Bakı metropolitenində təhlükəli romantika - REPORTAJ
Bu reportaj, daimi sərnişin həyatı yaşayan maşınsız vətəndaşlara maraqlı gələ bilər. Kant və Haydeggerin nəvələrinin istehsal elədiyi avtomobilləri paytaxt yollarında kəl arabası kimi hoylaya-hoylaya sürən, maqnitofonunda Azərbaycan xalqının müasir mədəni tarixinin son nailiyyəti olan Üzeyir Mehdizadənin “əsər”lərini var səsi ilə oxuda-oxuda dolaşanlara maraqlı gələcəyinə inanmıram. Çünki həmin adamlar maraq və ekzotika xətrinə (adıçəkilənlərin nə olduğunu bilməyəndə, xətrinə nəsə eləmək də olmur axı) olsa belə, metroya minmirlər. Uzun sözün qısası, Lent.az-ın bu reportajının hədəf qrupu – daimi sərnişinlər, fikrimi daha konkret və bədii ifadə etsəm, metro istifadəçiləridir.
Metro - məkanı bəlli edən iri «M», dar cığırlarda gedən şıdırğı alver, qurğular, kassada əyləşən yaşlı və acıqlı qadınlar, sıx saatlarda basabas, gecələr tənha vaqonlar, tələskənlik, şit tələbə zarafatları, yekəxana və daqqa qızlar, oğlanlar, zənbillərini döşəmə ilə sürüyən qarılar, qocalar...
İlk təəssüratlar bunlardır. Bir də hər metro stansiyasının təhlükəsizliyini təmin etməkdə görəvli olan polislər.
Daha gənc və daha itoynadan vaxtımda metronun girişində dayanıb zənbil əlləşdirən, çanta yoxlayan bu adamlardan zəndeyi-zəhləm gedirdi. Çantamı yoxlamaq istəklərini, bəzən tələblərini gərginlik və əsəbiliklə qarşılayır, arada dişimin zəhərini axıtmaqdan da qalmırdım. Amma bir az yaşa dolub, bir az da adam olandan sonra anladım ki, onların işi, məsələn, mənim jurnalist fəaliyyətimi yerinə yetirməyim kimi zərərsiz, cəmiyyət üçün xeyirli bir şeydir. Axı onlar vətəndaşların, o cümlədən, mənim təhlükəsizliyimi qorumuş olurlar. Bu təhlükəsizliyi onlar necə qoruyurlar – bax, reportajım bu həngamədəndir.
...əlimdə yekə bir paket, normal ölçüdə bir çiyin çantası metropolitenin gur stansiyalarından birinə daxil oluram. Hələ səhərin günortaya dönməyən vaxtıdır və həmişə bu vaxtlar olduğu kimi, stansiya izdihamlı, sadə dillə desək, basabasdır. Keçid qurğularının yanında dayanmış çox yaşlı, hündürdən danışmaqlarından və paltarlarından göründüyü kimi, kənddən indicə gəlmiş ər-arvad çaşıb qalıblar. İkisi də necə keçə biləcəklərini tələsən adamlardan soruşmağa cəhd etsələr də, səslərinə səs verən yoxdur. Girişdəki polislər isə gəlib-keçən adamları unudaraq, gözlərini bu cütlüyə zilləyib. Deyəsən, məsələnin sonunun nə olacağı onlara maraqlıdır. Elə mənə də... amma mən onlardan daha ayıq davranıram. Paketimi, çantamı qarşılarındakı masaya qoyub, yoxlamalarını gözləyirəm. Bu «könüllü» hərəkətim nisbətən cavan polisi çaşdırır, bir gözü qurğunun yanında ilişib-qalan ər-arvadda, bir gözü məndə:
- Keç, gözəl, keç! – deyir.
Əslində burada yubanıb, onlarla çənə vurmağa bəhanə lazım idi, amma başlarının belə qarışıq vaxtı ağlıma bir şey gəlmirdi. Təsadüf məni xilas elədi – heç gözləmədiyim halda, çantamı tərpədəndə, himə bəndmiş kimi hər iki qulpu qırıldı.
Cavan polis mənə macal vermədən, tez əyilib, çantamı yerdən götürdü və qulplarına diqqətlə baxaraq, mənə kömək eləməyə çalışdı. Nəyi hara keçirəcəyini bilmək üçün çantanı o üz - bu üzünə çevirdi.
O çantanın qulpunu düzəldənə, mənsə vaxtdan istifadə edib, metro kartımı çıxarıb, hazırlayana qədər əlizənbilli, noutbuklu, ağır çantalı adamlar gəlib-keçirdi. Oğlana (bir çanta qulpu düzəltdi deyə, artıq mehriban müraciət eləyirəm) minnətdarlıq hissi ilə:
- Siz narahat olmayın, işinizdən qalırsınız, sonra özüm düzəldərəm – deyirəm.
Polis məni arxayınlaşdırır:
- Eybi yoxdu, sizə də kömək eləmək lazımdı.
