İslam Açıq Masada - V söhbət: “İslam və müasir həyat”
25 may 2010 13:30 (UTC +04:00)

İslam Açıq Masada - V söhbət: “İslam və müasir həyat”

“Yanaşmalar insandan insana, cəmiyyətdən cəmiyyətə dəyişə bilər”

Lent.az-ın “İslam Açıq Masada” layihəsi çərçivəsində “İslam və müasir həyat” mövzusunda keçirilən V tədbirinin iştirakçıları ilahiyyatçı Yaşar Qurbanov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Mehriban Xanlarova, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Saleh Kazımov, Bakı İslam Universitetinin məzunu Yeganə Şükürova və İngiltərədə yaşayan azərbaycanlı dindar Ruslan Fərzəliyevdir.

Dəyirmi Masanın moderatoru jurnalist Qurban Yaquboğludur.

Modern geyim daha yaxşıdır

Qurban Yaquboğlu:

- Bir neçə il öncə islamı qəbul etmiş məşhur fransız futbolçusu Nikolya Anelka öz seçimini belə izah edib: “İslam mənə bambaşqa həyat tərzi təklif etdi. Bu, mənim xoşuma gəldi və müsəlman oldum”. Bu sayaq fərqli həyat tərzinin müasir cəmiyyətlə yaratdığı təzadlarsa bəzən problemlər doğurur. Amerika prezidenti Barak Obama müsəlman dünyasına Qahirədəki müraciətində deyirdi ki, “nə qədər münasibətlərimizi bu fərqlər üzərində quracağıq, bununla münaqişə təbliğatçılarını gücləndirəcəyik”.

Yaşar Qurbanov:

- Müxtəliflik və fərqlərin olması qaçılmazdır. İnsanlar özləri də cürbəcürdür. İnsan var, çox içki içir, onun dünyagörüşü başqadır. Yaxud biri imanlı insandır, öz həyatını yaşayır. Mənim üçün bu fərqlərdə problem yoxdur. Düzdür, müsəlmanların özlərində də bəzi səhvlər var. Məsələn, islamda maksimal və minimum hədd var. Tutaq ki, hicab məsələsini götürək. Yeri gəlmişkən, bəzən bunu səhvən niqab kimi tərcümə edirlər. Niqabla üz örtülür. Əgər dindarın yaşadığı toplumda insanlar niqaba alışmayıblarsa, hicabla kifayətlənmək olar. Niqab sonrakı mərhələdir, ən maksimal həddir. İslamın məşhur alimləri də deyiblər ki, niqab vacib deyil. Bunu bir neçə islam alimi də sübut edib. Ərəb dünyasında niqab vacibdir, çünki ona alışıblar. Amma bizim kimi cəmiyyətlərdə belə deyil. Müsəlmanlar da bu məsələyə diqqət etsələr, yaxşı olar. Baxışlar, yanaşmalar insandan insana, cəmiyyətdən cəmiyyətə dəyişə bilər.

Qurban Yaquboğlu:

- Bir türkiyəli tədqiqatçı yazır ki, mən Peyğəmbərin həyatı ilə bağlı hər bir sahəni diqqətlə araşdırdım. Amma islamdan qabaqkı dövrlə islamdan sonrakı dövrün geyimi arasında heç bir fərq görmədim. Azərbaycan dindarları, xüsusən, onun ayrıca bir hissəsi fərqli geyimə, zahiri görkəmə üstünlük verirlər.

Yaşar Qurbanov:

