Sulutəpədə xarabalığa çevrilmiş məhəllə – REPORTAJ
Dünənki hadisədən sonra 20-dək ailənin yaşadığı məhəllədə kişilərin hamısını polis şöbəsinə aparıblar
Dünən orada, belə demək mümkünsə, qan su yerinə axırmış. Vurub-yıxan kim, yenicə tikilmiş yaşayış evlərini buldozerin qabağına verib dağıdan kim. Qız-gəlinin çığırışmasından qulaq tutulurmuş.
Söhbət Binəqədi rayonun ərazisində Sulutəpə və Hökməli qəsəbələri arasındakı fərdi yaşayış evlərinin tikildiyi ərazidən gedir. Rəsmi məlumatlara əsasən, həmin ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) balansındadır və orada tikilən evlərin hamısı qanunsuzdur. Elə bu səbəbdən şirkətin mühafizə xidmətinin 150-dək əməkdaşı dünən həmin ərazidə zəbt olunmuş torpaq sahələrinin geri qaytarmaq məqsədilə qanunsuz tikililər sökməyə başlayıb. Bu zaman mülk sahibləri ilə ARDNŞ əməkdaşları arasında qarşıdurma baş verib. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, söküntü işləri aparılan zaman bir qrup şəxs ARDNŞ-nin işçilərinə və polis əməkdaşlarına qarşı zor tətbiq edərək, daş və digər əşyalarla onlara xəsarət yetirib. Nəticədə neft şirkətinin işçilərindən və polis əməkdaşlarından 20 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb və 5 nəfər polis əməkdaşı DİN-in Hospitalına yerləşdirilib.
Lent.az-ın əməkdaşı ərazidə müşahidə aparıb. Dünənki o mənzərədən bu gün əsərə-əlamət yoxdur. İnzibati bölgü üzrə Sulutəpə qəsəbəsinin ərazisi sayılan bu məhəllələrdə heç kim gözə dəymir. Xarabalığı xatırladan evlərin yerlə-yeksan olunmuş daşları, beton və taxta qırıntıları göz işlədikcə böyük bir sahəni əhatə endir. Bir qədər irəlidə rastlaşdığımız sakinlərdən biri – Mədət Quliyev deyir ki, dünənki hadisədən sonra buradakı ailələrin hamısı köçüb gedib. Onun sözlərinə görə, sakinlərin buranı tərk etməsinə səbəb təkcə evlərin bir hissəsinin sökülməsi deyil, həm də əksər ailələrdə kişilərin polis şöbəsində saxlanmasıdır.
“Dünən neft şirkətinin nümayəndələri polisin köməyi ilə burada 20-dən çox evi dağıdıblar. Qabağa duranı vururdular, elə dava da bunun üstündə oldu. Bu evlərdə yaşayan ailələrdə bütün kişiləri tutub aparıblar. Qız-gəlinlər qorxur ki, onlara da xətər yetirərlər, ona görə də gedib qohumlarının evində yaşayırlar” - deyə, müsahibimiz bildirir.
Amma bir qədər yuxarıda, dağın yamacında uçurulmamış evlərdən birinin həyətində bir neçə qadın görünür. Onlara yaxınlaşıb özümüzü təqdim etdikdən sonra hadisə barədə məlumat vermələrini xahiş edirik. 50-55 yaşlı Südabə xala son 5-6 ildə burada tikilmiş 20-dək evin hamısının qanuni olduğunu deyir. Onun sözlərinə görə, Sulutəpədə “Yeni məhəllə” adı ilə tanınan bu ərazi xəritədə Abşeron rayonunun sahəsi hesab olunur.
Müsahibimiz deyir ki, torpaq sahəsinin Binəqədinin, yoxsa Abşeron rayonun ərazisinə düşməsinin onlar üçün heç bir fərqi yoxdur: “Əsas odur ki, torpağın qanuni sənədi var, bu adamların hamısı 8-10 il əvvəl torpağın hər sotuna 2000-3000 dollar pul verib. Buna görə bələdiyyədən sənəd də veriblər. Amma indi gəlib deyirlər ki, bələdiyyənin verdiyi sənəd qanunsuzdur”.
Sakinlər isə bu ittihamı qəbul etmirlər. Südabə xala deyir ki, indiki ağır dövrdə heç kəs pulunu qanunsuz ev tikməyə sərf eləməz. Onun sözlərinə görə, mülk sahibləri bələdiyyənin verdiyi sənədlərə arxayın olduğundan burada özləri üçün lazımi şərait yaradıblar. O, dayaz xəndəklərlə bölünmüş torpaq sahələrini göstərək bu ərazidə yüzlərlə fərdi yaşayış evinin tikiləcəyini deyib.
O ki qaldı ərazinin ARDNŞ-nin balansında olmasına, Südabə xala bu məlumatın doğru olmadığını deyir. Onun sözlərinə görə, ərazidə nə bir dənə neft quyusu, nə də şirkətinin başqa bir obyekti yoxdur: “Deyilənə görə, 1950-ci illərdə bu ərazidə bir neft quyusu olub. Amma elə həmin dövrdən quyu ləğv olunub. Biz özümüzü 10 ilə yaxındır burada yaşayırıq, bu ərazidə belə bir quyu görməmişəm. Lap quyu olsa da, bunun camaata nə dəxli var, torpağı bələdiyyə verib, gedib məsələni də bələdiyyə ilə həll eləsinlər”.
Yeri gəlmişkən, biz ərazidə olarkən bir ədəd qara rəngli “BMW” markalı avtomobil bir neçə də sökülmüş evlərin arasında dövrə vurub geri qayıtdı. Sakinlərin dediyinə görə, həmin avtomobil Abşeron rayon polis şöbəsinin rəisinə məxsusdur. Onların fikrincə, polis şöbəsi və neft şirkətinin əməkdaşları dünənki hadisədən sonra bir neçə dəfə əraziyə gələrək mülk sahiblərinin hərəkətlərinə nəzarət edir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, dünən ərazidə baş vermiş hadisə ilə əlaqədar Bakı Şəhər Prokurorluğunda Cinayət məcəlləsinin 222, 188 və 315-ci maddələri ilə cinayət işi başlanıb.
Elxan SALAHOV

1045