Sabah 21 rayonda mərkəzləşdirilmiş imtahan keçiriləcək
02 iyun 2009 19:45 (UTC +04:00)

Sabah 21 rayonda mərkəzləşdirilmiş imtahan keçiriləcək

Sabah ilk dəfə olaraq, Azərbaycanın bütün ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada imtahan keçiriləcək. Bu imtahanlarda ötən dərs ilində buraxılış imtahanlarında “qeyri-kafi” qiymət alan, müəyyən səbəblərdən orta təhsil kursunu bitirməyən şəxslər də iştirak edəcək.

Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov dərs ilinin yekunlarına dair keçirdiyi mətbuat konfransında belə deyib. Nazir bildirib ki, sabah 21 rayonda (Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Ucar, Zaqatala, Saatlı, Sabirabad və Qobustan) XI sinif şagirdləri “Ana dili”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya”, “Xarici dil” fənlərindən buraxılış imtahanları verəcəklər. Onun sözlərinə görə, artıq Təhsil Nazirliyinin imtahanları təşkil edəcək nümayəndələri rayonlara ezam olunub. İyunun 8-də 17, iyunun 12-də 19 şəhər və rayonda, iyunun 16-da isə Bakı və Sumqayıt şəhərlərinin məktəblərində buraxılış imtahanı keçiriləcək.

Nazir qeyd edib ki, əsas təhsil kursu üzrə buraxılış imtahanları 3 saat ərzində iyunun 5-də, eksternat qaydasında əsas və orta təhsil kursu üzrə buraxılış imtahanları isə iyunun 23-də saat 10.00-da Bakıdakı 202 saylı məktəbdə keçiriləcək.

Misir Mərdanov bildirib ki, 2008-2009-cu dərs ilində buraxılış sinif (XI-XII) şagirdlərinin sayı 113 min 186 nəfərdir. Yeni dərs ilində orta ümumtəhsil məktəblərinin I sinfinə təxminən 125 min 114 şagird qəbulu proqnozlaşdırılır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1046

Oxşar yazılar