- İslamda fikhi məsələlərdə müxtəlif fikirlilik mövcuddur. Alimlərin ayrı-ayrı şərhləri, nəql olunmuş fərqli hədislər var. Mən ərəb dünyasında illərlə yaşamışam. Azərbaycanda saqqal məsələsini ciddi araşdırmayıblar. Saqqal məsələsində ən məşhur alimlərdən biri deyir ki, bir rəvayətə görə, peyğəmbərimiz saqqalı uzatmağı tövsiyə edib. Amma digər rəvayətdə bildirilir ki, həcci ziyarət edənlər saqqalın 4 barmaqdan artığını kəsərdi. Yəni mütləq olaraq saqqalı uzatmaq düzgün deyil. Hər bir müsəlman nəzərə alsa ki, yaşadığı cəmiyyətdə saqqal uzatmaq insanlar tərəfindən normal qarşılanmır, minimum həddi götürə bilər. İslamda deyilir ki, bir fəsadın aradan qaldırılması xeyri cəlb etməkdən daha üstündür. Niqab, yəni üz örtüyü məsələsi də eynidir. Monqollar Bağdadı işğal edəndə hər gün içirdilər. O zamankı alimlərdən İbn Teymiyyə monqollara qarşı vuruşurdu. Tələbələri gəlib ona deyirlər ki, monqollar küçələrdə hər yerdə, məscidin yanında da içirlər, bəlkə əsgərlərlə danışaq, içməsinlər? İbn Teymiyyə deyir ki, əl vurmayın, ayıq olanda müsəlman öldürürlər, sərxoş qalmaları məsləhətdir.
Mən ərəb ölkələrində yaşayanda uzun saqqal saxlamışam. Çünki orada insanlar uzun saqqala alışıblar. Ona görə də müsəlmanlar bu məsələlərə diqqət yetirməlidir.
Uzun paltar geyinməyə gəlincə, buna əba deyirlər. Əslində islam şəriətində bu, geyinməsi əmr olunan paltar deyil. Tutaq ki, əbanı Səudiyyə Ərəbistanında geyirlər. Onlar başlarını da bağlayırlar. Bu, heç bir hədisdə yoxdur, onların adətidir. Hətta peyğəmbərimiz namaz qılarkən başını bəzən örtər, bəzən də örtməzdi. Amma Azərbaycanda bəzi insanlar onları təqlid edir. Özüm küçədə görmüşəm ki, Türkiyədən, Pakistandan gələn təriqət əhli var, adlarını çəkmək istəmirəm, uzun paltar geyinirlər, başlarında da sarıq olur. Bu, insanlara çox qəribə gəlir. Mən onların düşüncəsinə hörmət edirəm, amma bu, toplumda, insanlarda islama qarşı bir ikrah hissi oyadır. Zənn edirlər ki, islam ancaq budur. Halbuki bu paltarın dində vacibliyi yoxdur. Onun əvəzinə dini yaşasa və modern geyinsə, insanlara nümunə olsa, daha yaxşı olar.

Qurban Yaquboğlu:

- Modern geyimdə nəyi nəzərdə tutursunuz?

Yaşar Qurbanov:

- Tutaq ki, dindar pencək geyinə bilər.

Qurban Yaquboğlu:

- Qadının modern geyimi nədir?

Yaşar Qurbanov:

- Müsəlman qadını üçün əsas odur ki, dar geyinməsin, geniş geyinsin.


“İndi daha sərbəstəm...”

Qurban Yaquboğlu:

- Mehriban xanım əvvəllər hicab taxırdı, xüsusi geyimdə idi, sonra bundan daşındı... Bu proses nə ilə bağlı idi?

Mehriban Xanlarova:

- Mən həcc ziyarətindən qayıdandan sonra özümə söz vermişdim başımı bağlayacam. Başımı açmayacağımı deməmişdim... Çünki mən bir sənət adamıyam. Bu gün elə bir xanım varmı ki, efirə başıbağlı çıxıb veriliş aparsın, yaxud filmə çəkilsin, səhnədə rol oynasın? Başımı bağlayandan sonra mənə çox yerlərdən məhdudiyyətlər qoyuldu. Başımı açandan sonra da basqılar oldu. Bir gün efirdə dedim ki, məni başıbağlı efirə çağıracaqsınızsa, indi bu dəqiqə başımı örtüb çıxım. Heç kim cavab vermədi... Deyə bilərdilər ki, bəli, icazə veririk, siz ürəyiniz istəyən kimi efirə çıxa bilərsiniz. Mənə qarşı kin-küdurət yaratmışdılar. Mən həccə təmiz ürəklə getmişəm, mənə o yolu Allah açmışdı.
Hərdən küçədə qarşıma elə xanımlar çıxır - başı bağlıdır, amma qısa şalvar geyinib... Belə yarımçıq münasibəti qəbul etmirəm. Mən hicab taxanda qaydaya uyğun örtünürdüm - hər yerim bağlı idi. İslamın öz yasaqları var, əgər qadın başını bağlayırsa, gərək həyətə çıxmasın, yad kişi üzü görməsin. Bir yoldaşını, bir də qardaşını görə bilər. O halda gərək qadın bütün həyatdan məhrum olsun...

