Azərbaycanda uşaqları küçələrdən yığıb fahişəliyə cəlb edirlər
23 iyun 2009 16:00 (UTC +04:00)

Azərbaycanda uşaqları küçələrdən yığıb fahişəliyə cəlb edirlər

“İnsan alveri qurbanları arasında 51 yaşlı qadına və əlil uşağa da rast gəlinib”

Bu gün İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası ötən 6 ay ərzindəki fəaliyyətinə dair mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, tədbirdə Koalisiyanın üzvləri olan “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova və Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə iştirak edib. M.Zeynalova 47 QHT-nin birləşdiyi Koalisiyanın gördüyü işlər barədə danışıb. O, Koalisiyanın bir sıra dövlət qurumları ilə çalışdığını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Memorandum imzalayacağını bildirib.

M.Zeynalova ötən 6 ayda rəhbərlik etdiyi qurumun 18 nəfərə köməklik etdiyini deyib.
O, insan alveri ilə bağlı halların əvvəlki illərlə müqayisədə azaldığını bildirib. M.Zeynalova deyib ki, insan alveri ilə daha çox qadınlar məşğul olur. Belə ki, “alverçi”lərin yalnız 18%-ini kişilər təşkil edir. İnsan alverçiləri arasında keçmiş insan alveri qurbanlarına da rast gəlinir. M.Zeynalova Azərbaycanda könüllü insan alveri qurbanına çevrilənlərin olduğunu da deyib. Onun sözlərinə görə, alver qurbanı dedikdə göz önünə yalnız “gözəl və cavan qadın” gəlməməlidir. Belə ki, onlar arasında 51 yaşlı qadına və əlil uşağa da rast gəlinib.

M.Zeynalova ABŞ Dövlət Departamentinin son hesabatında Azərbaycanla bağlı səslənmiş iradlara da münasibət açıqlayıb. O, hesabatın Azərbaycanla bağlı hissəsinin qərəzli olduğunu deyərək sənədi hazırlayanları kəskin tənqid edib. “Belə hesabatlar ölkələrə siyasi zorakılıq xarakteri daşıyır. Məsələn, orada qeyd edilib ki, guya Azərbaycanda polis insan alveri qurbanı olmuş qadınları döyərək polis şöbəsinə aparır. Bu, qəti şəkildə yalandır, hələ bu cür hala rast gəlinməyib” – deyə, o bildirib.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə son il yarımda rəhbərlik etdiyi təşkilatın 405 uşaqla işlədiyini deyib. Onun sözlərinə görə, həmin uşaqlar arasında valideynləri olanlar da var. Son 6 ayda həmin uşaqlardan 25-i ailəsinə qaytarılıb, 4 uşaq isə uşaq evlərinə və ya internatlara verilib. K.Ağazadə onu da deyib ki, əvvəllər küçə uşaqlarından fiziki xidmətlər üçün istifadə olunurdusa, indi bu hallar azalıb. O, hazırda belə azyaşlıların daha çox cinsi xidmətə cəlb olunduğunu vurğulayıb.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1292

Oxşar yazılar