“Sürücüyə yalnız telefonu əldə tutmaqla istifadə qadağan olunur” - MÜSAHİBƏ
11 avqust 2010 16:00 (UTC +04:00)

“Sürücüyə yalnız telefonu əldə tutmaqla istifadə qadağan olunur” - MÜSAHİBƏ

Polkovnik Ramiz Hüseynov: “Yeni qanun yol hərəkəti təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir”

“Yol hərəkəti haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsi parlamentdə qızğın müzakirələrdən sonra nəhayət, bu il iyunun 22-də qəbul edildi. Dövlət başçısının bu qanunun tətbiqi ilə bağlı imzaladığı 1 iyul 2010-cu il tarixli fərmana əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının sözügedən əlavə və dəyişikliklərə uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb, ölkə Prezidentinə təqdim etsin.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Ramiz Hüseynovun Lent.az-a müsahibəsinin mövzusu da “Yol hərəkəti haqqında” Qanuna və yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklərin mahiyyəti barədədir.

Müsahibimiz hər iki hüquqi sənəddə aparılan yeniləşmənin bütövlükdə yol hərəkti təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirdi.

- Cənab polkovnik, “Yol hərəkəti haqqında” Qanuna və yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklər qanunun icrası ilə məşğul olan orqanlara, həmçinin sürücü və sərnişinlərə nə kimi yeniliklər vəd edir?

- Bu dəyişikliklər içərisində sürücülərin məsuliyyətini artıran müddəalar da var, piyadaların təlükəsizliyinin təmin olunması məqsədilə yeni normalar da müəyənləşdirilib. Eləcə də yol hərəkətinə nəzarəti həyata keçirən DYP əməkdaşlarının hərəkətlərində bir sıra yeni konkretliklər aparılıb ki, bunlar da çox əhəmiyyətlidir. Yeni qanun bütövlükdə yol hərəkəti təhlükəsizliyinin daha mükəmməl şəkildə təmin olunmasına xidmət edir.

-Yaşayış zonalarında sürət həddi haqqında qanuna edilən əlavə və dəyişiklik ilk günlər sürücülər arasında mübahisə predmetinə çevrilmişdi. Bu haqda nə deyə bilərsiniz?

- Bu, məlumatsızlıqdan yaranmış anlaşılmazlıq idi. Bir çoxları yaşayış zonası ilə yaşayış məntəqəsini fərqləndirə bilmədiklərindən onlarda səhv fikir formalaşmışdı. Burada söhbət insanların daha sıx yaşadığı və daha çox piyada gəzdikləri, uşaqların oynadıqları həyət ərazilərindən gedir. Belə yerlərdə yüksək sürət yolverilməzdir və sürət həddi saatda 20 kilometrlə məhdudlaşdırılır.

- Həmin zonalarda DYP əməkdaşlarının sürət həddinə əməl edilməsinə nəzarəti nə dərəcədə mümkün olacaq?

- Doğrudur, bu bir qədər çətin məsələdir. Amma nəzarətdən asılı olmayaraq, hər bir kəs qanunu bilməli və onun tələbinə əməl etməlidir. Qanunlar mütləq deyil ki, yol-patrul xidməti əməkdaşının nəzarəti altında icra edilsin, insanlar özləri bu qanunları bilib onlara riayət etməyə borcludurlar. Təbii ki, qanuna məhəl qoymayanların qanun qarşısında məsuliyyəti yaranır. Burada əsas məsuliyyət insanın özunə, öz şüurunun, onun daxili tərbiyəsinin öhdəsinə düşür.

- Sözügedən əlavə və dəyişikliklərdə sürücüləri daha çox maraqlandıran hansı yenilikləri sadalaya bilərsiniz?

- Qanunda sürücülərin nizamlanmayan piyada keçidlərində piyadalara yol vermələri, avtobus sürücülərinin sərnişin mindirib düşürmək üçün avtobusu dayanacaqdan kənar yerdə saxlamamaları, müvafiq icazə olmadan çoxavazlı səs siqnallarından istifadə olunması hallarında həmin siqnalların müsadirəsi və digər məsələlər əksini tapıb. Eləcə də yol hərəkəti qaydaları pozuntularına görə bütün işlərə xətanın törədildiyi yerdə baxılması ilə bağlı dəyişikliklər də çox əhəmiyyətlidir. Belə ki, əvvəllər sürücülük hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan xətalar törədildikdə bu işlər yalnız nəqliyyat vasitəsinin qeydiyyatda olduğu ərazi üzrə Dövlət Yol Polisi hissələrinə göndərilirdi. Artıq DYP-nin bütün hissələri ilə informasiya-kommunikasiya texnologiyaları tətbiq olunmaqla Mobil əlaqələri yaradılmış, mərkəzi məlumat bazasında kifayət qədər məumat toplanıb. Bu baxımdan bütün işlərə xətanın trədildiyi yerdə baxmaq imkanı mövcuddur.

- Sürücülərin sürücülük hüququndan məhrum edilməsi Dövlət Yol Polisinin, yoxsa məhkəmənin səlahiyyətinə aiddir?

- İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş xətalar haqqında işlərə baxmaq səlahiyyətini ölkə başçısı müəyən edir. Həmin məcəlləyə əsasən Dövlət Yol Polisi öz səlahiyyətlərinə aid olan maddələr üzrə 10 və daha çox cərimə balı toplamış şəxslərin sürücülük hüququnun məhdudlaşdırılması barədə müvafiq qərarlar qəbul edir.

- Sükan arxasında telefonla danışmağa görə tətbiq edilən cərimənin məbləği də kifayət qədər artırılıb. Sizcə, bu artım belə qayda pozuntularının sayının azalmasına təsir edəcəkmi?

- Avtomobili idarə edən zaman telefonla danışmağa görə nəzərdə tutulan cərimənin az olması bəzi sürücülərdə arxayınlıq yaradırdı. Halbuki bəzən ən ağır qəzalar telefonla danışmağın ucbatından baş verir. Lakin qeyd edim ki, müasir avtomobillərin bəzilərində telefonu əldə tutmadan gələn zəngi qəbul edib ona cavab vermək imkanı olduğundan bu cür hallarda telefonla danışıq qadağan edilmir. Qanunda yalnız telefonu əldə tutmaqla ondan istifadə edilməsi qadağan olunur. Telefon əldə olanda sürücü bir əllə nəqliyyat vasitəsini idarə etməli olur və bu da təhlükəlidir. Mən ümumiyyətlə sürücülərə sükan arxasında mümkün qədər telefondan istifadə etməməyi tövsiyə edərdim.

- Avtonəqliyyat vasitələrinin DYP əməkdaşları tərəfindən saxlanılması qaydalarında da nəzərəçarpacaq dəyişiklik hiss edilir. Bu barədə nə deyərdiniz?

- Sürücünü saxlamaq Yol Polisinin hüququdur. Hazırkı qanunda bu məsələ ilə bağlı müəyyən bir konkretləşmə aparılıb. Sürücünün müvafiq sənədlərinin yoxlanılması məqsədi ilə nəzarət qaydasında saxlanılmasına yalnız stasionar postlarda icazə verilir. Digər hallarda sürücüyə yol verdiyi qayda pozuntusu elan edilməli və qanunvericiliyə müvafiq tədbirlər görülməlidir. Yol polisi əməkdaşı hərəkətə nəzarəti həyata keçirərkən nəqliyyat vasitəsinin axtarışda olması onda şübhə doğurduğu halda da həmin nəqliyyat vasitəsini saxlaya bilər.

- Bəs, avtomaşınların təqibinə qanunla yol verilirmi? Bu sual tez-tez ortaya çıxır...

- Polis yol hərəkətinə bilavasitə nəzarəti həyata keçirən dövlət nümayəndəsidir, qanunla onun sürücünü saxlamaq barədə göstəriş vemək səlahiyyəti var. Qanunla, eyni zamanda, sürücüyə yol polisinin göstərişlərinə tabe olmaq vəzifələri müəyyənləşdirilib. Odur ki, sürücünün saxamaq barədə işarəyə tabe olmaması yolverilməzdir və buna görə İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət nəzərdə tutulur. Sürücünün hərəkətləri ətrafdakıar üçün real təhlükə yaratdıqda o, müvafiq qaydada təqib ounaraq saxlanıla bilər. Əgər sürücünün qanunla bağlı problemi yoxdursa, avtomobili niyə saxlamır? Polisdən qaçmaq polisdə haqlı olaraq ona qarşı şübhə yaradır. Bu gün avtoxuliqanlıq adlanan yeni növ təhlükəli bir xətanın qarşısı başqa cür alına bilməz. Bildirim ki, Avropa dövlətlərinin əksəriyyətində də polisə tabe olmayan sürücülərin təqib olunması mövcuddur.

- Yol polisi ilə sürücünün münasibətlərində bəzən xoşagəlməz hallar yaranır. Sürücünun DYP əməkdaşının əsassız iddialarına qarşı rəsmi etirazını bildirməsi mümkündürmü?

- Bəli, sürücünün polisin ona qarşı irəli sürdüyü ittihamla razılaşmadığı halda məhkəməyə, həmçinin onun tabe olduğu yuxarı polis orqanına müraciət etmək hüququ var. Vətəndaşların müraciətlərinə polis orqanlarında qanunvericiliklə müəyyən olunmuş qaydada bıxılır və müvafiq qərarlar qəbul edilir. Qeyd edim ki, bir çox hallarda şikayətlər sürücülərin vəziyyəti düzgün qiymətləndirə bilməməsi və qanunvericilikdən kifayət qədər məlumatlı olmaması səbəbindən yaranır. Sonradan müraciətin araşdırılması zamanı məlum olur ki, həqiqətən sürücü qanun və digər normativ aktların tələblərini kifayət qədər mənimsəməyib. Bəzən isə onun şikayətinin məsuliyyətdən yayınmaq məqsədilə atılan bir addım olması üzə çıxır.

- Baş İdarə rəisinin müavini olaraq yol polislərinin sürücülərlə davranış səviyyəsi Sizi qane edirmi?