- Bu elə də ciddi şey deyil, siz Allah, çantamı verin çıxım gedim, bu dəqiqə kimsə bomba-zad keçirəcək içəri, sonra hamımız qırılacağıq.
- Eh, ay xanım, alnımıza yazılıbsa, elə bomba keçirtməsələr də qırılacağıq.
Oğlanın belə səmimi danışmağı xoşuma gəlsə də, təhlükəsizlik məntiqinə hirsləndim. Elə bu vaxt hələ də gözünü yaşlı cütlükdən çəkməyən o biri polis nəfərinin qulağı deyəsən «bomba» sözünü aldı. Qanrılıb, əşyalarını onların masaları üzərinə sərmiş mənə və əlində çantamın qulpunu düzəltmək üçün dəridən-qabıqdan çıxan cavan polis nəfərinə təəccüblə baxdı.
- Siz neynirsiz burda? (Polis oğlana) A bala, neynirsən?!
Oğlan çəkinərək:
- Xanımın sumkasının qulpu qırıldı, dedim kömək eləyim - dedi və işini tez yekunlaşdırmağa çalışdı.
Yaşlı polis:
- Ay xanım, düzəltdir də sumkanı. Onun o ilişkəyinə bude bu düymə boyda bir şey yapışdırırlar, çıxır gedir. Özü də birdəfəlik düzəlir. On qəpikdi qiyməti...
Bu vaxt oğlan çantanı tam hazır vəziyyətə gətirərək, məni «naparnikinin» cəngindən qurtardı.
Mən çantamı axır ki, əlimə götürəndə kassada əyləşən qadınlardan biri əlində iki stəkan boz-bulanıq çay gətirib, polislərin qabağına qoydu və gülümsəyərək, çıxıb getdi.
Axır ki, cavan bir qadın metro kartı ilə bayaqdan döyükə-döyükə qalan kəndli cütlüyü içəri keçirdi. Mən də keçirəm və polislərin gözlərinin yayınmasından istifadə edərək, telefonla bir neçə şəkil çəkirəm.
Başqa bir stansiyada çıxıb, təzədən stansiyanın girişinə qayıdıram. Buradakı mühafizəçi cütlük də bir cavan və bir yaşlı polis nəfərindən ibarətdir. Bu dəfə polis nəfəri çantanı göstərməyimi xahiş edir və əlindəki qurğunu paketin üstündə gəzdirir. Fotoaparatım paketin içində olduğundan, qurğu qırıq-qırıq səslər çıxarır. Polis nəfəri paketi üstdən əlləşdirərək, soruşur:
- İçindəki nədi bunun, xanım?
- Öz əşyalarımdı da, paltar-zad.
- Dəmiri olan nəsə var?
- Yəqin kəmərdi.
- Hə? Onda keç.
Fikirləşirəm ki, bəlkə bu kəmər dediyim şey, ya da fotoaparat partlayıcı qurğu da ola bilərdi. Amma adamların artıq seyrəlməyə başladığı bu rahat vaxtda oğlan özünü əziyyətə salıb, yoxlamır. Oğlan əlimdəki metro kartına və gülümsəyən üzümə baxıb, yenə dillənir:
- Xanım, sizdən bir şey xahiş eləyim də, orada bayaqdan bir qadın dayanıb, keçmir. Deyəsən, kartı yoxdu. Özü də dillənib-eləmir. Sən Allah, onu da keçir də...
Oğlanın əli ilə göstərdiyi istiqamətə baxıram. Balacaboy, boz, başıaşağı qadına yaxınlaşıb, metro kartımı qurğuya toxundurub, - xanım, keçin – deyirəm. Oğlan uzaqdan başı ilə təşəkkür eləyir. Özüm də keçmək əvəzinə, qayıdıb, telefonla polis cütlüyünün şəklini çəkirəm. Amma bu dəfə uğur üzümə gülmür. Yaşlı polis nəfəri şəkillərini çəkdiyimi görüb, tez ayağa qalxır və məni sərt hərəkətlə yanına çağırır. Yaxınlaşıram.
Polis:
- Qızım, ver telefonunu.
- Telefonumu sizə niyə verim axı?
- Lazımdı ki, verməlisən də. Başqa adamdan niyə telefonunu istəmirik?
Bunu deyib, telefonumu əlimdən alır. Mən içimi çəkirəm:
- Ay, pozursuz şəkilləri?
- Yoox, sənə hədiyyə saxlayacam şəklimi? Sən jurnalistsən?
- Yoox.
- Bəs bizi niyə çəkirsən?
- Mən burda yaşamıram. Gedəndə özümlə xatirə kimi aparacam metro şəkillərini.
- Sən Allah? Metro yəni elə əzizdi?
- Siz zarafat eləyin, amma bizim metronu yaman bəyənirlər xaricdə. Qohumlar hamısı deyir ki, metronun o naxışlı, şəkilli yerlərindən şəkil çək, gətir.
