Qamət Süleymanov: “Kamran Əsədov və yoldaşları dini baxımdan savadsızdırlar”
03 iyun 2009 16:00 (UTC +04:00)

Qamət Süleymanov: “Kamran Əsədov və yoldaşları dini baxımdan savadsızdırlar”

“Onlar İslamı başa düşmürlər”

“Kamran Əsədov və yoldaşlarının məhkəmədə mənə ünvanladığı suallardan və çıxışlarından bu qənaətə gəldim ki, onlar dini baxımdan savadsızdırlar”. Bunu APA-ya açıqlamasında “Nərimanov rayon dindarları” Dini İcmasının sədri Hacı Qamət Süleymanov deyib.

İcma sədri bildirib ki, K. Əsədov və onun tərəfdarları ölkədə İslam dövləti qurmaq niyyətində olublar: “Onlar deyirlər ki, dünyada müsəlman ölkəsi yoxdur, hamı kafirdir”. İslamın tolerant din olduğunu deyən Q. Süleymanov K. Əsədovun məhkəmə prosesində ünvanına söylədiyi fikirlərə münasibət bildirmək istəməyib: “Hər savadsızın sözünü şərh etmək istəmirəm. Ümumiyyətlə, belə insanların sözlərinə fikir vermək lazım deyil. Onlar İslamı başa düşmürlər. Quranı və bir iki hədis oxuyublar, elə bilirlər ki, İslam barədə müfəssəl məlumata malikdirlər”. Q. Süleymanov Əbu-Bəkr məscidinin bu məsələlərlə bağlı maarifləndirici iş apardığını da qeyd edib: “Bu məscid Kamran Əsədov kimi radikal insanların qarşısını alırdı. Bu cür adamlar dünyada gedən proseslərə, məscidlərin bağlanmasına diqqəti yönəldib, bunları süni şəkildə şişirdib, öz məqsədləri üçün istifadə edirlər. Bəziləri də aldanıb bu cür terror qruplarının təsiri altına düşürlər”.

Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədov və daha 19 nəfərin cinayət işi üzrə keçirilən məhkəmə prosesində K. Əsədov Hacı Qamət Süleymanovu kafir adlandırıb: ““Əbu Bəkr” məscidi şeytan yuvasıdır. Ona görə də bağlanmalıydı. Qamət isə kafirdir. Onun bəxti gətirib ki, partlayış zamanı ölməyib. Bakıda məscid tikdirib, kafir Qamət Süleymanovu ora rəhbər təyin etmək müsəlmançılıq deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1199

Oxşar yazılar