- Təbii ki, xidmətin aparılmasında nöqsanlara yol verənlər də olur. Belələri daxili nizamnamələrə uyğun olaraq intizam məsuliyyətinə cəlb edilir, cəzalandırılır. İnsan hüquq və azadlıqlarının təmini Baş İdarə rəhbərliyinin daim xüsusi diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, onu da qeyd edərdim ki, bəzə sürücülərimiz də yol verdikləri xətaların təhlükəlilik dərəcəsini kifayət qədər düzgün qiymətləndirə bilmir, onu adi bir şal kimi təqdim etməyə çalışaraq, güzəşt olunmasını tələb edir, bu əsnada hətta mübahisəli vəziyyət də yaradırlar. Sürücü də törətdiyi xətaya görə qanunla müəyyən olunmuş xətaya görə öz məsuliyyətini dərk etməyi bacarmalıdır. Etik davranış isə qarşılıqlı olmalıdır.

- Bəzən qayda pozan sürücülər kamera vasitəsi ilə qeydə alındıqdan sonra televiziya vasitəsilə geniş ictimaiyyətə təqdim olunur. Bu hal nə dərəcədə düzgündür?

- Törədilmiş xəta hadisələri barədə bəzi süjetlərin televiziyada nümayiş etdirilməsi, onlar barədə məlumatların qəzetlərdə çap olunması gələcəkdə bu kimi halların qarşısının alınması, başqa sürücüləri də belə hərəkətlərdən çəkindirmək baxımından görülən profilaktiki tədbirlərin təsirinin artırlması məqsədi daşıyır. Son illər ərzində DİN-in fəaliyyətinin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizlyinin təmin olunması işinin səmərəliliyinin artırılması üçün xeyli işlər görülüb. Məsələn, xətanın texniki vasitələrlə aşkar olunaraq bir növ sübut şəklində əks tərəfə təqdim ediməsi, yollarda sürət həddini aşma xətalarını fiksə etmək üçün istifadə edilən köhnə radarların indi daha müasir-foto radarlarla əvəzlənməsi, dəqiq və qərəzsiz bir şəkildə sürücülərə törətdikləri xətaları dəlil olaraq təqdim etməklə, onların təqsirini asanlıqla sübuta yetirməyə imkan verir. Bundan əlavə, yolayrıclarında qurulmuş müşahidə kameraları vasitəsilə bu gün gecə-gündüz fasiləsiz olaraq yol hərəkətinə nəzarət etmək imkanlarımız var. Qaydaları pozan sürücülər bu kameralar vasitəsilə müəyyən edilir. Ümumiyyətlə, həmin ərazilərdə baş verən hadisələrin obyektiv araşdırılmasında müşahidə kameraları vasitəsilə çəkilən görüntülər əvəzsizdir.

- Bakının bəzi küçələrində hələ də yol nişanları və işarələnmə məhduddur. Bəzi küçələrdə isə svetaforlar yolun sol hissəsi ilə hərəkət edən sürücülərə görünmür. Xüsusən sağ tərəfdə iri qabaritli nəqliyyat vasitəsi dayanıbsa… Bu kimi problemlərin həlli ilə bağlı nə kimi layihələrin reallaşdırılması nəzərdə tutulur?

- Yol nişanları yol hərəkətinin təşkilində vacib şərtdir. Sürücü yoldan nə qədər çox informasiya ala bilirsə, təbii ki, öz hərəkətini aldığı informasiyaya uyğun qurmağa çalışacaq. Yolun həddən artıq yol nişanları ilə yüklənməsi də düzgün deyil. Doğrudur, bu sahədə azuladığımızdan bir qədər geri qalma mövcuddur. Bu da əsasən şəhərdə aparılan geniş miqyaslı yenidənqurma, o cümlədən yolların əsaslı təmiri və yenidən çəkilməsi ilə sıx əlaqəlidir. Bütün bunlara baxmayaraq, qeyd olunmalıdır ki, həm Nəqlyyat Nazirliyinin müvafq qurumları, həm də Dövlət Yol Polisi tərəfindən bu istiqamətdə intensiv işlər görülür. Svetaforlarla bağlı qeyd etdiyiniz çətinliyə gəlincə isə, hazırda əsaslı təmir olunan və təkrarlanmasına zərurət yaranan yerlərdə əlavə svetaforların qurulması planlaşdırılır. Bundan əlavə, yollar təmir olunduqca biz həmin yolları belə svetaforlarla təmin edəcəyik. Cənab Prezidentin sərəncamına müvafiq olaraq Nəqliyyat Nazirliyi tərəfindən Koreya mütəxəssislərinin iştirakı ilə Bakı şəhəri üzrə ictimai nəqliyyatın hərəkətini tənzimləyəcək İntellektual idarəetmə sisteminin yaradılması üzrə işlər görülür. Hesab edirəm ki, bu qeyd olunanların reallaşması yaxın zamanlarda paytaxtda hərəkətin nizamlanmasına öz töhfəsini verəcəkdir.

Əmrah Fəqanoğlu,
Vüsal Babayev
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3374

Oxşar yazılar