Bakının yarısı susuz qalıb
08 avqust 2009 19:00 (UTC +04:00)

Bakının yarısı susuz qalıb

Kürdəki su kollektorundakı qəza üzündən Nəsimi, Yasamal, Nərimanov rayonları və ətraf kəndlərə üç gündür ki, su verilmir

Bakının Nəsimi rayonunda bir qrup sakin etiraz aksiyası keçirməyə hazırlaşır. Buna səbəb son üç gündə rayonda su təchizatının dayandırılmasıdır.

Sakinlər Lent.az-a bildiriblər ki, avqustun 5-i səhər tezdən rayonda suyun verilməsi tamamilə dayanıb. Bundan bir neçə gün əvvəl isə “Azərsu” Səhmdar Cəmiyyətinin Nəsimi Rayon Su Satışı İdarəsinin işçiləri abunəçilərə borlu olmaları barədə xəbərdarlıq məktubu paylayıb. Avqustun 4-də isə rayonun su satışı şöbəsinin əməkdaşları su təchizatının dayandırılacağını elan edib. Ancaq ertəsi gün sakinlər su satışı şöbəsinə gedərək borclu olmadıqlarını sübut etməyə çalışıblar. Elə oradaca məlum olub ki, borca görə abunəçilərə göndərilən qəbzlərdə ünvanlar səhv göstərilib. Bundan sonra su satışı şöbəsi əhalinin su təchizatının tezliklə bərpa olunacağını vəd etsə də, problem həll olunmamış qalır.

“Azərsu” Səhmdar Cəmiyyətinin dispetçer xidmətindən isə Lent.az-a bildiriblər ki, Nəsimi rayonunda içməli su təchizatının dayandırılmasına səbəb Kür çayı üzərindəki su kollektorunda baş verən qəzadır. Dispetçer xidmətində deyirlər ki, avqustun 5-də baş vermiş qəzadan sonra Bakının Kür çayından içməli su mənbəyi kimi istifadə edilən bütün ərazilərində suyun verilməsində məhdudiyyətlər yaranıb. Hazırda Bakının Nəsimi, Yasamal, Nərimanov rayonlarında, habelə ətraf kənd və qəsəbələrdə su təchizatı tamamilə dayandırılıb.

“Azərsu”da deyirlər ki, sutəmizləyici qurğularda baş vermiş qəzanın nəticələri artıq aradan qaldırılıb. Amma adı çəkilən rayonlara suyun verilməsi bu gün də mümkün olmayacaq. Çünki qəzadan sonrakı 3 gün ərzində anbarlarda yığılıb qalmış su ehtiyatı tamamilə işləndiyindən həmin anbarlar yenidən doldurulmalı və bundan sonra paylayıcı şəbəkələrə verilməlidir. Bunun üçün isə bir sutkadan çox vaxt tələb olunur. Səhmdar Cəmiyyətin dispetçer xidmətində deyirlər ki, Nəsimi, Yasamal və Nərimanov rayonlarının mərkəzi hissələrinə suyun verilməsi sabah səhər saatlarından, ətraf ərazilərə isə günün ikinci yarısından bərpa olunacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814

Oxşar yazılar