Böyük bələdiyyələr: problem, yoxsa yenilik? – ARAŞDIRMA
03 sentyabr 2009 12:00 (UTC +04:00)

Böyük bələdiyyələr: problem, yoxsa yenilik? – ARAŞDIRMA

Birləşmədən sonra kiçik kəndlərin bələdiyyə qurumlarında təmsilçilik məsələsi açıq qalır

Azərbaycanda 5 illik səlahiyyət müddəti bitmiş 1751 yerli özünü idarəetmə orqanlarına yeni seçkilər keçiriləcək. Seçkilərlə bağlı normativ bazanın, münasibətlərin normal hüquqi tənzimlənməsinə şərait yaradan sənədlər toplusunun olduğunu əsas götürən Mərkəzi Seçki Komissiyası 5 toplu hazırlamağı nəzərdə tutur. Ümumilikdə 19 normativ sənəd hazırlanıb və onları seçkilərədək komissiyalara, digər maraqlı qurumlara çatdırılacaq. Amma seçki hazırlıqlarında, normativ sənədlərdə birbaşa yerli özünüidarəetmə qurumlarına bağlı olan hansısa yenilik gözə dəymir.

Ekspertlər isə builki bələdiyyə seçkilərinin əvvəlkilərindən xeyli fərqlənəcəyini, prosesin daha böyük siyasi kampaniya şəklində olacağını proqnozlaşdırırlar. Əvvəla ona görə ki, bu seçki yerli bələdiyyə orqanlarının yenidən formalaşdırılması deməkdir. İkinci tərəfdən, Milli Məclisin bu yaxınlarda qəbul etdiyi qərarla kiçik bələdiyyələr birləşdirilib. Bu isə o deməkdir ki, yeni seçici siyahıları hazırlanmalı və ərazilər üzrə təsdiq olunaraq dəqiqləşdirilməlidir. Bütün bunlar Mərkəzi Seçki Komissiyasının (MSK) informasiya mərkəzində də öz əksini tapmalıdır.

Bundan başqa, Seçki Məcəlləsinə dəyişikliklər də gündəmə gəlib. Çünki birləşmədən sonra xırda kiçik kəndlərin bələdiyyə qurumlarında təmsilçilik məsələsi mövcud Seçki Məcəlləsində tam aydınlığı ilə əksini tapmayıb.

Xatırladaq ki, ölkədə fəaliyyət göstərən kiçik bələdiyyələrin birləşdirilməsi prosesi nəticəsində yerli özünüidarəetmə qurumlarının sayı 2756-dan 1751-ə enib. Məhz bu amil dairə seçki komissiyalarında mövcud dislokasiyalarda və seçki siyahılarında dəqiqləşdirmələr aparılmasını zəruri edib. Üstəlik, səlahiyyət müddəti bitməyən, 2006-cı ildən fəaliyyətə başlayan bələdiyyələrə də seçkilər keçirilə bilər. Artıq müxtəlif rayonları təmsil edən 10-dan çox belə bələdiyyə orqanlarının nümayəndələri də payızda keçiriləcək seçkilərin onlara da şamil olunmasını xahiş ediblər.

“Biz yalnız icraçıyıq”

Bəs, görəsən, MSK bələdiyyə seçkilərinə necə hazırlaşır? Kiçik bələdiyyələrin təmsilçilik hüquqları necə qorunacaq? Hökumət böyük bələdiyyələrə birləşdirilmiş kiçik bələdiyyələrin mənafeyini təmin edə biləcəkmi?

MSK-nın mətbuat katibi Azər Sarıyev Lent.az-a bildirib ki, artıq bələdiyyə seçkilərinə hazırlıqla bağlı əsas tədbirlər görülüb. Belə ki, seçki ərəfəsi seçki siyahıları yenidən dəqiqləşdirilir, yerlərə göndərilir, baxılandan sonra dairələrə qaytarılır, sonda iclasda təsdiq edilir. Onun sözlərinə görə, hazırda seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatmaq üzrədir. Cənab Sarıyev deyir ki, Dairə Seçki Komissiyalarına qəbul olunmuş üzvlərin maarifləndirilməsi onlara MSK-nın yeni təlimatlarının öyrədilməsi üçün hər bir dairənin özündə xüsusi aparat yaradılıb: “Biz seçki ərəfəsində hər bir dairədən komissiyalarla birgə treninqlər keçiririk”.

Bununla belə, Azər Sarıyev Seçki Məcəlləsinə dəyişikliklər edilməyəcəyini deyir. Onun sözlərinə görə, bu məsələ Milli Məclisin səlahiyyətində aiddir və hələ ki, parlamentdə belə müzakirələr aparılmır.

“Seçki Məcəlləsinə əlavə və dəyişiklər edilirsə, bu məqsədlə parlamentin, ayrı-ayrı QHT-lərin təklifləri olur. Bunlara Milli Məclisdə baxılır və eyni zamanda, həmin təkliflər Venesiya Komissiyası təqdim olunur. Biz yalnız icraçıyıq. Ona görə də bütün fəaliyyətimizi Seçki Məcəlləsinin tələbi səviyyəsində, parlamentdə qəbul edilmiş qanunlar və ölkə başçısının verdiyi sərəncamlarla qururuq. Çalışırıq ki, seçkilər ədalətli, şəffaf, demokratik keçirilsin” – deyə, Azər Sarıyev bildirib.

Kvota yox...