Yeganə Şükürova:

- Müsəlman ölkələrindəki qadınların geyimi ilə insanlarda qorxu hissi yaradılmamalıdır. Geyim qaydasında olmalıdır. Keçmişə baxaq, milli paltarlarımız necə idi? Milli geyimimiz də hicab tərzindədir, açıq-saçıqlığa icazə vermir. Hicablı qadının əməli də düz olmalıdır. Bu gün bizim cəmiyyətin hicablıları nə gündədir? Onlara hicablı demək olarmı?

Qurban Yaquboğlu:

- Nə mənada?..

Yeganə Şükürova:

- Quranda hicab haqqında ayə var. Orada buyrulur ki, mömin qadınlar zinətlərini örtsünlər. Əsas odur ki, qadının zinətləri görsənməsin. Bu gün qadınlar arasında hicab taxan, namaz qılanlar da var. Amma əxlaq məsələsi də önəmlidir. Bəzən bir neçə dindar xanım bir yerə yığışanda bizə qeyri-adi, qorxu mənbəyi kimi baxırlar...

Qurban Yaquboğlu:

- Mehriban xanım, sizin örtünmədən əvvəlki və sonrakı həyatınız arasında fərqlər var, yoxsa?..

Mehriban Xanlarova:

- Hicablı olarkən hardasa məsuliyyət daşıyırdım. Elə yerlər vardı getmirdim. Amma hicabsız olanda istədiyim yerə gedirəm, bir qədər sərbəstəm.

Qurban Yaquboğlu:

- Belə çıxır ki, cəmiyyətin münasibəti qarşısında məcbur qaldınız?

Mehriban Xanlarova:

- Mənim sənətim budur. Mən uşaqlarıma buradan çörək yedirdirəm. Bəzən deyirlər ki, sən düz demirsən. Deyən öz fikrində, mən də öz fikrimdə düzgünəm...


“Harda müsəlman görürəm, qorxuram”. Niyə?

Qurban Yaquboğlu:

- Yeganə xanım dedi ki, bir yerə yığışanda bizə qorxu mənbəyi kimi baxırlar. Mirzə Ələkbər Sabirin bir misrası var: “Harada müsəlman görürəm, qorxuram...” Bəlkə müasir cəmiyyətdə müsəlman özünü doğru-dürüst təqdim edə, yaxud apara bilmir? Bəlkə doğurdan müsəlmanın özündə problemlər var?

Saleh Kazımov:

- Sabir onu da yazıb ki, mən də müsəlmanam, a şirvanlılar... Dahi şairimiz əsl müsəlman olduğunu ortaya qoyub. Peyğəmbərimiz deyib ki, Allah sizin zahiri görkəminizə, mallarınıza deyil, səhvlərinizə və əməllərinizə baxır. Geyim insanın kimliyi haqqında məlumat verir. Amma insanı geyimə görə dəyərləndirmək olmaz. Çünki bizim yaşadığımız cəmiyyətdə dindar həyat tərzi keçirən, geyimində də bunu büruzə verən insanların say nisbəti 5-10 faizi keçməz. Bizim kökümüzdə islam kimliyi var. Amma keçmişimizdə SSRİ, Rusiya təsirinin izləri də qalır. Əgər 100 il bundan əvvələ baxsaq, başı açıq, hicabsız xanım görmək mümkün deyildi. İndi 10-15 il əvvəllə müqayisədə hicablı xanımların sayı çoxalıb. Çalışmaq lazımdır ki, müasir dövrdə islamın ideyalarını əsas götürərək bacara bildiyimiz qədər geyim normalarına riayət edək. Mehriban xanım deyir ki, başını bağlamaqla bağlı problemlərlə üzləşib. Yaxud hicab taxanlara münasibət birmənalı olmur. Hər birimiz insanıq, insanın inanclısı da, inancsızı da var. İslam baxımından ən böyük günahlardan biri bütpərəstlikdir. Amma müasir dövrün tələbinə uyğun dini inanclardan asılı olmayaraq, insanlar bir yerdə fikir mübadiləsi apara, bir cəmiyyətdə yaşaya bilirlər. Bu, böyük bir nailiyyətdir. Hər kəsə qarşı hörmətlə yanaşmaq, inancına diqqət yetirmək gərəkdir. “Quran” ayələrindən birində deyilir ki, hətta bütpərəst olsa belə, onun bütünə təhqiramiz yanaşma. Çünki o da cahillik ucbatından qalxıb Allahın ünvanına nəsə deyə bilər. Cəmiyyətdəki münasibətləri nə qədər xoşluqla tənzimləyə bilsək, daha yaxşı olar.

