Lənkərandakı Şəhidlər Xiyabanı sökülürmü?
01 iyun 2009 14:50 (UTC +04:00)

Lənkərandakı Şəhidlər Xiyabanı sökülürmü?

Sakinlər “hə” deyirlər, İcra Hakimiyyəti isə təkzib edir

Mətbuatda Lənkərandakı Şəhidlər Xiyabanının satıldığı barədə xəbərlər yayılıb.

Lent.az-ın əməkdaşı məlumatları araşdırmaq üçün həmin əraziyə baş çəkib. Ərazi ilə tanışlıqdan sonra Şəhidlər Xiyabanının 10-15 metrliyində həqiqətən də tikinti üçün özülün qazıldığı və burada bir neçə fəhlənin işlədiyi məlum olub.


Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, 162 ünvanda yaşayan 70 yaşlı Mirzə Həbibov Lent.az-ın əməkdaşına yerli icra strukturlarının bu yerin ticarət obyekti üçün ayrılmasına icazə verdiklərini deyib. M.Həbibov bunun yaxınlıqda yaşayan sakinlərin narazılığına səbəb olduğunu vurğulayıb: “Bura əvvəllər şəhər qəbiristanlığı olub. Əgər torpağı dərin qazsan, hər addımda insan sümükləri çıxacaq. Amma sovetlər dönəmində bir hektara yaxın ərazini əhatə edən qəbiristanlıq yerlə yeksan olunaraq yerində müxtəlif obyektlər tikilib. 1990-cı ilin yanvarında isə boş qalmış sahədə 20 Yanvar şəhidləri dəfn olundu və beləliklə bu yerdə Şəhidlər Xiyabanı salındı”.

M. Bayramovun sözlərinə görə, burada 20 Yanvar şəhidləri ilə yanaşı, Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canlarını fəda etmiş daha onlarla Lənkəran sakini dəfn olunub.

Şəhərin Səttarxan küçəsi, 162 ünvanda yaşayan Malik Bayramov də özül qazılan yerdən bir neçə iri ağacın kökündən çıxarılaq obyektin arxa hissəsində yenidən əkilməsindən narahat olduğunu söyləyib: “Heç ilin də bu vədəsində ağaca qıyarlar? Ağaclar solğunlaşıb, öləziyib”.


Lənkəran Şəhər İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Mətləb İbrahimov isə söhbət gedən tikilinin Şəhidlər Xiyabanının ərazisinə aidiyyətinin olmadığını bildirib: “Biz şəhərdə abadlıq və quruculuq işləri aparmaq istəyirik, amma bir qrup şəxs isə hər vəchlə buna mane olmağa çalışır”.

M. İbrahimovun sözlərinə görə, bu obyektdə su təmizləyici qurğu quraşdırılacaq və yerli sakinlərin istifadəsinə veriləcək: “Biz hər hansı bir qərarı qəbul edərkən ilk növbədə xalqımızın rifah halını düşünürük”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 713

Oxşar yazılar