"Reket Jurnalistika"ya qarşı mübarizə sonadək davam etdiriləcək
03 avqust 2010 16:00 (UTC +04:00)

"Reket Jurnalistika"ya qarşı mübarizə sonadək davam etdiriləcək

Əflatun Amaşov: "Mətbuat Şurasının "Reket nəşrlərin müəyyənləşdirilməsinə dair Təlimatı"nda nəzərdə tutulan prinsipləri yerinə yetirənlər, buna cəhd göstərənlər, iradlarımızdan nəticə çıxaranlar var və onların mövqeyinin nəzərə alınması bir prinsip kimi əhəmiyyətlidir"

Azərbaycan Mətbuat Şurasının "qara siyahı"sında yer alan kütləvi informasiya vasitələrinin bir qisminin əfvi artıq neçə müddətdir ki, gündəmdədir. Məsələ ilə bağlı Şuranın İdarə Heyəti öz qərarını da verib. Qzərara əsasən siyahıdan 26 KİV-in adı çıxarılıb. Bunun hansı zərurətdən irəli gəldiyini, ümumiyyətlə "reket jurnalistika"ya qarşı mübarizədəki son vəziyyəti nəzərdən keçirmək üçün Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovla söhbətləşdik.

- Əflatun müəllim, bilmək istərdik, KİV-lərin bir qisminin adının "qara siyahı"dan çıxarılması ilə bağlı təşəbbüs hansı zərurətdən irəli gəldi. İlk baxışdan belələrinin islah olunacağını düşünmək…

- İlk növbədə Mətbuat Şurasının "qara siyahı"sının hansı məqsədlə tərtib edildiyi zərurətinə diqqət yetirmək istərdim. Siyahı peşə prinsiplərinə laqeyd yanaşan, insanların şərəf və ləyaqətinə toxunan materiallar dərc edən, şantaj, böhtan və bu kimi digər xoşagəlməz əməllər törədən mətbuat orqanlarının ictimai qınağa cəlbi üçün istifadə edilən vasitədir. Burada hüquqi deyil, ictimai məsuliyyət növü nəzərdə tutulur və "qara siyahı"ların dərci cəmiyyətin mediadakı mövcud xoşagəlməz meyllərə reaksiyasını formalaşdırmaq məqsədi daşıyır. Düşünürəm ki, ötən müddət ərzində Mətbuat Şurası mövcud istiqamətdə xeyli iş görüb və bu tədbirlər mətbuatımızın saf və təmiz adının bərqərar olmasına dəstək göstərilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Lakin bizim üçün əməyimizin bəhrəsini görmək də vacibdir. "Qara siyahı"ya salaraq bir növ tənbeh etdiyimiz KİV-lərin reabilitasiyası və ölkənin normal media aləminə qoşulmaları bizim üçün bir prinsip kimi əhəmiyyətlidir. Yanlış yol tutanlar olduğu kimi, səhvini anlayan da var! Buna görə İdarə Heyətinin 18 fevral 2010-cu il tarixli qərarı ilə Şuranın tərkibində "apellyasiya qrupu" formalaşdırılıb. Ötən qısa müddətdə qrup Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası ilə birlikdə məhsuldar işlədi. Siyahıdan çıxarılma ilə əlaqədar daxil olan müraciətləri operativ şəkildə araşdırdı və İdarə Heyətinə müvafiq təqdimatlar ünvanladı.

Mətbuat Şurası fəaliyyəti cəmiyyət tərəfindən məqbul qarşılanmayan, hərəkətləri birbaşa inzibati qaydada araşdırılmalı olan KİV-ləri "reket" elan edir. Bu addım atılmasaydı, onların tam əksəriyyətinin təmsilçiləri ya həbsxanalarda olacaqdılar, ya da məhkəmə cərimələrini ödəmək məcburiyyətində qalacaqdılar. Məsələnin ikinci tərəfi isə bundan ibarətdir ki, belələrinin davranışları hüquqi müstəvidə dəyərləndirilməli olsa da, Şuranın tənzimləyici rolu sayəsində yalnız ictimai qınaqla üzləşirlər.

