"Sərin su sərvəri..." - Bakıda gözümüzə qum dənəsi düşsə... - PROBLEM
06 avqust 2020 14:56 (UTC +04:00)

"Sərin su sərvəri..." - Bakıda gözümüzə qum dənəsi düşsə... - PROBLEM

Hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusa qarşı mübarizə aparılır. Virusdan qorunmağın əsas yollarından biri də təmizlik, xüsusilə əllərin tez-tez yuyulmasıdır.  Yay fəsli olduğundan havanın temperaturu da yüksəkdir. Üstəlik, Bakı küləkli şəhərdir və şəhərdə aparılan abadlıq işləri, tikintilər tozun miqdarını artırır.

Belə bir şəraitdə paytaxt küçələrində, yaxud parklarda əl yumaq üçün su mənbələri - bulaqların olması zərurətə çevrilir. Şəhərin ən azından əhalinin sıx hərəkət etdiyi mərkəzi prospekt və küçələrində, istirahət parklarında əl yumaq üçün belə mənbələrin olması vacibdir. 

Nadir hallarda şəhid və yaxud milli qəhrəmanların adını daşıyan bu cür abidə-bulaqlara rast gəlmək olar ki, onların da əksəriyyəti qurulduqdan bir müddət sonra istifadəyə yararsız vəziyyətə düşür.

Qısası, əliniz çirklənsə də, küləyin sovurduğu toz gözünüzü çıxarsa da, istidən ürəyiniz sıxılsa da, heç yerdə bir su qaynağı tapıb sərinləmək, təmizlənmək imkanı yoxdur. 

Hətta məscidlərimizin həyətində, hansı ki, bir gündə beş dəfə dəstəmaz alınıb təmizləndikdən sonra namaz qılınır, belə su kranları mövcud deyil. 

Bakı şəhər İcra Hakimiyyətindən Lent.az-a problemlə bağlı bildirilib ki, bu məsələni "Azərsu" həll etməlidir. Belə ki, qurum icazə versə, yəni istəsə, şəhərdə su kranları qoyular, su da olar: "Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyi ancaq suvarma üçün su kranları qoyur". 

"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Lent.az-a açıqlamasında deyib ki, məsələnin həlli ilə bu qurum məşğul olmur: "Biz hansı ərazilərdə kranlar qoymağın mümkün olduğunu deyə bilərik. Yəni, Bakı şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi, yaxud hər hansı təşkilat tərəfindən bizə müraciət olunarsa, imkan daxilində onlara haradan su verməyi müəyyənləşdirə bilərik. Amma bulağın quraşdırılması, bulağa xidmət, suyun dəyərinin ödənilməsi "Azərsu"nun fəaliyyət istiqamətinə aid olan məsələ deyil".

Ekoloq Telman Zeynalovun məsələyə münasibəti fərqlidir. O, hesab edir ki, hazırkı su qıtlığı şəraitində şəhərdə su kranlarının qoyulması əlavə su itkisidir, buna ehtiyac yoxur.

AMEA Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev isə bildirib ki, vaxtilə rəhmətlik Hacı Zeynalabdin Tağıyev Bakıya su çəkdirəndə şəhərin su təhcizatını təmin etməklə yanaşı, məqsədlərindən biri də küçələrdə su satılmasının qarşısını almaq olub: “O zaman paytaxtın küçələrində su satılırdı ki, bu hal müsəlman şəhərləri üçün xarakterik hesab olunmurdu. Çəkilən su əhalinin tələbatının ödənilməsində önəmli rol oynadığı üçün suyun satışına ehtiyac qalmayıb”. 

Ə. Əliyev 1960-70-ci illərdə Bakı şəhərinin müxtəlif küçələrində su kranlarının olduğunu  deyib: "Keçən əsrin 60-70-ci illərində şəhərin çox yerində su kranları var idi. Amma hazırda su israfının qarşısını almaq adı ilə həmin su mənbələri bəzi qüvvələrin biznes maraqlarına qurban verilib və nəticədə həmin kranların demək olar ki, hamısı yığışdırıldı".

Şöbə müdirinin fikrincə, böyük və əhalisi kifayət qədər çox olan Bakı şəhəri, həm də yarımsəhra şəhəri olduğundan havasının isti olması ilə  seçilir: "Bakıda kifayət qədər çox əhali var. Turistləri də nəzərə alsaq, şəhərin müxtəlif yerlərində sanitar-gigiyenik normalara uyğun su qovşaqlarının qoyulması, saylarının artırılması məqsədəuyğun olardı. Həmin qovşaqlarda tualetlərlə yanaşı, əl-üz yuyulması üçün gigeynik qaydalara uyğun şərait yaradılmalıdır. Bəzən özünü pis edən, üzünə su vurmağa ehtiyacı olanlar olur. Xəstə, yaşlı və digər həssas insan qruplarını da nəzərə alaraq, texnologiyanın imkanlarından istifadə etməklə elə su kranları qoymaq olar ki, heç bir su itkisinə yol verilməsin. Yalnız əlin hərəkəti ilə işləyən, sensorlu, istifadəsinə xüsusi nəzarət olunan vasitələrlə həm əhalinin təlabatını ödəyib, həm də israfçılığın qarşısını almaq olar”. 

Ə.Əliyev onu da vurğulayıb ki, tikiləcək su qovşaqları şəhərin arxitekturasına gözəllik gətirməlidir.

***

Təbii ki, su qıtlığı dünyanı təhdid edən problemdir. Bəzi su ehtiyatı az olan ölkələr isə su qıtlığı probleminin qarşısını almaq üçün əsaslı tədbirlər görməlidir. Buraya illərdir təbiət üzrə mütəxəssislərin dediyi kimi, meşələrin qırılmasının qarşısının alınmasından tutmuş, su kanallarının və s.  innovativ şəkildə qurulmasına qədər çox məsələlər daxildir. Ancaq mütəxəssislər də hesab edir ki, şəhərin gur yerlərində 20-30 ədəd açılıb-bağlanan və əhalinin sağlamlığına xidmət edən su kranlarının qoyulması su ehtiyatına ciddi zərbə vurmaz. 

Məsələnin maraqlı tərəfi odur ki, problemin həlli üçün hansı quruma müraciət olunacağını dəqiqləşdirmək mümkün olmur...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7036
avatar

Aygün İbrahimli

Oxşar yazılar