Mustafayev Ceyhun Mahmud oğlu. 1973-cü il noyabrın 13-də Yevlax rayonunda anadan olub. Orta məktəbi bitirən kimi hərbi xidmətə yola düşüb. Ordan isə Mingəçevir batalyonunun tərkibində ön cəbhəyə yollanıb. Doqquz aydan sonra - 1993-cü il fevralın 5-də Ağdərə rayonunun Koçaqot kəndində gedən ağır döyüşlərdə şəhid olub.
İntizar
Uzaqdan nəzərə çarpan qaraltı getdikcə böyüyür. Böyüdükcə daha aydın sezilməyə başlayır. Nazik boz şala bürünmüş ağbirçək qadın binanın qarşısında dayanıb, məni gözləyir. 19 yaşında hərbi xidmətə, ordan da Ağdərədəki qanlı döyüşlərə yollanıb şəhid olan Ceyhunun anasıdır bu qadın. Oğlunun şəhid olmasından xeyli zaman keçsə də ana intizarın, həsrətin nə demək olduğunu bir gün, bir an olsun belə unutmamışdı. İndi mən həmin intizarı, gözləntini yeniləmiş, ona köhnə dərdini yenidən xatırlamışdım. Yəqin ki, mənim zəngimdən, Ceyhun haqqında reportaj hazırlamaq istəyimdən sonra o, oğlunu yenidən dərin yanğı ilə xatırlamış, onun yoxluğuna qüssələnib göz yaşı axıtmışdı. Rübabə xanıma yaxınlaşıb hal-əhval tutanda mehribanlıqla məni qucaqladı. Həm də sanki mənə sığındı. Evdə bizi Ceyhunun qardaşı Xanəmir, bacısı Könül gözləyirdi.
Həsrətdən, kədərdən saçları çoxdan ağaran ana oğlu haqqında ilk baxışda toxtaq halda danışmağa başlasa da söhbət uzandıqca ona qoşulub kövrəlməmək mümkün olmur.
- Dörd oğlum, bir qızım vardı. Ceyhun çox yaxşı uşaq, həlim xasiyyətli oğlan idi. O, uşaqların hamısından mehriban idi. Onu hara isə yollayanda qaça-qaça üstümə gəlib deyirdi ki, qoy, səni öpüm sonra gedim. Özünü istədən uşaq idi, mehribanlıq etməyi bacarırdı, amma dəcəlliyi də vardı.
İstək
Ceyhunun qardaşı deyir ki, o, hələ uşaqlıqdan silaha, döyüşməyə həvəsli idi.
- O uşaq elə bil ki, sırf müharibə üçün yaranmışdı. Evin üçüncü uşağı idi, məndən üç yaş böyük idi. İndi sağ qalsaydı, 46 yaşı olardı. Qorxmaz oğlanıydı. Dəfələrlə mühasirəyə düşüb, döyüş dostlarını mühasirədən xilas edib. Hündürboylu, canlı uşaq idi, baxan deməzdi ki, on doqquz yaşı var. Ceyhunu elə bil müharibəyə əcəl aparmışdı. Ölümündən bir az əvvəl Murovda mühasirəyə düşmüşdü, orda 15-20 gün qalmışdılar, ayaqlarını don vurmuşdu. O vaxt həkimlərdən xahiş elədik, gətirib evdə özümüz müalicə etdik. Evdə yatandan, bir az babatlaşandan sonra təzədən hospitala apardılar. Səhəri gün getdik ki, yoxdur, cəbhəyə gedib. Sonradan dostları dedilər ki, onlar hospitalda olan günün gecəsi həyəcan siqnalı çalınıb, yaxınlıqdakı hərbi hissədəki əsgərlər Ağdərəyə yola düşüblər. O da əlini qaldırıb, hətta yalvarıb ki, onu da aparsınlar. Komandir onu arxadan nə qədər səsləsə də maşından yerə düşməyib. O gedişi də son gedişi olub.
Rübabə xala oğlunun uşaqlıq və gənclik illərini xatırlayır, xatırladıqca da onu kimlərəsə bənzətməyə, oxşatmağa, Ceyhundakı qəhrəmanlığın, qorxmazlığın səbəblərini tapmağa çalışır. Ana deyir ki, oğlu hamıdan çox kiçik əmisinə oxşayıb. Onun kimi dediyindən dönməyən, vətənə məhəbbəti olan adam olub. Bir də anasına çox bağlı olub.
