Azərbaycanda İKT Universiteti yaradılacaq
22 noyabr 2012 19:20 (UTC +04:00)

Azərbaycanda İKT Universiteti yaradılacaq

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İstanbul Bilgi Universitetinin idarə heyətinin sədri Rifat Sarıcaoğlu, idarə heyətinin üzvü Ural Ağüzüm, Avropa Laureatı Beynəlxalq Universitetinin baş direktoru Miguel Carmelo və CENAY inşaat sənayesi və ticarət şirkətinin idarə heyətinin rəhbəri Çingiz Güldamlası ilə görüş keçirilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a veridiyi məlumata görə, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib ki, Azərbaycan Türkiyənin, eləcə də Avropanın bir sıra tanınmış universitetləri ilə əməkdaşlıq edir.

İltimas Məmmədov ölkəmizin tələbə mübadiləsinə böyük diqqət yetirdiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, dövlət tərəfindən hər il 5000 tələbə təhsil alması üçün dünyanın bir sıra məşhur universitetlərinə göndərilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən hər il 180 tələbənin də prioritet istiqamətlər üzrə təhsil alması üçün xaricə göndərilir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf etdiyindən bu sahənin peşəkarlarının hazırlanmasına böyük diqqət yetirilir.

Rifat Sarıcaoğlu bildirib ki, Türkiyənin ən böyük 4 ali məktəblərindən biri İstanbul Bilgi Universitetidir. Bu təhsil ocağında 14 min tələbə təhsil alır. İstanbul Bilgi Universitetinin Avropa və eləcə də region ölkələri ilə anlaşma memorandumları var. O, Azərbaycanla İKT sahəsində peşəkarların hazırlanmasında maraqlı olduqlarını söyləyib: “Bizim universitetdə 1000-ə yaxın tələbə onlayn qaydada təhsil alır. Ali təhsil ocağımızda İKT sahəsi üzrə böyük müəllim kollektivimiz var. Universitetlərimiz konsorsium formasında texnoparklar yaradıblar. Qeyd edim ki, hazırda texnoparklar əsasən iri şəhərlərimizin ətrafında fəaliyyət göstərir”.

Miguel Carmelo isə təmsil etdiyi universitet haqqında geniş məlumat verib. Avropa Laureatı Beynəlxalq Universitetinin dünyanın 30 ölkəsində 60 filialı fəaliyyət göstərir, ümumilikdə 750 min tələbəsi var. Avropa Laureatı Beynəlxalq Universitetinin fəaliyyəti üçün Avropa məkanı nəzərdə tutulub: “Bizim akademik təhsil modelimiz 3 meyara söykənir. Onlardan biri də tələbəyə yönələn təhsildir. Tələbələrimizi qlobal dünya üçün hazırladığımız üçün onların dil məsələlərinə böyük önəm veririk və çalışırıq ki, məzunlarımız ən azı 2 dildə öz ana dilləri kimi danışa bilsinlər”.

Təmsil etdiyi universitetdə onlayn təhsilin də verildiyini diqqətə çatdıran Miguel Carmelo bunun da daha çox işləyən insanlar üçün səmərəli olduğunu söyləyib. Azərbaycana maraqlı məkan kimi baxdıqlarını bildirən Miguel Carmelonun sözlərinə görə, buna səbəb ölkəmizdə insanların rifahının günü-gündən artmasıdır: “Araşdırmalar göstərir ki, yaxın 10 il ərzində Azərbaycanda tələbələrin sayı 2 dəfə artacaq. Ona görə də öz təcrübəmizi bura gətirmək istəyirik”.

Türkiyədə “elektron hökumət” quruculuğunda dövlət tərəfindən bir sıra layihələrin həyata keçirildiyini deyən Ural Ağüzüm qeyd edib ki, Türkiyə hökuməti universitet-sənaye birliklərinə olduqca isti münasibət bəsləyir. Azərbaycanda da "elektron hökumət" quruculuğu istiqamətində mühüm işlər görüldüyünü xatırladan Ural Ağüzüm bu sahə üzrə əməkdaşlıqdan hər iki tərəfin uğur qazanacağına əminliyini ifadə edib.

İltimas Məmmədov Türkiyənin, eləcə də dünyanın bir çox texnoparkları ilə yaxından tanış olduqlarını vurğulayıb. O Azərbaycanda da texnoparkın yaradılması istiqamətində ciddi işlər görüldüyünü nəzərə çatdırıb. Bunun üçün Sumqayıt şəhərində böyük bir ərazinin ayrılıb, hazırda texnoparkla bağlı detallar hazırlanır: “Yəni onun ölkəyə xeyir gətirməsi üçün detalları müəyyənləşdirilir. İstəyirik ki, burada şirkətlər özlərini təqdim edə bilsinlər, alimlər onun verdiyi üstünlüklərdən istifadə etsinlər. Türkiyə bizə yaxın olduğu üçün onun təcrübəsindən yararlanırıq. Lakin bu istiqamətdə daha irəli getmiş ölkələr mövcuddur. Azərbaycanda İKT universitetinin və texnikaparkın yaradılması üçün sizin təcrübəniz bizim üçün əhəmiyyətlidir. İKT çox sürətlə inkişaf edən sahədir, texniki biliklər verən universitetə ehtiyacımız var. Dünya təcrübəsi göstərir ki, elmi nailiyyətlər, ixtiralar daha çox universitetlərdə əldə olunur. Yeri gəlmişkən bildirim ki, biz tələbələrin hansı universitetlərdə təhsil almasına diqqət yetiririk. Azərbaycanın ilk telekommunikasiya peyki fevral ayında orbitə qaldırılacaq. Bundan sonra da bir neçə peykimizi orbitə qaldırmağı planlaşdırırıq. Ona görə də bizdə yüksək hazırlıqlı tələbələrə ehtiyac var. Düşünürəm ki, ölkəmizdə İKT Universiteti yaradılan zaman sizinlə təcrübə mübadiləsi istiqamətində görüşlər keçirə bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1895

Oxşar yazılar