Qurban Yaquboğlu:

- Onu da deyək ki, dindarlar da özləri kimi olmayanlara şübhə ilə yanaşırlar. Qlobal dünyanın problemlərindən biri də budur.

Saleh Kazımov:

- Bu, bəzən təəssübkeşlikdən qaynaqlanır. Haqq yolda olan insan yanlış yolda olanı da düz yola dəvət etmək istəyir. İnsan axirətə inanırsa, dünya həyatı da axirətin bir tarlası mahiyyətində olduğundan insan həyatını elə tənzimləmək istəyir ki, axirətdə mükafat alanlardan olsun.

Qurban Yaquboğlu:

- Mən istəyirəm ki, Ruslan bəy desin, bəlkə modern dünyaya uyğunlaşmaqla bağlı müsəlmanların özündə də problem var?

Ruslan Fərzəliyev:

- Müsəlmanların uyğunlaşması ilə bağlı problemlər var. Amma qloballaşma eyni zamanda əxlaqsızlaşmaya doğru aparır. Bəzi əxlaqsızlıqlara uyğunlaşacağıqsa, uyğunlaşmasaq daha yaxşıdır. Məsələn, 2005-ci ilə qədər İngiltərədə kişilər bir-birləri ilə evlənə bilmirdilər, artıq qanun çıxıb, evlənəcəklər. Buna müsəlmanların uyğunlaşması lazımdırmı? Allah insanları fərqli yaradıb. Məsələ bundadır. Bir müsəlmanla qeyri-müsəlmanın sıx dostluğunu heç cür təsəvvürə gətirə bilmirəm.

Qurban Yaquboğlu:

- İngitərədə siz necə yaşayırsınız? Qeyri-müsəlman dostunuz yoxdur?

Ruslan Fərzəliyev:

- Əlbəttə var, amma münasibətlər müəyyən çərçivə daxilindədir. Məsələn, onlar məni evlərinə dəvət etməkdənsə çalışıram ki, mən onları evimə dəvət edim. Onlara ancaq halal ət yediyimi deyirəm. Onlar da mağazadan halal ət alıb, bişirməli olurlar...

Yaşar Qurbanov:

- İnanclı insanın cəmiyyətə uyğunlaşması adıyla öz etiqadından uzaq düşməsi, ibadətini yerinə yetirməməsi düzgün deyil. Tez-tez soruşulan məsələlərdən biri də qadının işləməsi və iş yeridir. Əgər qadının iş yer şəriət qanunlarına uyğundursa, işləyə bilər. Müsəlmanlara münasibətə gəldikdə, Azərbaycanda bu yöndə media problemi də var. İkincisi, bir müsəlmanın səhvini onun özünə yox, islam aid edirlər... Bu, düzgün deyil. Hər bir müsəlman səhv edə bilər. Amma mənim səhvimi bütün islama aid etməyin özü səhvdir.
Azərbaycanda bəzi dindarlar arasında yayılmış xoşagəlməz xüsusiyyətlərdən biri də təkfir məsələsi, yəni bir müsəlmanın başqa müsəlmanı kafirlikdə günahlandırmasıdır. Kiməsə kafir gözüylə baxmaq və kafir hökmü vermək yanlışdır. Belə hökmü verən kiçik bir qrupdur. Ancaq onların yanlışlığını bəziləri belə qələmə verir ki, islam budur.

