Bakının mərkəzində ağacları qırıb, bina tikirlər...
24 aprel 2009 13:00 (UTC +04:00)

Bakının mərkəzində ağacları qırıb, bina tikirlər...

Yaşıllıq zolağı tikinti meydanına çevrilib

“Bacarmadıq, nə qədər ora-bura müraciət etsək də, 30-40 illik ağacları kəsib yerində mağaza tikənlərin sözü bizimkindən keçərli oldu”.

Metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında, Asif Məhərrəmov küçəsindəki 15 saylı binadan çıxıb azyaşlı uşağını məktəbə aparan Tahirə xanım həyətdə inşa olunan binanın nə məqsədlə tikildiyi, onun kimə məxsus olması barədə sualımıza xəsisliklə cavab verir. Ürkək nəzərlərini yaşayış binasının pəncərələri qarşısında dikələn yeni tikilinin üzərində gəzdirərək nəsə demək istəyir. Ancaq sanki nədənsə çəkinirmiş kimi fikrinjən daşınır: “Mən tələsirəm, uşağı məktəbə çatdırmalıyam, keçin içəri, həyətdəki admlardan soruşun”.

Həyətdə isə heç kəs görünmür. Təkcə yaşayış binasının qarşısında, dəmir hasara alınmış həyətdəki tikinti sahəsində bir neçə fəhlə dolaşır. Yaz yağışının tədricən güclənməsinə baxmayaraq, fəhlələr dayanmadan işləyir. Onlardan biri kökündən qoparılmış şam və küknar ağaclarının üzərində dayanıb tikinti materiallarını yuxarı, inşa edilməkdə olan binanın ikinci mərtəbəsinə qaldırır. Dəmir hasarın çöl tərəfində ağaran ağac kötükləri ərazidə “təmizləmə işləri”nin yenicə başa çatdığını göstərir.

Bir neçə gün əvvəl Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev Bakıda və regionlarda ağacların qırılmasına qəti şəkildə qadağa qoyub. Həmin iclasda dövlət başçısı iş adamlarına və öz vəzifəsindən istifadə edən şəxslərə sonuncu dəfə xəbərdarlıq edərək bildirib ki, bundan sonra ağacları kəsən hər bir şəxs ciddi şəkildə cəzalandırılacaq.

İlham Əliyev bu məsələ belə nöqtə qoyub. “Mənə verilən məlumata görə, bəzi hallarda Bakıda yerlər alınır, hasarlanır, sonra oradakı ağaclar kəsilir və orada binalar, yaşayış evləri tikilir. Bunu yığışdırın. Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə qadağa qoyuram”.

Sözügedən müşavirədən bir neçə gün keçməsinə baxmayaraq, müvafiq qurumların, o cümlədən iş adamlarının prezidentin tapşırıqlarından nəticə çıxardığını söyləmək çətindir. Bunu Metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında, Asif Məhərrəmov küçəsindəki 15 saylı binanın qarşısındakı tikinti meydançasının ətrafındakı mənzərə də təsdiqləyir.

Xatırladaq ki, hələ fevral ayında bu ərazinin qanunsuz olaraq hasara alındığı, çoxillik ağacların məhv edildiyi barədə məlumat vermişdik. Hətta o zaman Nəsimi Rayon İcra Hakimiyyətinin memarlıq və şəhərsalma şöbəsinin müdiri Zemfira Xələfova Lent.az-a açıqlamasında ərazidə tikinti işləri aparılmasının mübahisəli olduğunu demişdi. İndi isə iki hissəyə ayrılmış torpaq sahəsinin birində ucaldılan binanın artıq dördüncü mərtəbəsinin tikintisi davam edir. Bir neçə metr aralıda hasara alınmış ikinci torpaq sahəsində isə tikinti işlərinə başlanmasa da ağacların bir qismi kəsilərək ərazidən çıxarılıb.

Fəhlələrin bildirdiyinə görə, yaxın vaxtlarda həmin ərazidə yeni binanın tikintisinə başlanacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1417

Oxşar yazılar