Əlbəttə, bir çoxlarının islah olunacağını düşünmək sadəlövhlükdür. Əslində belələrinə hansısa formada yaşıl işıq yandırmaq fikrimiz də yoxdur! Hər halda Şuranın "Reket nəşrlərin müəyyənləşdirilməsinə dair Təlimatı"nda nəzərdə tutulan prinsipləri yerinə yetirənlər, buna cəhd göstərənlər, iradlarımızdan nəticə çıxaranlar var və onların mövqeyi nəzərə alınır. Məsələ KİV-lərin peşə etikasına riayət etmələrini, yaradıcılıqları ilə fərqlənmələrini, cəmiyyət həyatının müxtəlif sahələrinə nüfuz etmələrini qiymətləndirməkdə və dəstəkləməkdə, eyni zamanda özlərini doğrultmalarına zəmin yaratmaqdadır. Nəticə etibarilə mübarizəmizin effektivlik dərəcəsini görmək bizim üçün vacibdir.

- "Qara siyahı"dan çıxarılmanın Azərbaycan Milli Mətbuatının 135 illik yubileyi ilə əlaqədar olduğu bildirilir. Məsələyə bu baxımdan yanaşsaq, siyahıdan çıxarılma zamanı "Reket nəşrlərin müəyyənləşdirilməsinə dair Təlimat"dakı prinsiplərə tam şəkildə əməl edilmədiyini də söyləmək mümkündürmü?

- Məsələni tam olaraq siz deyən formada qoymaq istəməzdim. Təlimatdakı şərtlər fərqlidir. Biz nisbətən yumşaq yol seçdik. Çünki bu, bağışlanmadır. Təlimata görə "qara siyahı"ya düşən media vasitəsi üçün oradan çıxmaq imkanlarına MŞ-nin bununla bağlı qərarının qəbulundan bir il keçəndən sonra baxıla bilər ki, biz bunu rəhbər tutduq. İkincisi, bu müddətdə müvafiq nəşrdə etik prinsiplərin pozulması ilə bağlı MŞ-yə əsaslı şikayət və müraciətlər daxil olmamalıdır. Paralel olaraq KİV-in materiallarında peşə prinsiplərinin pozulması aşkarlanmamalıdır ki, bu da Şuranın apardığı monitorinq əsasında müəyyənləşdi.
Təlimata əsasən "qara siyahı"dan çıxmaq istəyi media vasitəsinin özü tərəfindən ifadə olunmalıdır. "Reket nəşr" elan olunan KİV MŞ-yə üzərindən bu adın götürülməsinə dair rəsmi müraciət ünvanlamalı, bunun üçün Təlimatda nəzərdə tutulan tədbirlərin reallaşdırılması istiqamətindəki tövsiyələrə əməl etməyə razılığını bildirməlidir.

KİV-in üzərindən "reket nəşr" adının götürülməsi prosedurunun həyata keçirilməsi zamanı məlum nəşrin redaksiya kollektivi ilə əmək müqaviləsi bağlaması, əmək və vergi qanunvericiliyinin tələblərinə riayət etməsi də əsas götürülür. Onun sınaq ili ərzində ən azı 12 nömrəsi də çıxmalıdır. Mövcud müddəa "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun da başlıca tələblərindəndir.

Göstərilən tələblərin demək olar hamısı nəzərə alındı. Fərqli xüsusiyyət prosesin tez bir zamanda gerçəkləşdirilməsindədir ki, bu da "apellyasiya qrupu" ilə "Reket jurnalistika" ya qarşı mübarizə Komissiyasının məhsuldar əməyinin nəticəsi kimi dəyərləndirilə bilər.

- Əflatun müəllim, "qara siyahı"da yer alan KİV-lərin mahiyyət etibarilə həqiqi Azərbaycan mətbuatına aidiyyatı yoxdur və bu məsələ barədə kifayət qədər söhbət açılıb. Elə isə onların məhz Milli Mətbuat Günü kimi əlamətdar tarix münasibətilə bağışlanılmaları ziddiyyət yaratmır ki?

- Düzdür, belələrinin böyük hesabla Azərbaycan mətbuatına aiddiyyatı yoxdur, heç olmayıb da! Onlar istər yaradıcılıq, istərsə də digər mənəvi xüsusiyyətlər baxımından çoxillik mətbu ənənələrimizdən uzaqdırlar. Nə etmək olar, "reket jurnalistika" bu günkü Azərbaycan mediasının acı da olsa, bir reallığıdır. Təəssüflə deyim ki, belələrinin hərəkətləri cəmiyyət içərisində mətbuatımız barədə mənfi rəyin formalaşmasında başlıca amil sayılır. Fəaliyyətləri haradasa idarəolunmazlıq, anarxiya mühiti yaradır. Biz bu sindromu aradan qaldırmaq niyyətindəyik. Buna görə də mətbuatla bağlı nə varsa - pisdi, yaxşıdı, fərqi yoxdur - hamısına sahib çıxmağı bacarmalıyıq. Mövcud mənada məhz Milli Mətbuat Günü ilə bağlı bağışlanılma əhəmiyyət daşıyır. Hər hansı ziddiyyət görmürəm.