- Harda yaşayırsız ki?
- Moskvada.
- Nə yaxşı?! Adam desəm, orda tapa bilərsən?
- Siz bilirsiz, Moskva nə boydadı? Ordan adam tapmaq olar?
- Yaxşı, canın sağ olsun. Özün də mənə bax, metronun harasından istəyirsən, şəkil çək. Mən icazə verirəm.
- Bəs, çəkdiyim şəkilləri niyə pozdunuz?
- Orada baxılmalı nə vardı axı?
- Qalmışdı da, xoşum gəlirdi.
- Nədən xoşun gəlirdi? Orada bu oğlannan məndən savayı heç kimin şəkli yox idi.
- Bəlkə sizdən xoşum gəlirdi?
Polis uğunub getdi və əli ilə bığlarını sığalladı:
- Məndən xoşun gəlir, sabah burdan keçəndə sənə özümün portret şəklimi bağışlayaram. Ta bu yetim günündə olan şəklimizi neynirsən?
Bu vaxt cavan polis nəfəri həvəslə lap yaxına gəldi:
- Rəis, mən də düşmüşdüm şəkildə?
- İşində ol ə! Bunun həvəsinə-zadına bax!
Oğlan yaşlı polisin cavan qızın yanında üstünə acıqlanmağından alınıb, qırağa çəkildi və əlindəki qurğunu gəlib-keçənlərin çantalarına tərəf uzatdı.
- Yaxşı, axı siz mənə demədiniz ki, niyə sizin şəklinizi çəkmək olmaz.
- Olmaz da, xanım, olmaz. Biz burda sizi qoruyuruq, siz də bizə problem yaradırsız.
- Yaman da qoruyursuz! Bayaqdan başınız mənnən söhbətə qarışıb, burdan da yüz nəfər əlisumkalı adam keçib. Bəlkə bomba doldururlar elə metroya? Niyə yoxlamırsız?
- Xanım, sən indi bizə işimizi öyrədəcəksən? Biz adamın üzünə baxanda bilirik, onun sumkasında nə ola bilər... Bir də ki, biz burda hamını yoxlamırıq ki. Hamımız azərbaycanlıyıq, müsəlmançılıqdı, yaşlısı var, tələsəni var, əliuşaqlısı var. Məsələn, mən inanmaram ki, sənin kimi gülərüz bir xanım metroya nəsə keçirsin.
- Sağ olun.
- Özün də, hansı stansiyadan şəkil lazımdı, çək. Amma çalış adam az olan yerdən çək. Bilirsən də, qadağandı metroda şəkil çəkmək. Amma mən sənə icazə verirəm. Özün də mənə bax, ta gedib yenə polisləri çəkmə e, yəni şəkilləri-zadı deyirəm. Bildin də, stansiyanın için, özü də adam az olan yerdə.
- Bəs, tutulsam, sizin adınızı verə bilərəm?
- Ay qız, sən nə danışırsan? Bax, tutulsan, mənlik deyil. Dedim axı, çalış, adam az olan yerdə çək...
Polislərlə sağollaşıb, stansiyanın içinə keçdim. Qatara minib, gözlərimi «Metropolitendən istifadə qaydaları» yazılmış böyük bildirişə zillədim. Qadağaları, məsləhətləri, xahişləri oxudum. Əslində, bunu dəfələrlə eləmişəm, amma bəlkə də hər dəfə metro qatarına minəndə bu bildirişləri oxuyuram.
Moskva metrosu qatarlarda hamının kitab, qəzet oxumağıyla məşhurdur. Hətta Rusiya nəşriyyatlarında metroda, nəqliyyat vasitələrində rahat oxuna bilmək üçün nəzərdə tutulmuş xüsusi format «karmannıy pereplyot» deyilən cib ölçülü kitablar buraxır. Metroda harasa gedən şəxs saatlarla davam edən bu yolda kitab oxumaqla məşğuldur. Və bəlkə də orada heç kimin ağlına gəlməz ki, əlindəki bestselleri qoyub, metro qatarındakı bildirişi oxusun.
Bizdəsə metroda kiminsə əlində kitab görmək qırmızı kitaba düşəcək vəziyyətdir. Amma yenə də, qatarlardakı bildirişləri heç kim oxumur. Bekarçılıqdan olsa belə. İfrat insanlıqdanmı, ifrat üzüyumşaqlıqdanmı, ya da sadəcə məsuliyyətsizlikdənmi, polis nəfərləri belə metronun təhlükəsizliyinə belə yüngülvari məsələ kimi baxırlarsa, onda üzərinə düşən məsuliyyəti anlamağına hələ uzun illər və uzun iş lazım olacaq vətəndaşı qınamaq da olmur.
Redaktorun yorğunluğunu çıxarmaq üçün iki sətir:
Günah məndə deyil, yolçəkəndədi –
Bu yollar çəkilib ayrılıq üçün!
Günel

973