SOS! Bəşəri təhlükə Azərbaycanda!
17 fevral 2010 15:45 (UTC +04:00)

SOS! Bəşəri təhlükə Azərbaycanda!

Genetik modifikasiya olunmuş ərzaq məhsullarının Azərbaycanın istehlak bazarında yayılma təhlükəsi artıb

Bu gün AMEA İnsan Hüquqları İnstitutunda (İHİ) “Genetik modifikasiya olunmuş ərzaq məhsullarının Azərbaycanın istehlak bazarında yayılma təhlükəsi” adlı konfrans keçirilib. Lent.az-ın xəbərinə görə, institutun direktoru Aytən Mustafayeva bildirib ki, İHİ bu konfransla “Bioteka, yeni texnologiyalar və insan hüquqları” adlı yeni tədqiqat istiqamətinin yaradılmasının əsasını qoyur. Bu istiqamətə respublikanın müxtəlif ixtisaslar üzrə aparıcı alimləri cəlb edilib. Yeni tədqiqat istiqaməti institutun ilk direktoru, mərhum professor Rövşən Mustafayevin xatirəsinə həsr olunub.

A.Mustafayeva bildirib ki, genetik modifikasiya olunmuş (GMO) məhsullarla bağlı layihələrin biznesə transformasiyası milyonlarla insanın həyatına ciddi təhlükə yarada bilər: “Bu məsələ bəşəriyyət üçün bəlkə də ən ciddi təhlükədir. Çünki məhz onun əsasında qida və dərman sənayesi inkişaf etməyə başlayır. Məhz bu səbəbdən qidalanmada GMO edilmiş məhsullardan istifadə edilməsi mövzusu əhəmiyyət kəsb edir. Dünya alimləri bu barədə müzakirələr apardıqları halda, milyonlarla insan fəsadlardan xəbərsiz həmin ərzaq məhsullarından istifadə edir. GMO kənd təsərrüfatı məhsulları yetişdirilməsilə bağlı ekoloji risklərdən başqa, qida riskləri də mövcuddur. Bu məhsullardan nəzarətsiz istifadə gələcəkdə gözlənilməz nəticələrə gətirib çıxara bilər. Elə buna görə də ABŞ və Avropada transgen məhsullar satışda fərqləndirilir və xeyli ucuzdur. Avropa İttifaqında ümumən malların tərkibində gen modifikasiyası olunmuş elementlər 0,9%-dən artıq olmamalıdır. Azərbaycanda isə transgen məhsullar nəinki markalanmır, üstəlik adi məhsullarla bir yerdə satılır və qiyməti də elə onlar qədərdir. Biz xaricdən təkcə hazır qida məhsulları deyil, həm də heyvanlar üçün yem, genetik modifikasiya edilmiş komponentlərlə zəngin qida əlavələri gətiririk. Nəticədə, yerli məhsullar da – ilk növbədə ət və şirniyyat məmulatları təhlükəli olur”.

Tədbirə qatılmış Botanika İnstitutunun əməkdaşı Ələmdar Məmmədov GMO məhsullarının istehsalçılara nə üçün sərfəli olmasından danışıb. Onun sözlərinə görə, belə məhsullar həm məhsuldarlıq baxımından bol olur, həm ucuz başa gəlir, həm də zərərverici həşəratlar onlara yaxın düşmür: “Lakin bu qidalar təhlükəlidir”.

Qonşu İranın GMO mhsulları istehsal edən ölkələr sırasına daxil olduğunu deyən alim Azərbaycan bazarında bu ölkədən gətirilən kifayət qədər məhsula rast gəlindiyini vurğulayıb.

Ə.Məmmədov Azərbaycanda müvafiq məsələ ilə bağlı qanunun olmadığını da bildirib. Onun sözlərinə görə, yalnız “Toxumçuluq haqqında” qanunda GMO ilə bağlı məqamlar var. Lakin bu qanunda boşluqlar mövcuddur. Alim Azərbaycanda GMO məhsulları ilə bağlı qanun hazırlandığını da bildirib.

Müstəqil ekspert Babək Tatlıyevin çıxışı isə daha konkret və sərt olub. Onun sözlərinə görə, hələ keçən əsrin 90-cı illərində GMO məhsulları istehsal edən şirkətlərin illik gəlirləri on milyardlarla dollar ölçülürdü. Həmin şirkətlər bu qədər pulları insanlara faktiki olaraq zərərli qidalar satmaqla qazanırdı.

B.Tatlıyev Çin və Yaponiya kimi ölkələrin GMO məhsullarını ölkəyə buraxmadığını deyərək bildirib ki, buna görə hətta neçə illərdir Avropa ABŞ-la “vuruşur”: “Avropa öz bazarına belə məhsulların çıxarılmasına qarşıdır”.

O bildirib ki, dünyanın bir sıra ölkələrinin əhalisi, o cümlədən Azərbaycan xalqı hazırda “laboratoriya siçovullarına” çevrilib: “Mən istəyərdim əlaqədar şəxslər bu məsələylə ciddi məşğul olsunlar. Çünki bu məhsulların ziyanını gələcəkdə onların övladları da görəcək. Bu gün Rusiyadan Azərbaycana gətirilən ət məhsullarının 80-90%-i GMO məhsullarıdır. Bu gün bizim yediyimiz şokoladlar, dondurmalar, 19 günə böyümüş toyuqlar çox təhlükəlidir. Təhlükə artıq məsələn, qızlarda sonsuzluq hallarının artmasıyla müşahidə olunur. Ancaq növbəti 20-25 ildən sonra bunun daha acı nəticələrini görəcəyik. Mən təklif edirəm ki, ümumiyyətlə GMO məhsullarının Azərbaycana idxalına qadağa qoyulsun”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482

Oxşar yazılar