- Arada bir-iki günlük icazə alıb gələrdi. Bəzən elə yarımgünlük gəlib evə dəyib, yenidən hərbi hissəyə qayıdırdı. Deyirdi, mama, gecə səni yuxuda görmüşdüm, elə səni görmək üçün gəlmişəm. Heyvanlara qarşı mərhəmətli idi. Özünün atı, iti, qoyunları vardı. Hər dəfə gələndə onlara baxırdı. Gedəndə də deyirdi ki, mama, heyvanlarıma yaxşı bax, qoyma arıqlasınlar. Həm evcanlı, həm də vətənpərvər uşaq idi. Müharibəyə gedəndən onun bircə fikri vardı ki, torpaqlar işğal olunmasın. Bütün hücumlara, əməliyyatlara həvəslə gedirdi. O vaxt yoldaşım deyirdi ki, hərbi xidmətini başa vur, qayıt evimizə, cəbhəyə getmə. Onda çox əsəbiləşdi. Dedi, gedəcəm, ora gedən oğulların da atası, anası, ailələri var. Mənə mane olmayın, mən bu yoldan geri çəkilməyəcəm.
Bacı
Könül xanım bayaqdan diqqətlə bizim söhbətlərimizə qulaq kəsilib. Söhbəti dinləsə də, hiss olunur ki, qardaşına, anasına qoşulmaqda çətinlik çəkir. Hər dəfə bir bəhanə ilə otaqdan çıxır, arada doluxsunan kimi gözlərinin yaşını bizim hamımızdan, bəlkə elə özündən də gizlədir.
- Qardaşımla mənim aramda üç yaş fərq vardı. Mən hələ də onun yoxluğunu qəbul edə bilmirəm. Aradan neçə illər keçib, amma inana bilmirəm ki, o, sağ deyil. Ceyhun fərqli oğlan idi. Bacıyla, qardaşla münasibətdə başqalarından çox fərqlənirdi. Hərdən fikirləşirəm ki, bəlkə də o, elə torpaq payı idi, yaxşı olduğu üçün allah onu tez və cavan apardı. O, şəhid olanda mən 11-ci sinifdə oxuyurdum. Yadıma gəlir, getməmişdən əvvəl məktəbdən gəlib ev işlərində həmişə mənə kömək eləyərdi. İşlərimizi bölüşürdük.
Sonuncu dəfə Ceyhun evlərinə 1992-ci il dekabrın 31-də gəlir. Fevralın əvvəlində isə Ağdərəyə yola düşür. Fevralın 5-də Ceyhunun döyüşdüyü kənd işğal olunur. O isə döyüş zamanı şəhid olur. Ancaq kənd işğal olunduğu üçün onun meyiti fevralın 10-da ailəsinə təhvil verilir. Rübabə xala deyir ki, oğlunun şəhid olacağı heç zaman onun ağlına gəlməyib.
- Heç vaxt ağlıma gəlməzdi ki, ona nə isə ola bilər. Bilirdim ki, həmişə öndə gedib. Amma buna baxmayaraq, fikirləşirdim ki, Ceyhun qoçaqdı, ölməz. O, cəbhədə baş verənlər barədə mənə heç nə deməzdi. Amma sonralar bildim ki, qardaşları ilə danışırmış oradakı dəhşətli hadisələr haqqında. Sonuncu döyüşdə də snayperindəki güllələr qurtarandan sonra belə o, bir addım geriyə çəkilməyib. Hamını təhlükəli ərazidən çıxarıb, özü isə elə silahı çiynində döyüş meydanında qalır.
Ağdərə
Ceyhun qanlı döyüşlərdə düşmənlə üz-üzə olanda onun ata və anası heç nədən xəbərsiz, sakit qış günlərinin birində televizor qarşısında əyləşib, xəbərləri izləyirlər. Qəfildən diktorun səsi otağı bürüyür. Ağdərənin Koçaqot kəndinin işğal olunması ata və ananı səksəndirir. Onlar Ceyhunun vuruşduğu kəndin işğal olunma xəbərindən sarsılıb, tədbir, çarə axtarmağa başlayırlar. Ana o günləri belə xatırlayır:
- Xəbəri eşidəndə yoldaşıma dedim ki, Ceyhungil neçə vaxtdı həmin kənddə vuruşurdular, yəqin Ceyhuna nə isə olub. Rəhmətlik yoldaşım dedi ki, ağlına pis şey gətirmə, heç nə olmaz. Gecəni səhərə qədər komandirinin telefonuna nə qədər yığdıqsa da götürən olmadı. Birtəhər səhərin açılmağını gözlədik, səhər ertədən Yevlaxdan Mingəçevirə getdik. Bizə dedilər ki, Ceyhungilin dəstəsi hamısı Ağdərədə döyüşdədi. Səhər açılandan düz axşam saat 8-ə qədər hərbi hissədə gözlədik, Ceyhundan bir xəbər ala bilmədik, hava qaranlıqlaşana yaxın bir neçə hərbçi gəldi. Dedilər, bəs Ceyhungil olan dəstədə xeyli yaralı var, komandir də yaralanıb, aparıblar xəstəxanaya. Onda onu qucaqladım, dedim, ay bala, Ceyhun da bu hissədəydi, Ceyhun hardadı, ondan mənə bir xəbər de. Oğlan bizi bir otağa aparıb, bir siyahı göstərdi. Dedi ki, əməliyyat zamanı hamı pərən-pərən düşüb. Beş nəfər də yoxdu, qaçıb. Ceyhun da o qaçanların içərisindədi. İnanmadım. Gəldik, yaralanan komandirin yatdığı xəstəxanaya. O da bizə dedi ki, hamımız bir-birimizdən xəbərsizik. Mən də yaralanmışam, amma ölən yoxdur, narahat olmayın. Yaralılar burdadı, sağlar da qaçıblar. Mən inanmadım. Dedim, yalan deyirsiniz, mənim uşağım ölüb. Amma heç kim ölüm sözünə boyun olmadı. 3-4 gün Mingəçevir xəstəxanasına gedib-gəldik. Bir gün yenə xəstəxanadan evə gəldiyimiz günün axşamı, hardasa saat 12-də zəng gəldi. Dəstəyi götürdüm, gördüm bir qızdı. Dedi poçtdandı, sizin adınıza teleqram var, gəlin götürün. Bir o yadımdadı ki, qışqıra-qışqıra yoldaşımı çağırdım ki, Ceyhundan kağız gəlib. Bir-birimizə qoşulub, poçta getdik. Poçt ikimərtəbəli idi. Ora çatanda yoldaşım titrətməyə başladı, o, heç poçtun içərisinə girə bilmədi, maşının içərisində qaldı. Onda mənim 48 yaşım vardı. İkinci mərtəbəyə çıxdım, gördüm, məni, yoldaşımı tanıyan qızlar hamısı dövrələmə, səssizcə dayanıblar. Hansından xəbər aldımsa, mənə kağız verən olmadı, axırda bir qız dedi ki. Sizin məktubunuz stolun üstündədi. Kağızı götürdüm, oxudum... Ceyhunun ölüm xəbəri idi. Gözümə ilk sataşan yarı açıq qalmış pəncərə oldu. Pəncərəyə tərəf qaçdım ki, özümü ordan atım. Pəncərələri açıb özümü atmaq istəyəndə qızlar qışqırışıb məni arxadan tutdular. Birtəhər məni gətirib, maşına qoydular.
Məktub
Qara xəbər tez yayılar. Onlar evə çatana qədər yaxında, uzaqda olan qohumlar, dostlar Ceyhungilin qapısına axışır. Hamı təsəlli verməyə, bəlkə ayaq açıb gələn bu qara xəbərin yalan olduğunu deməyə cəhd edir. Ancaq başqa bir tərəfdə də Ceyhunun qardaşları artıq onun meyitini gətirmək üçün teleqramda göstərilən ünvana üz tuturlar. Ceyhunu başından vurmuşdular.
- Ceyhunun cənazəsini gətirəndə o qədər qışqırmışdım ki, səsim batmışdı. Heysiz, hərəkətsiz bir tərəfdə donub qalmışdım. Yoldaşım həmin gecə şəkər, mən də sarılıq oldum. Yeddi gündən sonra biz ikimiz də xəstəxanaya düşdük. Ceyhunun qırxının çıxmasına üç gün qalmışdı. Hələ qəbrinin üstünü götürməmişdik. Bir gün səhərdən axşama qədər leysan tökdü. Gecəylə yağan leysan quşbaşı qara çevirdi. Gecə saat üç olardı, qapını açıb çölə çıxdım. Gördüm qar dizimə çatıb. Öz-özümə dedim ki, dünənki yağış, Ceyhunun torpağını islatdı. Bu gün yağan hamısı Ceyhunumun üstünə tökülüb. Evə qayıdıb donumu geyinib evdən çıxdım ki, gedib Ceyhunu qəbirdən çıxardım. Amma ağlımda da tutmuşam ki, Ceyhunu tabutda basdırtmışam. Çünki fikirləşmişdim ki, yaralıdı, yaraları onu ağrıtmasın (ağlayır). Qəbiristanlığa çatmağımıza az qalmış gördüm oğlumla yoldaşım maşınla arxamca gəlirlər. Onlar mənə çatanda yoldaşıma yalvardım, dedim ki, Mahmud, səni and verirəm allaha, qoy, gedim, Ceyhunun üzünün qarını təmizləyim gəlim. Yoldaşım məni buraxdı, amma özü də ardımca gəldi. Ceyhunun qəbrinə çatanda ürəyim getdi yıxıldım. Ayılanda gördüm başıma yığışıblar, yıxılanda üzümü də möhkəm əzmişdim. Həmin gecə qəbrin üstünə yağan qarın hamısını əlimlə, donumun ətəyi ilə tərtəmiz təmizləyəndən sonra məni maşına qoyub, evə gətirdilər. Təzyiqim 300-ə qalxmışdı, məni bir həftə qaranlıq otaqda saxladılar. Həkim demişdi, işığa çıxsa, beyninə qan sızacaq.
Sonralar da dəfələrlə kəndir alıb gizlətmişəm ki, gecə hamı yatandan sonra özümü asım. Bir dəfə hətta da gözdən yayınıb özümü asmışam da. Boğazıma kəndiri dolayıb stulun üstünə çıxanda qızım qışqırıb hay salıb, gəlib kəndiri boğazımdan açıblar. İndi hərdən fikirləşəndə bu hərəkətlərimə görə özümə nifrət edirəm. Qızım altı ay mənim qapımın ağzında, quru yerdə yatıb ki, mən özümə heç nə eləməyim.
Yaram qaysaq bağlamamış, iki ildən sonra isə polis işləyən böyük oğlum xidməti vəzifəsini yerinə yetirən zaman həlak oldu. Onda fikirləşdim ki, bəlkə mən çox yanıxdım, allaha xoş getmədi, ikinci oğlumu da əlimdən aldı.
Aradan iyirmi yeddi il keçib. Mənim üçün heç bir fərqi yoxdu. Elə bilirəm hər şey dünən olub. İllər uzaqlaşdıqca, Ceyhun mənə daha da yaxınlaşır. Hər il fevralın on birini gözləyirəm. Elə bilirəm ki, o, gələcək, geri qayıdacaq. Hər dəfə qəbrinin üstünə gedəndə özümü döyürəm, öldürürəm. Amma ordan qayıdandan sonra elə bilirəm ki, bir az sakitləşirəm. Yoldaşım isə dözə bilmədi. İkinci infarktdan sonra həyatını itirdi.
Qürur
Könül xanım qardaşını başqa cür xatırlayır. Deyir, biz ondan uşaq idik, o bizə həmişə kömək edir, dərslərimizi, bilmədiklərimizi başa salırdı. Gündəlik ev işlərini də öz aramızda bölüşürdük ki, heç kimə çox yük düşməsin.
- Ceyhunun bir balaca cığallığı da vardı. Hərdən mənə deyirdi ki, sən tək qızsan deyə səni hamımızdan çox istəyirlər. Onda mamam da deyirdi ki, qızla işiniz olmasın.
Qardan çox xoşu gəlirdi. Qar yağanda bizi bezdirirdi ki, gedib onunla qartopu oynayaq. Özü də yerə uzanıb qarın içində o tərəf, bu tərəfə yuvarlanardı. Cələ qurub, quş tuturduq. Bir yerdə təmizləyib, ocağın üstündə bişirib yeyirdik. Bu günləri tez-tez xatırlayıram. Bizim mehribançılığımız tamam başqa cür idi. Dəcəlliyi də vardı, hərdən bizi cırnadırdı, anam üstünə acıqlanan kimi qaçıb gedirdi, bir az keçəndən, anamın hirsi soyuyandan sonra gəlirdi. Söz eşidən uşaq idi. Hərdən onu yuxuda görürük. Onu yuxuda görəndə nə isə xeyir xəbər eşidirəm, yaxşılığa nə isə baş verir. O qədər ruzili, bərəkətli oğlan idi ki bağlı qapının üstünə göndərsən belə o qapı ondan ötrü açılmalıydı.
Söhbətimizin sonunda Könül xanım deyir ki, Ceyhunun adını qardaşı Müşviqin oğluna qoyublar. Balaca Ceyhun isə həm zahirən, həm də xasiyyətcə əmisinə çox bənzəyib.
- Qardaş dərdinə dözmək, səbr etmək çətindir. Amma fikirləşəndə ki, Ceyhun torpaq uğrunda canından keçib bir az təsəlli tapıb, qürur hissi keçirirəm. İnanıram ki, nəinki Ceyhun, digər uşaqlarım da dayılarının adını ləyaqətlə yaşadıb, onun keçdiyi həyat yoluna uyğun ömür-gün sürəcəklər.