Qurban Yaquboğlu:

- Bəs islam nədir? Bu sualı keçən görüşlərimizin birində də verdim. Bir Qərb alimi islam aləminə müraciət edir ki, yığışın, müəyyənləşdirin ki, islam nədir və bizə təqdim edin...

Yaşar Qurbanov:

- İslam adından bir müsəlmanı kafir elan eləmək olmaz – günümüzün ciddi problemlərindən biri budur. Bu, sonradan qan tökməyə, partlayışlara, terrora gətirib çıxarır. Bu məqamda, əlbəttə, müsəlmanların problemi var. Biz maarifçilikdən danışırıq. Biz medianın rolunu dəyərləndirməliyik. Bir çox media orqanları bu işdə müsəlmanlara kömək etməlidirlər.




Qurban Yaquboğlu:

- Azərbaycanda tanınmış ilahiyyatçılardan birinin maşını xarab olubmuş, düzəltdirmək üçün onu təmir emalatxanasına aparır. Qarşısına görünüşündən müsəlmanlığı aydın sezilən bir usta çıxır. Bir neçə dəfə get-gəldən sonra məlum olur ki, avtomobildə çox xırda nasazlıq varmış, amma o, pul xatirinə bu işi uzadırmış... Həmin ilahiyyatçı deyib ki, əgər bir detalla doğru-dürüst davranacaq mənəviyyata yetişməmisənsə, o halda ibadətin nəyə yarayır.

Saleh Kazımov:

- İman insanın qəlbində hansı səviyyədədirsə, onun əlamətləri də əməldə özünü büruzə verir. Zahirən kimsə dindar təsəvvürü yarada, ancaq hərəkəti imanlı insanın hərəkəti ilə üst-üstə düşməyə bilər. Bu, tək müsəlmanın ünvanına deyilən söz deyil. Kim hansı təşkilatı, hansı qurumu təmsil edirsə, onun hərəkətləri də bilavasitə ora aid edilir. Hər bir müsəlman həm də bütün müsəlmanları təmsilçisi kimi qəbul olunur. Bir polis yanlış hərəkət edirsə, bütün polislər ləkələnir. Yaxud bir həkim səhvə yol verirsə, cəmi həkimlərə münasibət dəyişir. Bütün bunlar yanlışdır. Zənnimcə, islamla bağlı medianın apardığı işlərin böyük əhəmiyyəti var, çünki dinimizin buna ehtiyacı böyükdür.

İngiltərədə bir qadın var...

Qurban Yaquboğlu:

- Mehriban xanım, sizin Azərbaycan müsəlman kişisinə, yaxud müsəlman qadınına hansısa iradınız varmı? Müsəlman kişisində hər şey yüksək səviyyədədir?

Mehriban Xanlarova:

- Mənim üçün də bu insanların fikri çox maraqlıdır... İstər kişi, istər qadın olsun, əsas qüsur onun açıqda bir cür davranıb gizlində başqa həyatı yaşamasıdır. Belə bir problem geniş yayılıb, mənsə bunu qəbul edə bilmirəm. Allaha şükür, mən öz yolumdayam və ibadətə davam edirəm.

Qurban Yaquboğlu:

- Yeri gəlmişkən, Yaşar bəy, bir sənət adamının, bir xanımın örtünmədən, bəzi qaydalara əməl etmədən islam yolunda olmasına yanaşmanız necədir?

Yaşar Qurbanov:

- Kiməsə deyə bilmərəm ki, sənin namazın düzgündür, ya yox. Onu deyə bilərəm ki, hicab taxmayan xanım “Quran”ın məntiqinə görə günah daşıyır. Amma insanın namaz qılmasının düzgün olmadığını deyə bilmərəm. Əksinə, deyərəm ki, namazını qıl, başını da bağla...

Ruslan Fərzəliyev:

- Namazın və hicabın əmrləri fərqlidir. Əgər bir insan namazın əmrlərinə riayət edirsə, onun ibadətinin qəbul olduğuna ümid edirik. Amma başını bağlamırsa, bu, fərqlidir. Məsələn, İngiltərədə mənim bir qadın tanışım var, Mehriban xanımdan daha açıq-saçıq geyinir. Amma namaz vaxtı gələndə paltarını geyinəcək, namazını qılır. Biz ona irad tuta bilmərik.

