Azay Quliyev: “Qarabağ erməniləri müraciət etsə, layihələrinə dəstək verərik” – MÜSAHİBƏ
17 may 2010 11:15 (UTC +04:00)

Azay Quliyev: “Qarabağ erməniləri müraciət etsə, layihələrinə dəstək verərik” – MÜSAHİBƏ

Azərbaycan Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev “Yeni Müsavat” qəzetinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Bu gün Şuranın iş rejimi həqiqətən də çox gərgindir. Şura QHT-lərə təkcə qrant yardımı etmir, həm də bu təşkilatların ən müxtəlif sayda problemlərinin həlli ilə məşğuldur. Elə günlər olur ki, bizə çoxlu sayda müraciətlər olur. Ümummilli maraq və ictimai əhəmiyyət kəsb edən mövzularla bağlı tədbirlərin keçirilməsi, aktual problemlərin ictimailəşdirilməsi və digər bu kimi fəaliyyətlə bağlı Şuranın gündəmi demək olar ki, çox məşğuldur. Bu il də həm ayrıca müsabiqələrin, həm də birgə müsabiqələrin sayı çox oldu. Eyni zamanda mən millət vəkili kimi vəzifəmi yerinə yetirməyə, Məclisin işində iştirak etməyə və beynəlxalq tədbirlərdə fəal olmağa, nəhayət seçicilərimlə daim təmas saxlamağa çalışıram. Heç olmasa ayda bir dəfə Şirvanda olmalıyam. Son günlərin təbii fəlakətlə bağlı olan hadisələri bütün diqqəti məhz ora yönəltdi.

- Şirvanda təhlükə sovuşdu?

- Hələlik tam sovuşmayıb. Müşahidələr göstərir ki, Kürün səviyyəsi yenidən qalxır. Odur ki, hər cür təhlükələrə hazır olmalıyıq. Düzdü, əsas təhlükə 5-9 may arası olmuşdu. Təəssüf ki, həmin vaxt mən Britaniyada parlament seçkilərini müşahidə etmək üçün ATƏT-in tərkibində Bahar xanım Muradova ilə Londonda idik. Gələn kimi, mayın 10-da Şirvana getdim. Şirvanın köhnə şəhər deyilən yaşayış massivi və Bayramlı qəsəbəsinin tam şəkildə su altında qalmaq təhlükəsi var idi. Xoşbəxtlikdən bu baş vermədi. Ümumiyyətlə, təbii fəlakətin geniş miqyas almaması və kütləvi insan tələfatına səbəb olmamasında cənab prezident İlham Əliyevin çevik müdaxiləsinin mühüm rolu oldu. Gecə-gündüz fəlakət bölgəsində çalışan operativ qərargah, xüsusilə Fövqəladə Hallar Nazirliyi başda olmaqla və Daxili İşlər Nazirliyi, “Azərenerji”, Su Təsərrüfatı və Meliorasiya SC, yerli icra hakimiyyəti və digər qurumlar verilən tapşırığın öhdəsindən gələ bildilər.

- Heç özünüz araşdırdınızmı ki, bu fəlakətin günahkarı kimdir?

- Mən bu sahənin mütəxəssisi deyiləm. Amma keçirdiyim görüşlərin, iştirak etdiyim söhbətlərin məzmunu olaraq deyə bilərəm ki, burda iki böyük səbəb olub. Birinci səbəb Kürün kifayət qədər lillənməsi və deltanın su ötürmə qabiliyyətinin xeyli aşağı düşməsi, ikincisi də həmin günlərdə Xudafərin Su Anbarından normadan bir neçə dəfə artıq suyun Araza ötürülməsidir.

- Burda kimsə cəzalandırılmalı idimi?

- Məncə, cənab prezidentin həm Bakıda, həm Şirvanda keçirdiyi müşavirədə bununla bağlı çox açıq mesajlar verildi. Şübhəsiz ki, bu sahəyə məsul olan şəxslərin məsuliyyət məsələsi barədə mən heç nə deyə bilmərəm. Amma istənilən halda inanıram ki, baş vermiş fəlakət müvafiq qurumlar üçün ciddi bir dərs olacaq və gələcəkdə bu halın təkrarlanmaması üçün əməli tədbirlər görüləcəkdir.

- Böyük Britaniyada seçkilər Azərbaycandan fərqli keçirilirdi, yoxsa...