Yeri gəlmişkən, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi kiçik bələdiyyələrin maraqlarının qorunması məqsədilə hazırladığı təkliflərini hökumətə təqdim edib. Həmin təklifə görə, Seçki Məcəlləsinə dəyişikliklər edilməli, inzibati ərazi dairəsində olan yaşayış məntəqələrindəki sakinlərin təmsilçiliyini təmin etmək üçün əhalinin sayına görə təmsilçiliyin yeni normaları müəyyənləşməlidir. Təşkilat təklif edir ki, inzibati ərazi daxilində yerləşən hər bir yaşayış məntəqəsində təmsilçilik norması təxminən hər 200-250 sakinə 1 təmsilçi formasında müəyyən edilsin. Əks halda, tutaq ki, 2 min nəfər əhalisi olan yaşayış məntəqəsinin sakinləri onlarla birləşmiş 200 nəfər əhalisi olan kəndin namizədinə səs verməyəcək və bütün səsləri özləri götürəcək.

Milli Məclis Aparatının Analitik İnformasiya Şöbəsinin sədr müavini Şaiddin Əliyev bildirir ki, bələdiyyə seçkiləri əhalisinin sayından asılı olmayaraq bütün yaşayış məntəqələrində keçirilir. Bu səbəbdən də qonşu bələdiyyələrin tabeliyinə keçən kiçik kəndlərin bu qurumlarda təmsilçiliyi üçün ayrıca kvota nəzərdə tutulmur: bələdiyyə üzvlüyünə kimlərin və hansı şərtlərlə seçiləcəyi seçicilərin özlərindən asılıdır. Yəni bir kəndə kvota verək ki, orada 2, başqa kənddə 3 nəfər seçilsin, bu, düzgün deyil. Seçki elə bir şeydir ki, burada məsələlər kvota ilə həll olunmur. Seçkidə ancaq seçicilərin səsi əsasdır”.

Şaiddin Əliyev bildirib ki, hazırda bələdiyyə seçkiləri ilə bağlı yerlərdə ciddi hazırlıq işləri aparılır. Onun sözlərinə görə, bu dəfə siyasi partiyalar da bələdiyyə seçkilərinə böyük maraq göstərir: “Ona görə də seçicilər bu seçkidə nə qədər sayıq olsa və fəallıq göstərsə, proses həm ölkənin, həm də əhalinin ümumi xeyrinə olar. Çünki əhalinin seçkidə fəal iştirakı bələdiyyə idarəçiliyinə bələd olan şəxslərin seçilməsinə gətirib çıxarar. Ona görə də mən arzulayıram ki, bu seçkilərdə əhali daha fəal olsun”.

...Məcəllə dəyişə bilər

O ki qaldı məcəlləyə dəyişikliyin zəruriliyinə, Milli Məclis Aparatının nümayəndəsi bunu istisna etmir. Onun fikrincə, parlamentin ilk iclaslarında bununla bağlı müəyyən məsələlərin müzakirəyə çıxarılması mümkündür: “Təbii ki, məcəlləyə dəyişikliklər edilməsi mümkündür. Amma bu, Milli Məclisin səlahiyyətinə aid məsələdir. Müəyyən dəyişikliklər bələdiyyə seçkilərinə qədər ola da bilər. Lakin bu barədə qəti bir söz demək olmaz”.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə bələdiyyə seçkilərinə qədər Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsini mümkün saymır. Onun sözlərinə görə, parlamentin növbədənkənar sessiyasının sonuncu iclaslarından birində bu məsələni yenidən gündəmə gətirib: "Bu məsələni gündəmə gətirməkdə də məqsədimiz o idi ki, ən azı növbəti bələdiyyə seçkilərinə kimi sözügedən qanuna baxılsın, orada müəyyən dəyişikliklər edilsin. Ancaq bunu reallaşdırmaq mümkün olmayacaq".

Səyavuş Novruzov bildirir ki, mövcud qaydalara əsasən, bələdiyyə seçkilərinə rəsmi hazırlığa seçki gününə 75 gün qalmış icazə verilir. Yəni bələdiyyə seçkilərinə hazırlığa rəsmi start verilməsi sentyabrın sonları, oktyabrın əvvəllərinə təsadüf edir. Parlamentin payız sessiyası isə oktyabrın 1-də başlayacaq: "Ona görə də ən azı Seçki Məcəlləsinə nəzərdə tutulan dəyişiklikləri bələdiyyə seçkilərinə kimi reallaşdırmaq mümkün olmayacaq. Bununla belə, payız sessiyasının gedişatı zamanı həm Seçki Məcəlləsinə dəyişikliklərə baxmaq və onları reallaşdırmaq olar".

Birləşmənin mənası nə?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev bu prosesdə hökumətin bəzi səhvlərə yol verdiyini deyir. Onun sözlərinə görə, kiçik bələdiyyələrin birləşməsinə start verilərkən mütləq Seçki Məcəlləsinə də dəyişiklik edilməli idi: “Məcəllədə seçki sistemi elə qurulmalıydı ki, bir bələdiyyədə birləşən yaşayış məntəqələrinin hamısının seçki kvotası, təmsilçilik norması təmin olunsun”.

Müsahibimiz bildirir ki, bələdiyyələr birləşənə və böyük bələdiyyələr yarananadək bu qurumların status və səlahiyyət məsələsi də dəyişməliydi. Çünki böyük bələdiyyələrin səlahiyyəti və statusu tamamilə yeni norma və yanaşma tələb edir. Rövşən Ağayevin sözlərinə görə, hökumət belə səhvlərə yol versə də, bələdiyyələrin böyüdülməsi siyasi, xüsusilə müxalifət partiyalarının maraqlarına uyğundur: “Çünki 2800-ə qədər bələdiyyədə mübarizə aparmaq kifayət qədər resurs tələb edirdi. Hazırda isə 1024 bələdiyyə digər bələdiyyələrlə birləşib və bu, son 5 ildə regional strukturlarında itkiyə məruz qalan partiyaların maraqlarına cavab verir”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656

Oxşar yazılar