Mehriban Xanlarova:

- Elə sənətçimiz var, necə istəyir geyinir, amma yenə gedib namazını qılır. Mən onu tanıyıram və dəqiq bilirəm. Əvvəllər mən daha açıq geyinirdim. Amma məni tanıyanlar bilir ki, köynəyim çiyinlərimə kimi açıq ola bilməz. Demirəm ki, mən fanatik müsəlmanam. Amma getdikcə açıq-saçıq geyimə, yarıçılpaq qadına nifrət edirəm, belə qadın eybəcər görünür.

Yaşar Qurbanov:

- Peyğəmbərimizin zamanında bir nəfər içki içir, eyni zamanda ibadət edirdi. Bir nəfər ona deyir ki, Allah səni heç vaxt bağışlamayacaq. Peyğəmbərimiz qayıdır ki, Allah deyir, o kimdir mənim adımdan hökm verə, mən onu bağışladım, səninsə əməllərinin hamısını batil etdim. Biz deyə bilərik ki, Filankəsin imanında zəiflik var, amma hökm verə bilmərik ki, sənin ibadətin batildir, yaxud düzgün deyil.
Çox tanınmış müğənnilər mənə də zəng edir, namaz qıldıqlarını bildirirlər. İbadət hər kəsin borcu, vəzifəsidir. Əgər başqa məsələlərdə nöqsanlara yol verirsə, o, Allahla öz arasında hesablaşacaq. Amma bu o demək deyil ki, işinə görə ibadətdən uzaq olmalıdır. Əksinə, Peyğəmbər bacardığımız qədər borclarımızı yerinə yetirməyə çağırır.

Yeganə Şükürova:

- İbadət gözəldir, bu yolu tutan insan kamilliyə doğru gedir. Peyğəmbərimizin zamanında bir dəstə gənc namaz qılır, namazdan sonra xoşagəlməz işlərlə məşğul olurmuş. Bir dəstə insan Peyğəmbərə şikayət edir ki, onlar sizin arxanızda namaz qılır, sonra da günah edirlər. Peyğəmbər buyurur ki, işiniz yoxdur... Əgər onlar bu gün namaz qılırlarsa, sabah günah işləri görməyəcəklər.

Qurban Yaquboğlu:

- Siz müsəlman ailəsini ideal hesab edirsiniz?

Yeganə Şükürova:

- Bəli. İslamın adətlərinə əməl olunsa, gözəl, ailə daxilində saf münasibətlər saxlanılır, gözəl uşaq tərbiyə edilir. Dinimiz ailənin möhkəmliyinə də zəmanət verir.

Qurban Yaquboğlu:

- Misal üçün, müsəlman qadına kişi ilə təklikdə işləmək qadağan olunur. Müasir dövrdə bu şərtə əməl eləmək asan deyil. Yaxud qadın ərindən icazəsiz harasa gedə bilməz...

Yeganə Şükürova:

- Allah buyurub ki, naməhrəmlə çox ünsiyyətdə olmaq olmaz. Bunu Allah buyurub... Həm də ailə başçısına baxır. Elə ailə var, kişi qadına daha çox azadlıq verir. Elə kişilər də var, məhdudiyyət qoyurlar.

Qurban Yaquboğlu:

- Mehriban xanım, müsəlman qayda-qanunları ilə ailədə yaşamaq sizə çətinlik törədərmi?

Mehriban Xanlarova:

- Sənəti atsam, yaşaya bilərəm.

Yaşar Qurbanov:

- Bütün insanların davranışlarını eyniləşdirmək və bir-birinə uyğunlaşdırmaq düzgün deyil. Tutaq ki, mənə həyat yoldaşımın harasa getməsi xoş gəlmir. Başqası ayrı cür düşünə və hərəkət edə bilər.

Mehriban Xanlarova:

- Qadını tam azadlıqdan məhrum etmək də doğru deyil. Ailə baxımından qadını azadlıqdan tam məhrum etməyi qəbul edə bilmirəm.

Təki ürəyin düz olsun?