- "Qara siyahı"da yer alan KİV-lərin oradan çıxarılması ilə bağlı məsələ gündəmə gələndə, bəzi media orqanlarında belə məlumatlar yayıldı ki, Mətbuat Şurası "reket nəşr"lərdən çəkinir.

- Bu cür mülahizələri ciddiyə almamağı məsləhət görərdim. Əvvəla ona görə ki, "qara siyahı"dan çıxarılan KİV-lərin hər birinin bununla əlaqədar Şuraya rəsmi müraciəti var. İkincisi, o qəzetlər ki, cəmiyyət üzvlərinə, Mətbuat Şurası İdarə Heyəti üzvlərinə qarşı qarayaxma kampaniyası aparırdılar, onlar siyahıda qalırlar. Yəni, hansındansa çəkinəcəyimiz yoxdur. Biz rəhbər tutduğumuz prinsipləri yerinə yetiririk. Kim həmin prinsiplərin əhatə dairəsinə düşməyə can atacaqsa, nəzərə alınacaq.

- Əflatun müəllim, "qara siyahı"dan 26 nəşrin adı çıxarıldı. Hansı təminatlar var ki, onlar, belə demək mümkünsə, köhnə şakərlərinə qayıtmayacaqlar?

- Sualınız yerində səsləndi. "Qara siyahı"dan çıxma o demək deyil ki, yenidən ora düşmək olmaz! Təminat isə ilk növbədə fəaliyyətlə bağlıdır. Siyahıdan çıxarılmağa layiq olduqlarını fəaliyyətləri ilə isbatlayıblar. Lakin Şura tərəfindən onlara nəzarət tətbiq olunacaq. İdarə Heyəti qərara gəlib ki, bu KİV-lərdən hansısa biri barəsində Şuraya əsaslı şikayət daxil olacaqsa, həmin qəzetin adı dərhal siyahıya qaytarılsın. Digər tərəfdən, Mətbuat Şurasının monitorinq qrupunun araşdırmaları da nəzərə alınacaq. Materiallarında peşə davranışı prinsiplərinin pozulması yenidən mütəmadi hal alanlar da eyni tədbirlə üzləşəcəklər.

- Əflatun müəllim, Azərbaycan Mətbuat Şurasının "reket jurnalistika"ya qarşı mübarizəsindəki perspektivlərdən söhbət açmanızı istərdik.

- Bu, mətbuatımızın saf və təmiz adının özünə qaytarılması, cəmiyyət içərisində jurnalistikanın nüfuzunun qaldırılması istiqamətində aparılan mübarizədir. Təbii ki, istəyimizə nail olmayana qədər davamlı xarakter daşıyacaq! Bunu zəruri edən konkret səbəblər də var. Məlum olduğu kimi, Mətbuat Şurası yarandığı gündən mediamızdakı neqativ halların aradan qaldırılmasına çalışır. Məsələnin kökündə qeyd etdiyim kimi, cəmiyyətin mediaya olan inamını artırmaq, ictimaiyyətin kütləvi informasiya vasitələri ilə münasibətlərini normal məcraya salmaq, peşənin həqiqi daşıyıcıları olan şəxslərin mənafeyini qorumaq, ümumilikdə jurnalistikanın imicini bərpa etmək istəyi dayanır. Ötən müddət göstərir ki, "reket jurnalistika" bu prinsiplərin gerçəkləşməsində başlıca maneələrdəndir. Dəfələrlə belə olub - Mətbuat Şurası Azərbaycan dövləti qarşısında medianın inkişafına, konkret olaraq jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşdırılmasına, məişət qayğılarının azaldılmasına və digər problemlərinin həllinə yönələn təşəbbüs qaldırmaq istəyib. Əlbəttə, bu təşəbbüs fundamental və kompleks səciyyə daşımalı, onun detalları aydın şəkildə müəyyənləşdirilməli və izah edilməli idiE Nəticə etibarilə məlum olub ki, ölkədə təkcə 60 min jurnalist vəsiqəsi gəzdirən var, 4000-ə yaxın kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Necə işlədikləri hamımıza məlumdur!.. Qanun, təşəbbüs isə həyata vəsiqə aldığı təqdirdə fərqləndirmə üçün yer qoymur. Jurnalist, jurnalistdir.

