Xaricdən gətirilən inəklər yerli şəraitə uyğunlaşıb
27 avqust 2009 12:00 (UTC +04:00)

Xaricdən gətirilən inəklər yerli şəraitə uyğunlaşıb

Damazlıq məqsədilə ölkəyə gətirilən cins mal-qaranın tələf olması barədə məlumatlar təkzib olunur

Almaniyadan ölkəmizə gətirilən cins mal-qara artıq xeyli artım verib. Yaradılan şərait və düzgün qulluq bu yüksək nəticəni əldə etməyə imkan yaradıb.

Son bir il müddətində Almaniyadan Azərbaycana 770 baş cins mal-qara gətirilib. Onlardan 197-si “şves”, 150-si “simmental”, 429-u isə “holland” cinsi olan qara-ala inəklərdir. Hazırda həmin heyvanlar 34 rayonda kəndli fermer təsərrüfatlarında saxlanılır.

“Aqrolizinq” Səhmdar Cəmiyyətindən Lent.az-a bildiriblər ki, ölkəyə gətirilən cins mal-qaranın hamısı güzəştli qiymətlərlə heyvandarlıqla məşğul olanlara satılıb. Avropadan gətirilən mal-qaranın yerli iqlim şəraitinə uyğunlaşması da artıq başa çatıb. Bu isə heyvanların sağlamlığı və məhsuldarlıq üçün əsas şərtdir.

Şəraitin düzgün qurulmaması üzündən heyvanların bir qisminin tələf olmasına gəlincə, bu məlumatlar təkzib olunur. Səhmdar Cəmiyyətdə deyirlər ki, əksinə, şəraitə uyğunlaşma rahat və gözlənildiyindən tez baş verib. Məhz bunun nəticəsində fermer təsərrüfatlarında olan mal-qaranın 80 faizə qədəri artıq balalayıb. Hazırda təsərrüfatlarda 500-dək sağlam və damazlıq üçün yararlı buzovlar var.

Xatırladaq ki, ölkə başçısının təsdiq etdiyi Dövlət Proqramına əsasən, 2015-ci ilədək xaricdən 40 min baş damazlıq mal-qaranın alınması nəzərdə tutulur. Bu isə o deməkdir ki, qarşıdakı 5-6 ildə hər il Azərbaycana təxminən 6-8 min belə inəklər gətirilməlidir. Sutkada 20-25, müəyyən dövrə ərzində isə hətta 40 litrədək süd verə bilən belə inəklərə qulluq da çoxlu xərc və zəhmət tələb edir. Elə bu səbəbdən də yüksək məhsuldarlıqlı belə heyvanlar yalnız müvafiq şəraiti olan təsərrüfat sahiblərinə satıla bilər.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1201

Oxşar yazılar