- Əlbəttə ki, fərqli idi. Əsas səbəb odur ki, Böyük Britaniya parlamentarizmin banisi, anası, demokratiyanın beşiyi hesab olunan ölkədir. Biz hakim və müxalif partiyalarla görüş zamanı seçki islahatları haqqında soruşanda yarı zarafatla da olsa, deyirdilər ki, Britaniya dünya parlamentarizminin anasıdır və biz belə şeyləri yaxşı bilirik, sanki onlar bununla demək istəyirdilər ki, bizim işimizə qarışmayın, nə Avropa Şurası, nə ATƏT-ə ehtiyac yoxdur. Əslinə qalsa, ATƏT-i heç orda əməlli-başlı tanımırlar da. Biz bəzən səsvermə məntəqələrində ATƏT-in nə olduğunu izah etməli olurduq. Təsəvvür edin ki, orda bülleten götürmək üçün nə vəsiqə, nə imza tələb olunur. Şəxs gəlib deyir filan ünvanda yaşayıram, ona əsasən bülleten alır və səs verir. Yəni Britaniya seçkisi inam və etimad üzərində qurulub. Yaxud namizəd olmaq üçün cəmi 10 imza, 500 funt vəsait tələb olunur. Seçki günü təbliğat qadağan edilmir. Orda MSK anlayışı yoxdur, var məntəqələr və dairələr. Ümumiyyətlə, Britaniyada seçkilərin nəticəsi hər hansı bir məhkəmə orqanı tərəfindən təsdiq olunmur.

- Britaniya parlamentinin üzvü olmaq ürəyinizdən keçmədi ki?

- Azərbaycan parlamentinin üzvü olmaq mənim üçün daha şərəfli vəzifədir. Ancaq deyim ki, Britaniyada seçki mexanizmlərinə münasibətdə bir sıra iradlar var. Xüsusilə, səsvermənin forması və təkbaşına hökumət qurmaq üçün mövcud tələblərlə razılaşmayanlar az deyil. Onlar bəzilərimizdən fərqli olaraq hər şeyi bir rəngdə görmürlər, demokratiya və hüquqi islahatlar istiqamətində ölkəmizin əldə etdiyi uğurlar və mövcud çətinliklər haqqında müfəssəl olmasa da, müəyyən bilgilərə sahibdirlər. Yeri gəlmişkən, nə qədər qəribə olsa da mayın 3-də seçki şikayətlərini araşdıran zaman Britaniyanın məşhur mətbu orqanı olan “The İndependent” qəzetinin müxbiri Jerome Teylorun hakim Leyboristlər Partiyasının tərəfdarlarının hücumuna məruz qalaraq vəhşicəsinə döyülməsi, bu ərəfədə təkcə Londonda 22 ciddi qanun pozuntusu faktının aşkarlanması və bunun 800 il demokratiya və parlament ənənəsi olan ölkədə baş verməsi müşahidə korpusunda şok effekti yaratdı.

- Seçkilərdə iştirak edəcəksiniz?

- Mən hazırda Milli Məclisin deputatıyam və növbəti seçkilərdə iştirakla bağlı qərar verməyə kifayət qədər vaxtım var. Tələsməyə ehtiyac görmürəm.

- Bizə müsahibələrinizdən birində demişdiniz ki, vaxtilə ABŞ-da təhsil almaq dəvətini reallaşdıra bilməmisiniz. Hətta Zərdüştiliklə bağlı elmi işi başa çatdırmadığınıza görə təəssüflənmişdiniz. Deyəsən, artıq bu arzunuz da çin oldu. Mən Harvardı nəzərdə tuturam.

- (gülür) Əlbəttə ki, Harvard Universitetində təhsil almaq böyük bir imkan, fürsət idi və mən bundan faydalanmağa çalışdım. Bu, xüsusi bir təhsil proqramı idi. Proqram çərçivəsində effektiv idarəetmə, liderlik, kadr seçimi, danışıq aparmaq bacarığı, məsuliyyət bölgüsü, fəaliyyət strategiyasının hazırlanması və digər mövzular tədris olundu. Harvard Universiteti dünyanın bir nömrəli universitetidir və illik büdcəsi 37 milyard dollardan çoxdur. Bu baxımdan Harvard ailəsinin üzvü olmaq, əlbəttə, çox xoşdur. Proqramı bitirdikdən sonra isə idarəetmə sahəsi üzrə magistraturada təhsil almaq təklifi aldım. Amma bunu reallaşdırmaq bir az çətindir.

- Hansı mənada?

- Maddi baxımdan buna böyük vəsait lazımdır. Yeri gəlmişkən, sizin əməkdaşlardan biri ABŞ Dövlət Departamentinin hesabatı ilə bağlı tənqidi fikrimə görə çox maraqlı bir fikir işlətmişdi ki, necə olur, ABŞ onu təhsil almağa göndərəndə yaxşı olur, ancaq onu tənqid edir. Amerikanın çörəyinin duzu yoxdur. (gülür) Mənə çox qəribə gəldi ki, doğrudanmı Amerikanın dəstəyi ilə hər hansı bir təhsil alan şəxs ABŞ-ı tənqid etməməli və ya onun sözçüsü olmalıdır. Bu məntiqi qəbul etmək mümkün deyil.

- Burda bir zarafat notları var idi.

- Ola bilər. Amma sizdə son vaxtlar mənə qarşı zarafat yaman çox olur.

- Məsələ burasındadır ki, siz ABŞ Dövlət Departamentinin tənqidinə qarşı çıxmışdınız...

- Yox, məhz mənim toxunduğum sahələr üzrə tənqidi fikirlər doğru deyildi. Xüsusilə də Penitensiar Xidmətdə ictimai nəzarətlə bağlı. Fakt budur ki, bu sahəyə ictimai nəzarət hökumət tərəfindən yüksək səviyyədə təmin olunub. Hətta bir sıra Avropa Şurasına üzv ölkələr Azərbaycan modelini bəyənir və onu tətbiq edirlər. Vaxtilə həbsxanaları müşahidəyə imkan verilmirdisə, son 4-5 ildə aparılan islahatlar nəticəsində artıq QHT-lərdən xahiş olunur ki, gəlin ictimai nəzarəti həyata keçirin. Bununla bağlı ictimai komitə fəaliyyət göstərir, mən həmin seçim komissiyasının üzvüyəm və vəziyyəti bilirəm. Yaxud son iki ildə dövlətin QHT-lərlə bağlı çox dəqiq və ciddi bir konsepsiyası var. Bu konsepsiyanın əsas hədəfi vətəndaş cəmiyyətini və onun ən mühüm sektoru olan QHT-ləri gücləndirmək və inkişaf etdirməkdən ibarətdir. Bunları göz ardı etmək olmaz.

- Bu günlərdə İrəvana səfər edən nazir İsmət Abbasov vaxtilə yaşadığı evə baş çəkdi, ermənicə danışdı və bununla bağlı müxtəlif reaksiyalar oldu. Siz də Qərbi Azərbaycandansınız, bu addımı necə qarşıladınız?

- Mənim şəxsi mövqeyim ondan ibarətdir ki, Ermənistan Azərbaycan ərazilərini işğaldan azad etməyincə, işğal faktına son qoymayınca, insanlar öz yurd-yuvalarına qayıtmayınca ciddi zərurət olmadan bu cür səfərlərə həssas yanaşılsın. İsmət Abbasovun vaxtilə yaşadığı evə baş çəkməsini başa düşsəm də, onun ermənicə danışmasını heç bəyənmədim və fikrimcə, bu kimi aşırı emosiyaya ehtiyac yox idi. Amma o da həqiqətdir ki, zaman-zaman biz digər imkanlardan da faydalanmağa çalışmalıyıq. Vaxtilə mən QHT-lərin Ermənistan və Dağlıq Qarabağa gizli səfərlərini, qondarma Dağlıq Qarabağın “bayrağı” altında keçirilən tədbirləri, eyni zamanda Ermənistanda kef məclislərini çox ciddi şəkildə tənqid etmişəm, indi də bu məzmunlu səfərlərin əleyhinəyəm. Digər tərəfdən isə Polad Bülbüloğlunun Azərbaycan torpağından, Ağdamdan keçərək Azərbaycanın ayrılmaz hissəsi olan Xankəndinə getməsini, orda müəyyən görüşlər keçirməsini, müəyyən təbliğat aparmasını, ordan da İrəvana gedib eyni sözləri orada deyib qayıtmasını daha faydalı hesab edirəm. Bunlar fərqli-fərqli məsələlərdir. Deməyim odur ki, düşmən ölkə ilə hər hansı təmas mütləq şəkildə milli maraqlarımıza xidmət etməlidir. Hətta ermənilərin Bakıya gəlib Azərbaycanın inkişafını görməsinin, müqayisə aparmasının, yaşayış səviyyəsi haqqında fərqləri görmələrinin çox böyük faydası var. Əgər Ermənistandakı QHT-lər özlərində cəsarət, təmkin tapıb öz dövlətlərinin bu ağılsız və işğal siyasətinə qarşı çıxa bilərlərsə, bizim QHT-lər onlara cavab, dəstək verməlidir.