Digər tərəfdən, burada sayın azlığı və çoxluğundan da söhbət getmir. Kütləvi informasiya vasitələrinin sayı çoxdur. Ortada kəmiyyətin keyfiyyətlə nə dərəcədə uzlaşdığı məsələsi var. Hələlik belə uzlaşmadan söhbət gedə bilməz. Deməli, həmin çoxluq jurnalist adına vicdanla yanaşan, peşəsinə sədaqətlə xidmət edən azlığın bir növ, kölgədə qalmasına səbəb olur, ikincilərin mənafeyi təmin olunmamış qalır.

Növbəti bir cəhət də var ki, bu da Şuranın "qara siyahı"sında yer alan KİV-in yenidən öz "fəaliyyətini" davam etdirməsi ilə bağlıdır. Bəzən belə də olur - Mətbuat Şurası hansısa şəxsin müraciətinə baxır, şikayətdəki konkret motivləri nəzərdən keçirərək cavabdeh qəzet və ya jurnal barədə qərar çıxarır, nəşrin hərəkətini pisləyir və s. Çox keçmir ki, həmin şəxs, eyni nəşrin onun barəsində əvvəlki qaydada, hələ bir qədər də aqressiv formada məqalələr yazdığına dair müraciət ünvanlayır. Bu cür hallar var və Şuranın nüfuzuna təsirsiz ötüşmür. Amma gəlin, onu da nəzərə alaq ki, Mətbuat Şurası ictimai təşkilatdır və qurumun "reket jurnalistika"ya qarşı mübarizə tədbirləri ictimai metodlara əsaslanır. Bu işdə hansısa əlavə vasitələrin mövcudluğu yaxşı olardı. Bəziləri Mətbuat Şurasına əlavə səlahiyyətlərin verilməsinə vəziyyətdən optimal çıxış yolu kimi baxır. Müxtəlif xarici ölkələrin praktikasında da analoji vəziyyətlər müşahidə edilib. Şəraitin tələbindən asılı olaraq medianın özünütənzimləmə strukturu kimi formalaşan ictimai qurumlarla bağlı sonradan qanunlar qəbul edilib. Məsələn, Böyük Britaniya bu yolu ötən əsrin axırlarında keçib. Ölkədə ictimai əsaslarla yaradılan Mətbuat Şurası dövlət statusu olan komissiyaya çevrilib. Səlahiyyətlərində də dəyişiklik olub. Hazırda bu qurum etik normalara sayğısız yanaşan kütləvi informasiya vasitələrinin fəaliyyətini məhdudlaşdırmaq imkanına malikdir. Görünür, bu sayaq təklif, təşəbbüs və tələbləri dəyərləndirməyə zərurət var. Çünki "reket jurnalistika"ya qarşı mübarizə sosial sifarişdir və bunun yerinə yetirilməsi üçün bütün mümkün vasitələr nəzərdən keçirilməlidir.

- "Reket jurnalistika"ya qarşı mübarizə tədbirlərindən söhbət açdıq. Bu işin Şuranın mətbuatımızın saflığı və təmizliyi istiqamətindəki fəaliyyətin tərkib hissəsi olduğu məlumdur. Sizcə, milli mətbuatımızın 135 illik yubiley yaşantıları mövcud prosesə nə kimi töhfələr verə bilər?

- Milli mətbuatımızın 135 illik yubileyinin keçirilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı sərəncam, sənədə uyğun olaraq ölkəmizin müxtəlif bölgələrində konfransların təşkili və nəhayət 22 iyul tarixində "Gülüstan" sarayında keçirilən təntənəli mərasim, tədbirdə jurnalistlərin fəxri adlara və digər dövlət təltiflərinə layiq görülmələri - bütün bunlar ilk növbədə dövlət tərəfindən mediaya verilən böyük dəyərdir. Bu dəyər neçə-neçə gənci və yeniyetməni jurnalist peşəsinə həvəsləndirəcək. KİV əməkdaşlarını işlərinə daha da məsuliyyətli yanaşmağa, üzərlərində əvvəlkindən də artıq işləməyə sövq edəcək. Çünki stimul var, əməyi ali səviyyədə görən və qiymətləndirən var.

İkinci baxışım budur ki, dövlətin həyata keçirdiyi məqsədyönlü tədbirlər jurnalistikaya imtiyazlı sahə kimi də yanaşmağa əsaslar yaradacaq. Bu sahənin üzvü statusuna yiyələnmək asan olmayacaq. Güclü rəqabət mühiti formalaşacaq, bu da son nəticə etibarilə ancaq yaxşıların meydanda qalmasına gətirəcək. Axara qoşula bilməyənlər istər-istəməz sıradan çıxacaqlar.

