Tanınmış hüquqşünas tarixi binaların kasıblardan alınmasına cavab verdi
11 yanvar 2011 16:09 (UTC +04:00)

Tanınmış hüquqşünas tarixi binaların kasıblardan alınmasına cavab verdi


Tanınmış vəkil, “Viza” hüquq şirkətinin rəhbəri Aslan İsmayılov Bakının mərkəzindəki tarixi yaşayış binalarının kasıblardan alınaraq, hərraca çıxarılması barədə məlumatlara etiraz edib.

Aslan İsmayılov Lent.az-la əlaqə saxlayaraq, “Böyük Bakının Regional İnkişaf Planı” Layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarlının bu açıqlamasının qanunazidd olduğunu söyləyib.

Xatırladaq ki, Novruz Eldarlı ötən şənbə mətbuata açıqlamasında bildirib ki, bu təklifin əsas məqsədi tarixi binaların tamamilə abadlaşdırılmasını təmin etməkdir: “Bunlar sovet dövrünün nəticələridir ki, belə bahalı - mərkəzi ərazilərdə yerləşən binalarda imkansız insanlar yaşayırlar. Nəticəsi də odur ki, həmin adamlar bu tarixi binalara baxa bilmirlər”.

Aslan İsmayılov isə “Böyük Bakının Regional İnkişaf Planı” Layihəsinin icra qrupunun rəhbərini söylədiyi fikirlərin mahiyyətinə varmamaqda qınayıb: “Mənə elə gəlir ki, bu müsahibəni mətbuata verən şəxs ağzından çıxan sözün hansı mahiyyət və yük daşıdığını anlamır. Anlasaydı, belə bir müsahibə verib insanları təhqir etməzdi. Mən həmin şəxsin nəzərinə çatdırmaq istəyirəm ki, Bakının mərkəzində heç vaxt kasıb insanlar yaşamayıb. Sovet dövründən, əsasən də Heydər Əliyevin hakimiyyətə gəldiyi illərdən başlayaraq, Bakının mərkəzində Azərbaycan ziyalılarına evlər verilib. Hələ sovet dövründə Bakının mərkəzində, tarixi abidələr olan binalarda ermənilər, yəhudilər, ruslar yaşayıb. Heydər Əliyev hakimiyyətə gələndən – Bakının milliləşməsinə başlayandan həmin binalara Azərbaycanın elm və mədəniyyət sahəsində tanınmış şəxsiyyətləri yerləşdirilib. Rəşid Behbudov, Sara Qədimova, Şövkət Ələkbərova, tanınmış alimlər və akademiklər – həmin binalarda əsasən, bunlar yaşayıb və bu gün də həmin təbəqədən olan insanlar orada yaşayır”.

Hüquqşünas hesab edir ki, “Böyük Bakının Regional İnkişaf Planı” Layihəsinin icra qrupunun rəhbərinin məsələni bu cür qoyması tarixi binalarda yaşayanlara qarşı hörmətsizlikdir. Onun fikrincə, kasıb təbəqə savadsız, elmi olmayan təbəqə deməkdir: “Kasıb təbəqə heç vaxt Bakının mərkəzində yaşamayıb, onlar gecəqondularda və ondan bir az üstün olan ərazilərdə yaşayıb. Bu baxımdan, Novruz Eldarlının söylədikləri məntiqə və etikaya sığmır”.

Aslan İsmayılov bu məsələdə başqa bir məqamı da xüsusi qeyd edir. Onun sözlərinə görə, “Tarixi və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda deyilir ki, dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə əsasən, tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur: “Qanunvericiliyi oxuyan hər kəs görür ki, tarixi abidələrin qeydə alınması, abadlaşdırılması və onlarla bağlı hər hansı işin aparılması dövlətin nəzarətindədir”.

Vəkil bildirir ki, xüsusi mülkiyyətdə olan tarixi abidələrdə hər hansı iş aparılırsa, həmin şəxslər bunu müvafiq qərar, sərəncam və qanunlara uyğun olaraq, müvafiq qurumlarla razılaşdırmalıdır. Onun sözlərinə görə, ölkə prezidentinin 2006-cı ildə imzaladığı sərəncama uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tarixi və mədəniyyət abidələrinin qorunmasına cavabdehdir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598

Oxşar yazılar