəvət almadıqlarını bildirib. O, bu torpaqların tarixən Azərbaycanın ərazisi olduğunu və azərbaycanlı alimlərin bu ərazilərdə tapılan abidələrin üzərində Azərbaycanın maddi-mədəniyyət nümunələri kimi araşdırmalar aparmaq hüququna malik olduqlarını deyib: “Beynəlxalq qaydalara əsasən qonşu dövlət layihədə nəzərdə tutulmuş ərazidə qazıntı işlərinin aparılması və tapılmış tarixi materialların araşdırılması üçün azərbaycanlı alimlərin iştirakına şərait yaratmalıdır”.
Alimlər qazıntı zamanı tapılan Azərbaycanın tarixini əks etdirən qızıl əşyaların e.ə. II minilliyin əvvəllərinə təsadüf etdiyini bildiriblər.
Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 981

Oxşar yazılar