Peşə məktəblərinə qəbul qaydaları dəyişib
07 sentyabr 2009 16:34 (UTC +04:00)

Peşə məktəblərinə qəbul qaydaları dəyişib

Məqsəd peşə məktəbi və peşə liseylərində bazar iqtisadiyyatının tələblərinə uyğun kadr hazırlığına nail olmaqdır

Təhsil naziri Misir Mərdanov ilk peşə təhsili müəssisəsinə şagird qəbulu qaydalarının təsdiq edilməsi barədə əmr imzalayıb. Əmrə əsasən, ilk peşə təhsili müəssisəsinə müxtəlif yaş və təhsil səviyyəli şəxslər qəbul oluna bilərlər.

Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, ilk peşə təhsili müəssisəsində tədris qrupları komplektləşdirilərkən qəbul olmaq istəyənlərin yaş və təhsil səviyyələrindəki fərq nəzərə alınmalıdır. Əsas və orta təhsil sənədi olan şəxslər təhsil müddəti 1-3 il olan və qısamüddətli kurslara qəbul edilirlər.

Bundan başqa, müxtəlif istehsal və xidmət sahələrində işləyən, peşə hazırlığını təkmilləşdirmək, peşəsini dəyişmək arzusunda olan digər yaş və təhsil səviyyəli şəxslər də peşə təhsili ala bilərlər. Bu zaman onlar üçün ayrı və ya qarışıq qruplar təşkil olunur. Həmin şəxslər üçün təhsil müddəti 1-2 illik və ya qısamüddətli kurslarda şəklində nəzərdə tutulur.

Nazirlikdə bildirirlər ki, peşə təhsili müəssisələrinə qəbul müsahibə və ilkin biliklərin yoxlanması yolu ilə aparılır. Nəzəri biliklər “Ana dili” və “Riyaziyyat”dan yazılı, ilkin peşə bacarıqları isə təcrübənin tətbiqi vasitəsilə yoxlanılır. Sənəd qəbulu hər bir peşə təhsili müəssisəsinin nəzdində yaradılmış qəbul komissiyasında sentyabrın 1-dək aparılır.

Şagird qəbulu prosesi qəbul komissiyası tərəfindən sentyabrın 10-dək keçirilməlidir. Şagird qəbulu barədə əmr sentyabr ayının 14-dən gec olmayaraq verilir. İlk peşə təhsili müəssisəsinə qəbul olunanlar 10 gün müddətində üzrsüz səbəbdən dərsə gəlmədikdə təhsil müəssisəsindən xaric olunur. Peşə təhsili müəssisəsinə şagird qəbulu ilə əlaqədar şikayətlərə sentyabr ayının 30-dək Təhsil Nazirliyində baxılır. Məqsəd peşə məktəbi və peşə liseylərində bazar iqtisadiyyatının tələblərinə uyğun kadr hazırlığına nail olmaqdır.

Xatırladaq ki, hazırda 108 peşə təhsili müəssisəsində 25 520 şagird təhsil alır. Bu müəssisələrdə çalışan mühəndis-pedaqoji işçilərin sayı isə 3670-dir. Sentyabrın 11-də 7 saylı Bakı Peşə Liseyində peşə təhsili müəssisələri rəhbərlərinin konfransı keçiriləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2238

Oxşar yazılar