Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
01 iyun 2009 16:29 (UTC +04:00)

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Hazırda ölkə əhalisinin 29 faizini 18 yaşadək uşaqlar təşkil edir

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Lent.az-ın məlumatına görə, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb.
Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Dövlət Statistika Komitəsinin (DSK) yaydığı son məlumata görə, hazırda ölkə əhalisinin 29 faizini 18 yaşadək uşaqlar təşkil edir. 2008-ci ildə Azərbaycanda 152,1 min, bu ilin 4 ayında isə 48,4 min körpə dünyaya gəlib. Körpələrin 53,4 faizini oğlan, 46,6 faizini qızlar təşkil edir.

Prezident İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli sərəncamı ilə 2009-cu il həm də Azərbaycanda “Uşaq ili” elan edilib. Dövlət Statistika Komitəsində bildiriblər ki, 2009-cu ilin yanvarına olan məlumata görə hazırda ölkədə uşaqlara tibbi xidmət göstərən 591 poliklinika, ambulatoriya və uşaq şöbəsi olan müəssisələrdə 4,5 min nəfər həkim-pediatr çalışır. İlin əvvəlinə ölkədə idman seksiyalarında məşğul olan uşaqların sayı 339 min nəfər olub. Uşaqlar daha çox futbol, voleybol, şahmat, yüngül atletika, sərbəst güləş, basketbol və stolüstü tennis kimi idman növlərinə maraq göstərirlər.

2009-cu il aprel ayının 1-i vəziyyətinə ölkədə 11,7 min ailədə olan 22,8 min uşağa aylıq sosial müavinət təyin olunub. Bu müavinətləri alan uşaqların 1,8 mini şəhid ailələrinin, 16,4 mini müharibə əlillərinin, 4 mini I və II qrup Çernobıl AES əlillərinin, 0,6 mini isə müddətli xidmətdə olan hərbi qulluqçuların uşaqlarıdır. Həmçinin, sağlamlıq imkanları məhdud olan 56,5 min uşağa və 10,7 min ailənin 1 yaşınadək olan 10,8 min uşaqlarına aylıq, 23,6 min ailəyə 24 min uşağın doğulmasına görə birdəfəlik sosial müavinətlər verilib. Bundan əlavə, 173,3 min ailənin 381,7 min uşağı ünvanlı dövlət sosial yardımı alır.

Azərbaycanda 1612 məktəbəqədər təhsil müəssisəsi, 4550 gündüz ümumtəhsil məktəbi, 108 peşə məktəbi və peşə liseyi, 60 orta ixtisas təhsil müəssisəsi, 48 ali məktəb fəaliyyət göstərir. Hazırda Mədəniyyət və Turizm Nazirliyi sisteminin klub müəssisələrində 3672 uşaq dərnəkləri və kollektivləri, 104 uşaq kitabxanası və 234 uşaq musiqi incəsənət və rəssamlıq məktəbləri var.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748

Oxşar yazılar