Şeyx artıq etiraz etmir
16 iyul 2009 17:00 (UTC +04:00)

Şeyx artıq etiraz etmir

Musa Quliyev: “Reproduktiv sağlamlıq haqqında» qanun layihəsi payız sessiyasında gündəliyə salınacaq və yüz faiz qəbul olunacaq”

“Milli Məclisin Sosial siyasət komitəsi Səhiyyə Nazirliyi və bir neçə QHT ilə birlikdə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi ilə bağlı 4 dəfə Bakıda, o cümlədən Gəncə, Şəki və Mingəçevirdə ictimai müzakirələr keçirib və gələcəkdə də keçirəcək. Cənub bölgəsi bu layihəyə münasibətdə çox həssasdır. Avqustda, yaxud sentyabrda Lənkəranda da belə ictimai müzakirələr keçiriləcək. Mən çox istərdim ki, axırıncı ictimai müzakirələrdə din xadimləri də iştirak etsin. Milli Məclisin Sosial siyasət komitəsi Səhiyyə Nazirliyi və bir neçə QHT ilə birlikdə bu istiqamətdə ictimai müzakirələrin aparılmasını və beynəlxalq təcrübənin öyrənilməsi işini davam etdirir”.


Bunu Lent.az-a açıqlamasında Sosial siyasət daimi komitəsinin sədr müavini Musa Quliyev bildirib. Onun sözlərinə, İran və Türkiyədən sonra Malayziyanın da bu sahədəki qanunvericilik təcrübəsinin öyrənilməsinə başlanılıb. QHT-lərin iştirakıyla Malayziyaya göndəriləcək qrup da hazırlanıb və yaxın vaxtlarda bu səfər təşkil olunacaq: ”Qazaxıstan, Qırğızıstan bu qanunu qəbul edib, Özbəkistan və Tacikistanda məsələ üzərində iş yekunlaşmaq üzrədir. Postsovet ölkələri olduğu üçün onların təcrübəsini əsas götürmədik. Bu ölkələrdə Azərbaycan ictimaiyyətinin qəbul etmədiyi müddəalar, məsələn, surroqat ana ilə bağlı maddə də qəbul olunub. Amma biz istədik ki, İran, Türkiyə və Malayziya kimi böyük müsəlman dövlətlərinin təcrübəsi öyrənilsin”.

Qeyd edək ki, «Reproduktiv sağlamlıq haqqında» qanun layihəsi yaz sessiyasında birinci oxunuşda müzakirəyə çıxarılsa da, millət vəkillərinin və din xadimlərinin məsələyə fərqli yanaşmaları, xüsusən süni mayalanma və surroqat ana məsələlərinə etiraz etmələri səbəbindən gündəlikdən çıxarılıb və bu ətrafda ictimai müzakirələrin təşkil edilməsi qərara alınıb.

Surroqat ana məsələsinin ümumiyyətlə, layihədən çıxarıldığını xatırladan Musa Quliyev din xadimlərinin mövqeyində də dəyişiklik olduğunu nəzərə çatdırıb: “Şeyx Hacı Allahşükür Paşazadəyə o vaxt çox düzgün olmayan məlumatlar verilmişdi və ona görə də Şeyx qanun layihəsinin əleyhinə çıxmışdı. Sonradan biz ona dəqiq informasiya verdik. Dedik ki, necə ola bilər, Azərbaycanda bu işə qadağa qoyuruq, amma insanlarımız İranda, Türkiyədə həmin işi edib gəlirlər? Biz İran və Türkiyədən böyük islam dövləti deyilik ki? Bu sözlərimizdən sonra Şeyx Hacı Allahşükür Paşazadə dedi ki, o, bu işin mahiyyətini o qədər dərin bilmədiyi üçün etiraz edib”.

Komitə sədrinin müavini qanun layihəsinin payız sessiyasında gündəliyə salınacağını və yüz faiz qəbul olunacağını bildirib.

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708

Oxşar yazılar