Haqqı tanımanın əlifbası - DEPUTAT YAZIR
11 oktyabr 2012 11:38 (UTC +04:00)

Haqqı tanımanın əlifbası - DEPUTAT YAZIR

Keçmiş prezidentlərin statusu haqqında qanun qəbul olunarkən bəlkə də ən çox sevinənlərdən biri oldum. Yalnız ona görə yox ki, bu adda qanun layihəsini üç il öncə Milli Məclisə təqdim etmişdim. Yalnız ona görə yox ki, milli dəyərimiz Əbülfəz Elçibəyin ailəsinin bu qanundan yararlanması mümkün olacaqdı. Həm də ona görə ki, ölkəmizdə nəhayət ki, müstəqilliyimizdən iyirmi il keçəndən sonra siyasi mədəniyyət nümunəsi sayıla biləcək bir hadisə baş verdi. Səmimi deyək ki, burada dövlət başçısının siyasi iradəsi ortaya qoyulmasaydı, Milli Məclisin illərdir komitədə qalan bu qanunu müzakirəyə çıxaracağı inandırıcı görünmürdü.

“Haqqı tapdalamaq” və “Haqqı tanımaq”... Azərbaycanda bu ifadələrin nə qədər yayğın və işlək olduğunu hər kəs təsdiqləyər. Doğrudur, bizdə iman natamamlığı problemi olduğundan, Haqqın İlahi mənasından daha çox İnsani mənası dərhal ağla gəlir. Olsun! Yaradan üçün Yaradılanın haqqını tapdalamamaq özü də örnək davranış sayılmalıdır. Azərbaycanın prezidentləri olmuş Ayaz Mütəllibov da, Əbülfəz Elçibəy də, Heydər Əliyev də ayrılıqda bir tarixdir və bu tarixləri hər kəs müsbət və mənfi mənada, obyektiv və ya subyektiv şəkildə dartışa bilər. Ancaq kimsə bu tarixin olmadığını iddia edə bilməz. Bununla belə, haqlı sual doğur ki, bu qanundan sonra bütün daşların yerinə qoyulması mümkün olacaqmı? Düşüncəm bu ki, bundan sonrakı dövrdə daha sabit və mədəni münasibətlər ortaya qoymaq istəyiriksə, addım-addım insanların haqqını tanımaq, bu olmasa belə ən azı haqqını tapdalamamaq yönündə nöqsanları ortadan qaldırmalıyıq. Nümunə üçün Azərbaycanın istiqlaliyyətinə səs vermiş deputatların haqlarının tanınmasından başlamaq olar. Onların içində bu istiqlala hörmətsizlik gətirənləri, saxtakarları aşağı-yuxarı cəmiyyətimizin böyük əksəriyyəti tanıyır. Axı onların içində dürüst, ləyaqətli insanlar da az olmayıb. Tarixi fakt budur ki, o məqamda düyməyə basma, yaxud da əl qaldırma şansı və iradəsi onlara qismət olub. Məncə, onlara xüsusi təqaüd verilməsi, bu tarixi haqlarının tanınması cəmiyyətimizdə də rəğbətlə qarşılanar. Bu məsələyə nədən ciddi əhəmiyyət verirəm? Bu, bir mədəni inkişaf məsələsidir. Mədəni inkişaf yalnız gözəl arxitektura, yolun, təhsilin, səhiyyənin, turizmin vəziyyəti ilə müəyyənləşmir. İlk növbədə insan münasibətlərindən və insana münasibətdən başlayır.

Bir utancverici nümunəni xatırladığımda tez bir zamanda mədəni cəmiyyət olacağımız barədə illüziyalardan istər-istəməz uzaqlaşmalı oluram. Bir neçə dəfə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçirilən toplantılarda iştirak etmişəm. Akademiyanın prezidenti olmuş şəxslərin ardıcıllıqla asılmış şəkilləri sırasında akademik Eldar Salayevin şəklini bilərəkdən asmamışlar və ya çıxarmışlar. Belə bir mənzərəni dünyanın hansısa geridə qalmış bir yerində görə biləcəyimi təsəvvürə gətirə bilmirəm. Əslində məni Eldar Salayevin siyasi baxışlarının nə olduğu maraqlandırmır. O, bir akademikdir və Akademiyanın prezidenti olub. Ya bütün şəkillər oradan yığışdırılır, ya da tarixə tarix kimi mədəni yanaşma ortaya qoyulur. Mən bilmirəm, oxşar münasibət universitetlərdə keçmiş rektorlara, orta məktəblərdə keçmiş direktorlara, kafedralarda fərqli görüşlərdə olan alimlərə də tətbiq olunur, ya yox. Sadəcə, utancvericidir, mədəni davranış deyil, dərhal bu nöqsandan uzaqlaşılmalıdır. Bu, mətbuata da, dövlət qulluğuna da, Milli Məclisə də, bütün tarixi şəxsiyyətlərə də aiddir. İnanın, ən böyük Azərbaycan qəhrəmanı hesab etdiyim Nuru Paşaya vermədiyimiz qiymət Qarabağı azad etmək istəyən çağımızın yeni Nuru Paşasının içində mütləq bir inciklik duyğusu cücərdəcəkdir.

Haqlı olmaq sadəcə Haqqı tanımaqdan başlayır...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 899

Oxşar yazılar