“Yeniyetmə evlənmək istəyirsə, heç bir cəza onun qarşısını ala bilməz” – Hüquqşünas Ombudsmanın təklifinə qarşı
27 aprel 2020 11:40 (UTC +04:00)

“Yeniyetmə evlənmək istəyirsə, heç bir cəza onun qarşısını ala bilməz” – Hüquqşünas Ombudsmanın təklifinə qarşı

“İndiki halda qanunu qəbul edək, cəzalandıraq və qorxudaq. Amma bu tədbirlər də həmin cinayəti törədənlərə maneə yaratmır”.

Bu sözləri erkən yaşda nikahlara qarşı cəzaların sərtləşdirilməsindən Lent.az-a danışan “Milli” Hüquq Evinin rəhbəri, hüquqşünas Nicat Gözəlov deyib.

Hüquqşünas erkən nikahların və 18 yaşadək olan yeniyetmə qızlarla cinsi əlaqənin qarşısını maarifləndirmə ilə alınmasını tövsiyə edib. Onun sözlərinə görə, tətbiq olunan cəzalar bu niyyətdə olan insanlar üçün maneə yaratmır. Həmsöhbətimiz bundan əlavə, Ombudsman Səbinə Əliyevanın bu xüsusda Cinayət Məcəlləsinin 152-ci maddəsinə dəyişikliklər edilməsi təklifinə də münasibət bildirib:

“Məsələyə iki kontekstdən yanaşmaq lazımdır. Cəzalandırmaqla qorxutmaq və maarifləndirməklə irəli aparmaq. Bu da bir-birilə bağlı kompleks məsələlərdir. İndiki halda Ombudsmanın irəli sürdüyü qanunu qəbul edək, cəzalandıraq və qorxudaq. Amma bu tədbirlər də həmin cinayəti törədənlərə maneə yaratmır. 20 il əvvələ qədər Cinayət Məcəlləsində “evlənmək məqsədilə qız qaçırtmaq” maddəsi vardı. Həmin maddə sonradan çıxarıldı. Prokuror da baxırdı ki, qaçırılan qız ailədədirsə, ailə təsərrüfatında işləyirsə, yaxud artıq hamilədirsə, Cinayət Prosessual Məcəlləsinin 40-cı maddəsinə əsasən, cinayət təqibinə xitam verilirdi. Prezidentin dekriminallaşma və humanistləşməyə çağırdığı dövrdə daha ağır sanksiya ilə bağlı müraciəti düzgün saymıram. İnsanları qorxutmaq, cəzalandırmaq, cəzaçəkmə müəssisələrində uzun müddət saxlamaq yox, həmin o ailə münasibətlərinə girən tərəflər və ya valideynlərini maarifləndirmək daha önəmlidir. İndiki halda belə bir müraciətin olması zamana uyğun deyil. Onsuz da erkən yaşda nikaha daxilolmalar azalıb. Bu da hüquqşünasların sosial şəbəkələrdə apardığı maarifləndirmənin nəticəsidir”.

Hüquqşünas həmçinin bu məsələlərdə milli adət-ənənələrimizin rolundan da danışıb:

“Milli adət-ənənələrimiz dünya standartlarına yaxınlaşmalı deyil, əksinə olmalıdır. Adət-ənənələrimiz ailə institutunun formalaşmasına örnək olmalıdır. Ailə institutunun da təməlində valideynlərin xeyir-duası dayanır. İndiki halda sanki deyirik ki, 18 yaşdan sonra xeyir-dua lazım deyil. Yaxud sosial şəbəkədə tanış olduğun biri ilə neynirsən elə qayıt gəl otur evdə. Amma gələcəkdə bunun pis tərəflərin görəcəyik. Hazırda Azərbaycanda 114 oğlana 100 qız düşür. Bunun da yaxın zamanlarda balanlaşdırılması gözlənilmir. Çünki insanlarımız selektiv abort etdirməyə meyllidir. Ona görə də, belə təklifləri qaldırmaq insanların beynində müəyyən fikirlərə gətirib çıxarır. Milli Məclisdə təklif olunacaq həmin qanun çəkindiricilik kimi çox yaxşıdır. Ancaq əgər 16 yaşlı yeniyetmədə evlənməyə meyllilik varsa, heç bir cəza onun qarşısını ala bilməz. Ona görə də maarifləndirmə cəzalandırmadan əsasdır”.

Qeyd edək ki, Milli Məclisin aprelin 24-də keçiriləcək plenar iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) məruzəsində Ailə məcəlləsinin 10.2-ci maddəsinin ləğv edilməsi, cinsi əlaqənin ciyanət sayılmasını 16 yaşdan 18 yaşa qaldırılması yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3408
avatar

Mehman Nəbiyev

Oxşar yazılar