Bilirsiniz ki, 22 iyul tarixi Mətbuat Şurası üçün yeni inzibati binanın təntənəli açılışı ilə əlamətdar oldu. Prezident İlham Əliyev şəxsən binanın rəmzi lentini kəsdi. Dövlət başçısı Şuranın İdarə Heyətinin üzvləri ilə görüşdü, fikir mübadilələri apardı. Görüşdə bir çox məsələlərdən, problem və çətinliklərdən, o cümlədən Şuranın "reket jurnalistika"ya qarşı mübarizə sahəsində gördüyü işlərdən söhbət açıldı. Prezident Mətbuat Şurasının mövcud istiqamətdəki fəaliyyətindən danışdı, qurumun ictimai qınaq mexanizminin səmərəliliyini vurğuladı. Odur ki, indi məsələyə daha həssas və məsuliyyətlə yanaşmalıyıq. Bu, bizim üçün son dərəcə vacib məqam idi.

Cənab Prezident çıxışında jurnalist kadrların hazırlanması və peşəkarlığın artırılmasına geniş yer ayırdı. O, jurnalistlərin xaricdə təhsil almalarının vacibliyini önə çəkdi, peşəkarlığın artırılmasını mətbuat sahəsindəki neqativ halların, o cümlədən "reket jurnalistika"nın aradan qalxmasında vacib amil kimi önə çəkdi. Mətbuat Şurası bu proseslərin vacib strategiya şəklində reallaşmasına öz töhfəsini verəcək. Qarşıdakı fəaliyyətimiz əsasən bununla bağlı olacaq. Jurnalistika fakultələrinə qəbulla bağlı ciddi islahatların aparılması vacibdir. Təcrübə göstərir ki, bu fakultələrdə təhsil alanların əksəriyyəti heç də öz arzuları ilə ora düşməyiblər. Qəbulun qabiliyyət imtahanı ilə həyata keçirilməsini vacib sayırıq. Güman edirik ki, məsələ tezliklə həllini tapacaq. Xaricdə təhsildən söz düşmüşkən, məsələ heç də təsadüfən gündəmə gəlməyib, bunun üçün obyektiv reallıqlar mövcuddur ki, onların heç də hamısı xeyrimizə işləmir. Azərbaycan həqiqətləri barədə beynəlxalq ictimaiyyət heç də tam məlumatlı deyil. Bəzi xarici nəşrlər bu məsələyə barmaqarası münasibət göstərirlər. Bütün bunlar təbliğatın zəifliyindən irəli gəlir. Düşünürəm ki, bacarıqlı jurnalistlərin mövcud prosesə dəstək vermələri müstəsna əhəmiyyət daşıyır. Onlar xarici dilləri mükəmməl bilməlidirlər. Hər il Azərbaycan jurnalistlərinin bir qrupunun xaricdəki jurnalistika məktəblərində təhsil almalarının həyata keçirilməsi həlli mümkün məsələlərdəndir.

Ümumiyyətlə, mətbuatımızın 135 illik yubileyi ilə bağlı ölkə prezidentinin imzaladığı sərəncamlar jurnalistikamız qarşısında tam yeni bir mərhələnin başlanğıcını qoyub. Təkcə, jurnalistlər üçün mənzil tikintisinə dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılmasını vurğulamaq yetərlidir. Bu, böyük bayram sürprizi idi! Görüşdə dövlət rəhbərinə məsələ barədə məlumat verdik. O, tədbirlər görüləcəyini bildirdi. Hər şeyin belə tezliklə baş tutacağına isə düzü, inanmazdıq. Yenə də deyirəm, bu, Azərbaycan dövlətinin, şəxsən prezident İlham Əliyevin mediaya verdiyi dəyərdən irəli gəlir! Bu, həqiqi jurnalistlərdə ruh yüksəkliyi yaradır! Onlar zəhmətlərinin hədər getmədiyinin, sənətlərinə qiymət verildiyinin şahidi olurlar. Bu, dəyər heç nə ilə alınmır, alın təri ilə qazanılır, bu dəyəri onlara peşələri qazandırır! Buna görə də jurnalistlər peşələrinin kimlərinsə, sahəyə aidiyyatı olmayanlar tərəfindən gözdən salınmasına yol verməməlidirlər. İnanıram ki, mövcud amildən asılı olaraq hər bir qələm sahibi Şuranın "reket jurnalistika"ya qarşı mübarizəsinə daha güclü dəstək verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687

Oxşar yazılar