Pensiya sistemində elektron hesablaşma
04 may 2009 13:30 (UTC +04:00)

Pensiya sistemində elektron hesablaşma

Bundan sonra hər kəs Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə gələcəkdə alacağı pensiyanı hesablaya biləcək

Bu gün Bakıda Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) və BMT-nin İnkişaf Proqramının (BMTIP) “DSMF-nin Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (AİS) təqdimatı keçirilib. Mərasimdə fondun müvafiq şöbələrinin rəhbərləri ilə yanaşı BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Bruno Pueza da iştirak edib.

Lent.az-ın məlumatına görə, DSMF sədri Səlim Müslümov idarəetmə sistemi ilə jurnalistləri tanış edərək, məlumat bazasının necə işlədiyini əyani şəkildə göstərib. Səlim Müslümov deyib ki, yeni sistem 2003-cü ildə BMT İP ilə imzalanmış “DSMF-nin Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində qurulub. Onun sözlərinə görə, hazırda sazişin beşinci mərhələsidir. Bu mərhələnin məqsədi DSMF-nin bütün yerli şöbələrində Avtomatlaşdırılmış İdarəetmə Sisteminin səmərəli istifadəni təmin etməkdir.

Fond sədri bildirib ki, dövlət sığorta-pensiya sistemində avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması bu layihənin əsas tərkib hissəsidir. Onun sözlərinə görə, avtomatlaşdırılmış idarəetmə sisteminə keçidlə DSMF kağız üzərində işlərdən elektron fəaliyyətə keçmək imkanı əldə edib. Bu isə rəsmiləşmələrin daha dəqiq aparılmasına və onların istənilən zaman əldə edilməsinə şərait yaradıb. 2003-cü ildə icra edilən layihənin məqsədi informasiya kommunikasiya texnologiyaları əsasında yeni idarəetmə sisteminin yaradılması vasitəsilə ölkənin sığorta-pensiya sisteminin müasirləşdirilmək və əmək pensiyalarının hesablanması üçün nəzərdə tutulmuş fərdi uçot sistemini təqdim etməkdir. Hazırda layihə çərçivəsində DSMF-nin mərkəzi ofisi ilə regional və rayon şöbələri arasında səmərəli rabitə əlaqəsinin qurulması istiqamətində işlər görülür. Bu məqsədlə fondun rayon şöbələrində beynəlxalq standartlara cavab verən iş yerləri yaradılıb, müasir informasiya kommunikasiya texnologiyaları tətbiq edilib. Bundan əlavə, layihə çərçivəsində DSMF-nin Mərkəzi Arxivi və Tədris Mərkəzi yenidən qurulub istifadəyə verilib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Bruno Pueza isə deyib ki, onun təmsil etdiyi qurum Azərbaycan hökumətinin bir neçə il əvvəl ölkənin pensiya sığorta sisteminin XXI əsrin tələblərinə uyğunlaşdırılması üçün yardım göstərilməsi ilə bağlı müraciətinə həvəslə cavab verib.

“Biz Azərbaycanda pensiya təminatı sahəsində aparılan islahatlardan razıyıq. Ümid edirik ki, bu sahədə görülən işlər, yeni məlumat bazasının yaradılması pensiya sahəsində şəffaflığın təminatı üçün mühüm şərait yaradacaq. Hazırkı şəraitdə biz Azərbaycanı başqa ölkələrə nümunə göstərə bilərik. Ancaq təkmilləşmə hələ davam etməlidir” – deyə, BMT-nin nümayəndəsi əlavə edib.


Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1247

Oxşar yazılar