Büdcədən elmin inkişafı üçün ayrılan vəsait iki ildir xərclənmir
04 iyun 2010 15:30 (UTC +04:00)

Büdcədən elmin inkişafı üçün ayrılan vəsait iki ildir xərclənmir

Dövlət büdcəsindən elmin inkişafı üçün ayrılan vəsait iki ildir xərclənmir. Lent.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin Elm və Təhsil Komitəsinin bu gün keçirilən iclasında Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili Abel Məhərrəmov bildirib. “Təhsil haqqında” qanuna əlavə edilməsi barədə” sənədin müzakirəsi zamanı rektor qeyd edib ki, 2009-cu ildə elmin maliyyələşdirilməsi üçün nəzərdə tutulan 5 milyon manat xərclənməyib. 2010-cu ilin dövlət büdcəsi hazırlanarkən həmin məbləğ büdcə qalığı kimi götürülüb və növbəti ilin büdcəsində nəzərə alınmayıb. 2010-cu ilin dövlət büdcəsində elmin maliyyələşdirilməsi üçün 10 milyon manat vəsait nəzərdə tutulduğunu deyən rektor həmin vəsaitin xərclənməsi istiqamətində də heç bir addımın atılmadığını bildirib. A.Məhərrəmov deyib ki, əgər bu gün vəsaitlərin xərclənməsi ilə bağlı sərəncam verilsə belə, onun maksimum 20 faizindən istifadə etmək mümkün olacaq. Çünki maliyyənin ayrılması üçün təkliflər hazırlanmalı, qiymətləndirilməlidir. Bu isə xeyli vaxt tələb edir. “Mən dövlət büdcəsindən elmin inkişafı məqsədi ilə ayrılan vəsaitlərin xərclənməməsindən çox narahatam. Təklif edirəm ki, bununla bağlı müvafiq qurumlara müraciət qəbul edək” - deyə A.Məhərrəmov bildirib.

Rektorun bu fikirləri digər həmkarları tərəfindən də dəstəklənib. Millət vəkili Bəxtiyar Əliyev bildirib ki, indi əsas məsələ bu il xərclənməyən vəsaitin 2011-ci ilə keçirilməsi olmalıdır. Onun sözlərinə görə, elə edilməlidir ki, xərclənməyən vəsait ilin sonunda büdcə qalığı kimi ört-basdır edilməsin.

Deputatlarla həmrəy olan komitə sədri Şəmsəddin Hacıyev 2009-cu ildə büdcədə nəzərdə tutulan elm xərclərindən istifadə edilməməsini Elmin İnkişafı Fondunun Nizamnaməsinin təsdiqlənməməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, artıq Fondun Nİzamnaməsi təsdiqlənib və yaxın vaxtlarda qrantların verilməsinə başlanılacaq. Gecikmə ilə bağlı narahatçılığını bölüşdüyünü bildirən komitə sədri deyib ki, məsələ ilə bağlı müvafiq qurumlara müraciət ünvanlanmasını dəstəkləyir. Ş.Hacıyev “Təhsil haqqında” qanun qüvvəyə minəndən doktoranturaya qəbulun dayandırıldığını bildirib. Onun sözlərinə görə, üstündən xeyli müddət keçməsinə baxmayaraq, doktoranturaya qəbulla bağlı qaydalar hələ təsdiqlənməyib.

BDU-nun rektoru A.Məhərrəmov da bu məsələnin həll olunmamasının ciddi problem yaratdığını bildirib. Onun sözlərinə göər, hər il Bakı Dövlət Universitetinə müxtəlif xarici dövlətləri təmsil edən 150 nəfər doktoranturaya qəbul olunur. Keçən il qəbul olmadığından bu il də xaricdən universitetə müraciət edənlərin sayı azalıb: “Bu, Azərbaycan elminin dünya elmi ilə əməkdaşlığının qarşısı alır”.

Millət vəkili Astan Şahgəldiyev bildirib ki, onda olan məlumata görə, doktoranturaya qəbulun tamamilə pullu edilməsi nəzərdə tutulur: “Milli Elmlər Akademiyası isə buna etiraz edir. Nəticədə qaydaların təsdiqlənməsi ləngiyir”.

Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov yaranmış vəziyyətlə bağlı komitə adından baş nazirə və maliyyə nazirinə müraciət ünvanlanmasını təklif edib.
Ş.Hacıyev isə bu məsələnin Milli Məclisin plenar iclasında qaldırılmasının tərəfdarı olduğunu bildirib. O təklif edib ki, 2010-cu ilin büdcəsinə yenidən baxılarkən bu məsələ hökumət üzvləri qarşısında qaldırılsın.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar