İmtina olunmuş gələcək - REPORTAJ
23 aprel 2010 17:00 (UTC +04:00)

İmtina olunmuş gələcək - REPORTAJ

(“Dövlətin uşaqları” silsiləsindən Lent.az-da növbəti yazı)

Körpələrin ailələrə verilməsi

Əvvəli: http://www.lent.az/news.php?id=28145


Körpələr valideynləri tərəfindən atıldığı kimi, “bir kor qız övladının” həsrətini çəkənlər də var. Belələri başqalarının uşağını övladlığa götürür. Özü də həmin şəxslər əksəriyyət halda kiçik yaşlı körpələri götürmək istəyir. Körpələr Evində olarkən onu da öyrəndim ki, əksər hallarda ailədə qadın sonsuz olarkən, körpə üçün müraciət edirlər. Yəni, ailədə sonsuzluq qadında olur və ər başqa qadınla evlənərsə övladı olar. Lakin o, öz arvadından imtina etməyərək övladlığa uşaq götürməyə üstünlük verir.
Sözün düzü, körpələrin ailələrə verilməsi barədə neqativ faktlar da eşitmişəm. Eşitmişəm ki, övladlığa körpə götürmək istəyənlər mütləq “əllərini ciblərinə salmalıdır”. Ancaq bunlarla bağlı 1 saylı Körpələr Evində “bu barədə heç nə bilmirik, deyə bilmərik” dedilər. Əvəzində, körpənin ailələrə verilməsinin qanuni tərəflərindən danışdılar. Məlum oldu ki, qanunvericiliyə əsasən, körpələr ən çoxu 50 yaşı olanlara verilir. Praktikada isə övladlığa körpə götürənlərdən ailələrdə ən cavan “ata”nın 27, ən yaşlı “ata”nın isə 50 yaşı olub. Övladlığa uşaq götürmək istəyənlər qeydiyyatda olduqları rayon İcra Hakimiyyətinin Qəyyumluq Şöbəsinə müraciət edirlər. Sonradan lazımi sənədlər toplanaraq Bakı Şəhər Baş Səhiyyə İdarəsinə göndərilir. Müraciət edən şəxslər idarədə növbəyə yazılır. Buna paralel olaraq 1 saylı Körpələr Evinə yeni körpə daxil olan kimi dərhal Bakı Şəhər Baş Səhiyyə İdarəsinə məlumat verilir.

Beşinci Haşiyə: Körpənin nə vaxt doğulduğu barədə dəqiq məlumat yoxdursa, ona Körpələr Evində təxmini doğum tarixi verilir. Əgər körpə anası tərəfindən imtina edilirsə və atası da məlum deyilsə, ona anasının soyadı, ata adı olaraq isə ana babasının adı verilir (məsələn, Həsənova Gülbəniz Məmməd qızının Ceyhun adlı oğlu sənəddə belə göstərilir: Həsənov Ceyhun Məmməd oğlu). Yox əgər ümumiyyətlə uşaqla bağlı heç bir məlumat yoxdursa, ona ad qoyulur, ata adı və soyad isə eyni olur. Belə ki, bu cür bütün körpələrin hamısının soyadı Əliyev (bu, 1 saylı Körpələr Evinin baş həkimi Nəhayət Əliyevanın soyadıdır), ata adı olaraq isə “Əli oğlu” və “Əli qızı” verilir.