- Bu gün Dağlıq Qarabağda yaşayan ermənilərin təsis etdiyi qurumlar Azərbaycanın suverenliyini qəbul edib QHT-lərə Dövlət Dəstəyi Şurasına dəstəklə bağlı müraciət etsə, reaksiya necə olar?

- O halda biz bu dəstəyi verməliyik. Mənim fikrimcə, Dağlıq Qarabağ erməniləri ilə Ermənistan ermənilərini tamamilə ayırmaq lazımdır. Əgər Dağlıq Qarabağ erməniləri bizə müraciət etsə, Şura onların layihələrinə dəstək verə bilər. Çünki onlar bizim vətəndaşımızdır, bizim ərazimizdə yaşayırlar. Şübhəsiz ki, burda fərqli situasiya var, suverenliyimiz işğal olunmuş ərazilərdə bərpa olunmayıb, onlar Azərbaycan qanunları ilə fəaliyyət göstərmir və nəzarətdən kənardır. Amma bununla bərabər, belə bir müraciət olsa, hesab edirəm ki, onlar Azərbaycan qanunlarını və Konstitusiyasını tanımaq istiqamətində mühüm bir addım atmış olarlar. Bu addıma da adekvat cavab vermək lazımdır.

- Yeni ofisdə özünüzü necə hiss edirsiniz?

- Əvvəlkinə nisbətən çox rahatdır. Həm genişdir, həm şəhərin mərkəzindədir, həm də kommunikasiya imkanları zəngindir.

- Belə başa düşdüm artıq tənqidlərə öyrənibsiniz...

- Açığı, əvvəl bunu çox həssaslıqla qarşılayırdım. Çünki belə şeyləri görməmişdim. Bəlkə də səbəb o idi ki, mən uzun müddət vətəndaş cəmiyyəti strukturunda çalışmışam, daha çox tənqid etmişəm, nəinki tənqid olunmuşam. Amma bu iki ildə gördüm ki, doğrudan da burda müəyyən maraqların toqquşması var. Sənin qəbul etdiyin qərarlardan əgər 100 nəfər razıdırsa, 500 nəfər narazıdır. Çox qəribədir ki, 500 nəfərin özü də özünü haqlı hesab edir. Hesab edir ki, onun yazdığı layihə hamısından yaxşıdır. Bəzən çox haqsızlıq, qərəz olanda, görülən işə çamur atılanda istər-istəməz adam özünü çox pis hiss edir. Düşünürsən ki, axı sənin niyyətin bu deyil, sən çox çalışırsan ki, vətəndaş cəmiyyəti, QHT-lər indiyə qədər görmədikləri bu xidməti görsünlər. Bizim qapımız açıqdır, mən kim gəlir, qəbul edirəm. Heç kimə “yox” yoxdur. Ən azı insanları gülərüzlə qəbul edib məsələləri izah edirik, imkan olanda köməklik göstəririk. Bizim niyyətimiz QHT-lərin inkişafına dəstək verməkdir. Bu, dövlətin siyasəti, cənab prezidentin bizim üzərimizə qoyduğu ən böyük vəzifədir ki, QHT-lər arasında ayrı-seçkilik qoyulmasın, siyasi baxışlarına və dünyagörüşünə görə heç bir fərq qoymadan hamıya eyni gözlə baxılsın və maksimum şəkildə dəstək verilsin. Bütün bunların fonunda ya bilərəkdən, ya bilməyərəkdən bəzən qərəzli mövqelər sərgilənir. Əvvəl bunu çox ürəyimə salırdım, indi isə fikir vermirəm. Ancaq onu da başa düşürəm ki, cəmiyyətə nə qədər açıq olursan və şəffaf fəaliyyət göstərirsən, o qədər çox tənqidə məruz qalırsan. Əlbəttə ki, tənqidlərdən həmişə olduğu kimi bundan sonra da nəticə çıxartmağa hazırıq. Yetər ki, bu tənqidlər xoş məramlı və sağlam məntiqə əsaslansın.

- Bu ağır işin öhdəsindən gəlməkdən ötrü yəqin ki, idmanla da məşğul olursunuz.

- (gülür) Mən artıq üzgüçülüyə yazılmışam. Bu həftədən etibarən çox ciddi şəkildə buna əməl etməyə çalışacağam. Hesab edirəm ki, idmanla məşğul olmağa hələ vaxtım var, bir az sonra gec ola bilər. Oturaq həyatın fəsadlarını önləmək üçün gərək bəzi tədbirlər görəsən...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1265

Oxşar yazılar