Yaşar Qurbanov:

- Müsəlmanlara olan basqıdan da danışmalıyıq. Məsələn, ata övladının toyunda içki verilməsində təkid edir, inanclı övladsa bundan imtina edəndə münaqişə yaranır. Valideyn nəyə görə övladı məcbur etməlidir? Yaxud valideyn var ki, hicab bağlamaq istəyən qızını incidir, olmaz deyir. Valideynlər bəzən övladlarını radikal hərəkətlər etməyə, evdən çıxmağa məcbur edirlər. Toyda içki verilməsə, nə problem olar?

Qurban Yaquboğlu:

- Axı, “Quran”da valideynə itaət haqda ayə var...

Yaşar Qurbanov:

- Bəli, belə bir ayə də, hədis də var. Buyrulub ki, valideynlərinə itaət et. Peyğəmbərimiz hədisdə deyib ki, valideyn cənnətin orta qapısıdır. Amma valideynə hər bir şeydə itaət olmaz. Atan-anan səni Allaha asi olmağa məcbur edirsə, ona itaət məcburi deyil. Allah buyurur ki, valideyn səni mənə şərik qoşmağa məcbur etsə, şərik qoşma, amma başqa işlərdə ona itaət et. Valideynə itaət etməmək onun üstünə qışqırmaq, təhqir etmək mənasına gəlmir.

Mehriban Xanlarova:

- Bəzən mən namaz qılmaq istəyəndə mane olurlar ki, qoy qalsın, axşam qəza namazı qılarsan. Mənim burada namaz qılmağa imkanım varsa, niyə bunu etməyim? Bəzən də deyirlər ki, sənin ürəyin Allahla bir olsun, kifayətdir.

Qurban Yaquboğlu:

- Çox yayılmış sözdür...

Yaşar Qurbanov:

- Bir nəfər alimlərdən birinə deyir ki, bir dəstə var, əməlləri düz deyil, amma deyirlər ki, əsas odur ürəyin təmiz olsun. Alim cavab verir ki, gedin onlara deyin ki, ürəkləri təmiz olsaydı, əməlləri də yaxşı olardı.

Qurban Yaquboğlu:

- “Mən yalnız Allaha ibadət edirəm” deyib dünyəvi fəaliyyətdən əl çəkmək nə dərəcə düzgündür?

Yaşar Qurbanov:

- İnsanın həyatdan əl çəkməsi onun özünə bağlı məsələdir. Elə qadın var ki, ailəsini dolandırmalıdır, əri də, özü də işləyir. Qadın var, işləmir, deyir ki, ərim qazanır, mənim işləməyimə ehtiyac yoxdur, ailəmə, uşaqlarıma baxıram. Peyğəmbərimiz deyib ki, bir insanın dilənməsindənsə, dağdan odun yığıb, çiynində gətirib, satmaqla halal qazanması daha xeyirlidir. Deyir ki, dilənən Allah dərgahına gələndə üzündə bir tikə ət olmayacaq. Hətta ikinci xəlifənin zamanında məsciddə namazdan sonra çox oturardılar. Xəlifə əlində zopa ilə girər, deyərdi ki, nə oturmusunuz, gedin işləyin, qabağınıza ruzi tökülməyəcək. Bayaq toxundum, bir daha demək istəyirəm. Bəzən cəmiyyətdən də dindara təzyiqlər olur. Müsəlmanın da problemləri var, bunu da etiraf edirik. Mən bir məsələni deyim. Televiziya proqramlarına gedirdim, mənə deyirdilər ki, qalstuk taxmalısan. Deyirdim, köynəklə çıxmaq olmaz? “Yox” cavabı alırdım.

Ruslan Fərzəliyev:

- Görürsünüz ki, mən tamam müasir geyinmişəm. Amma yoldaşım qara çarşab taxır.

Qurban Yaquboğlu:

- İngiltərədə?

Ruslan Fərzəliyev:

- Bəli. Müsəlman eyni şəkildə İngiltərədə polis işləyə bilər, dövlətin ona basqısı yoxdur, cəmiyyətin basqısı var... Müsəlmanların işləməməsinə gəlincə, bu, həyat tərzidir, islama bağlılığı yoxdur. İslamda işləmək də ibadətdir.




1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1194

Oxşar yazılar