Körpəsindən imtina edəndən sonra dalınca gələnlər

Körpə 1 saylı Körpələr Evinə daxil olandan ən azı 6 ay keçdikdən sonra övladlığa verilə bilər. Qadınlar arasında körpəsindən imtina edəndən bir müddət sonra onun dalınca gələnlər olur. Lakin çox vaxt bu cür “peşman ana”lar gecikmiş olur. Çünki artıq onun övladı hansısa ailədə böyüyür. Təbii ki, qadın övladının hansı ailəyə verilməsilə də maraqlanır. Lakin bu informasiyalar qanunla qorunur və onlar heç kimə, hətta körpənin anasına da verilə bilməz.
Əgər “peşman ana” körpə hələ ailəyə övladlığa verilməzdən əvvəl gəlirsə də belə, yenə körpəsini geri almaq problemə çevrilir. Əgər uşaq küçəyə, yaxud Doğum Evinə atılmış yox, rəsmi şəkildə imtina edilmişdirsə, bir ay müddətində ana gəlsə, övladı ona verilir. Ancaq çox gec gəlsə, çətin, yaxud mümkünsüz olur (körpəsini küçəyə, Doğum Evinə atıb getmiş analara da aiddir. Çünki həmin vaxt qadın ana olduğunu heç sübuta da yetirə bilmir). Belələri üçün Körpələr Evinin qapısı bağlı olur. Onlar nə qədər dava-dalaş edə, çığır-bağır salsalar da “məhkəməyə müraciət et, onlar həll eləsin” cavabını eşidirlər. Yəni, belələri ancaq məhkəmə yolu ilə övladını ala bilər. Təbii ki, məhkəmə onun xeyrinə qərar çıxarsa. Ananın körpələr evindəki övladına qovuşması halına çox az rast gəlinir.

Böyüyəndən sonra valideynlərini axtaranlar

Qanunvericiliyə əsasən, körpəni övladlığa ən çoxu 50 yaşına qədər olan şəxslər götürə bilər. Praktikada 50 yaşında olan cütlüklərin övlad götürməsinə rast gəlinir. Ən cavan övlad götürənlər isə 27 yaşında olub. Öz övladı olan şəxsin buradan övladlığa körpə götürməsi halına da rast gəlinib. Məsələn, bir müddət əvvəl bir qızı və bir oğlu olan cütlük bir qızı övladlığa götürüb. Bütün bunlar o demək deyil ki, 1 saylı Körpələr Evində saxlanılan körpələrin hamısı övladlığa götürülür. Götürülməyənlər də olur. Belələri üç yaşına çatdıqdan sonra uşaq evləri və internatlara verilir.

Altıncı Haşiyə: 2005-ci ildə Körpələr Evinə 22 yaşlı bir qız gəlir. O, Bakıdakı internatlardan birindən çıxdığını, hazırda kirayədə yaşadığını və artıq özünə iş də tapdığını bildirir. Qız internatdan çıxarkən bura haradan gəldiyini soruşubmuş, ona 1 saylı Körpələr Evini nişan veriblər. Onun bura gəlməkdə məqsədi valideynlərini axtarmaq olub. Körpələr Evinin direktoru deyir ki, qız valideynlərini yaşamağa yeri olmadığından axtarmırmış: “Onun gözlərində nifrət vardı. Deyirdi ki, onları tapıb soruşmaq istəyirəm ki, məni niyə atmısız?”
Hərbi xidmətdən yenicə qayıtmış 21 yaşlı oğlan da valideynlərini axtarmaq üçün 2007-ci ildə Körpələr Evinə üz tutub. Ancaq onlardan heç birinə valideynləri barədə məlumat verilməyib.

Dəhşətli yalan: “Uşaq ölü doğuldu”

Yeddinci Haşiyə: Bir müddət əvvəl 1 saylı Körpələr Evinə çeçen millətindən olan cütlük gəlib. Ər-arvad hər ikisi yenicə doğulmuş körpədən imtina etdiklərini bildiriblər. Körpədən imtinaya səbəb isə onun qüsurlu doğulması göstərilib: körpə dovşandodaq-qurdağız doğulubmuş. Bu qüsur dodaq və damağın yarıq olmasından ibarətdir. Azərbaycanlı ailələr arasında da belə hallar çoxdur. Onlar dovşandodaq-qurdağız övladlarından imtina edir. Maraqlıdır ki, iki dəfə cərrahiyyə əməliyyatı keçirməklə bu qüsuru aradan qaldırmaq olur. Bunu valideynlər özləri də bilir. Lakin “biz necə gedib qohum-qardaşa deyək ki, dünyaya gələn körpəmiz bu eybəcərdi?” deyib, ondan imtina edirlər. Sonra isə qohum-tanışa “uşaq ölü doğuldu” deyirlər.
Son vaxtlara qədər 1 saylı Körpələr Evində 5 belə körpə olub. Onlardan 3-ü dövlət hesabına cərrahiyyə əməliyyatı olunub. Həmin əməliyyat olunan körpələrdən 2-si ailələrə də verilib. Hazırda Körpələr Evində 2 dovşandodaq-qurdağız körpə var ki, onlar da əməliyyat ediləcək.

Ümumilikdə isə Körpələr Evindəki 38 körpədən 6-sı qüsurludur. Onlardan ikisinin qolu yoxdur: birinin sağ, o birini isə sol qolu yoxdur. Həmin körpələrdən birinin sol qoluyla yanaşı, qulağının biri yoxdur və üz cizgilərində əyrilik var. Bir körpənin isə hər iki əli qüsurludur: barmaqları yarıdan yoxdur.

ABŞ səfirliyinin işçisi övladlığa azərbaycanlı körpəni götürüb

Əvvəllər 1 saylı Körpələr Evindən körpələr əcnəbilərə də övladlığa verilib. Bunlar arasında Türkiyə, ABŞ və Belçika vətəndaşları olub. Körpələrdən birini götürən ailənin xanımı Litva vətəndaşı olub, ər isə ABŞ-ın Azərbaycandakı səfirliyində çalışırmış. Övladları olmayan bu cütlük azərbaycanlı körpəni övladlığa götürüb. Ümumilikdə rəsmi olaraq 1 saylı Körpələr Evindən əcnəbilərə övladlığa verilən körpələrin sayı heç 10-a çatmayıb. Ancaq 5 ildən artıqdır ki, əvvəlcə Milli Məclisdə qaldırılan məsələ dövlət səviyyəsində qaydaya salınıb: daha əcnəbilərə körpə verilmir.

Bu da onlar

1 saylı Körpələr Evindən reportaj körpələrə baş çəkməyimlə yekunlaşdı. Demişdim axı, onlar yaşlarına görə qruplara ayrılaraq saxlanılır. Buranın işçilərinin müşayiətilə əvvəlcə birinci mərtəbədəki körpələrə baş çəkirik. Onlar içəri daxil olub mənə bayırda gözləməyimi tapşırırlar. Bir qədər keçmiş, məni də içəri çağırırlar. İçəridə isə pıçıltıyla deyirlər ki, lap astadan danışım: “Çünki körpələrin biri oyanıb ağlasa, səsə o birilər də oyanacaq”. Burada yeddi-səkkiz körpə vardı. Bunlar bir yaşa yaxın olanlardı. Hamısı da dünyadan xəbərsiz uyuyurdu.

Sonra ikinci mərtəbədəki balacalara baş çəkdik. Arasında qapı olan otaqların hərəsində 10-a yaxın körpə vardı. Buradakı körpələr oyaq idi. Onlardan kimisi iki, kimisi üç, kimisi də altı aylıqdır və s. Biri də vardı – bapbalaca. İşçilər dedi ki, o hələ təzə gətirilib, özü də heç bir aylıq deyil. Vallahi, körpələri görmədən adam düşünür ki, kimsə körpəsini ata bilər. Ancaq adam bu körpələri görəndə, sanki bunun yalandan deyildiyini düşünürsən. Heç inanmaq olmur ki, Allahın yaratdığı bu cür gözəl məxluqlar atılıb...
Burada atılmış körpələrlə bağlı bir şeyi də öyrəndim. Daha doğrusu gördüklərim nəticəsində bu qənaətə gəldim: adi ailələrdə olan körpələr ağlayan zaman onların sakitləşdirmək çətin olur, ancaq Körpələr Evinin “sakinləri”nin sakitləşməsi üçün kiminsə onu qucağına götürməsi, hətta başına sığal çəkməsi bəs edir...

Pərvin ABBASOV

[email protected]

P.S. Sonuncu yazıda iki övladından imtina etməkdən ötrü onları “Vosmoy” bazarına gətirən qadının əhvalatını oxuyun.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar