Azərbaycanda davam edən karantin rejimi ilə əlaqədar bir sıra sahələrin fəaliyyəti dayandırılıb. Bunların arasında tədris prosesi və metro kimi vacib sahələr də daxildir. Görəsən, ölkədə vəkillik fəaliyyəti nə yerdədir? İnsanlar karantin günlərində vəkil xidmətlərindən necə istifadə edə bilər?
Hüquqşünas Şamil Paşayev Lent.az-a deyib ki, hazırda bürolarda növbətçi vəkil xidməti fəaliyyətdədir və vəkillə onlayn qaydada müqavilə bağlamaq imkanı var:
“Bütün vəkil bürolarında növbətçi vəkil fəaliyyət göstərir. Eyni zamanda onlayn qaydada vəkillə müqavilə bağlamaq imkanı da yaradılıb. Cinayət işlərində isə müvafiq qaydaya əsasən, həmin ərazidə fəaliyyət göstərən vəkillərin siyahısı şübhəli və ya təqsirləndirilən şəxsə təqdim edilir. Şəxs siyahı üzrə onun hüquqlarını müdafiə edəcək vəklillə əlaqə qura bilər. Bunu istintaq orqanı təmin etməlidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, çölə çıxma qadağası qoyulan şəxslərin arasında vəkillər yoxdur. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarında vəkillərin də icazə almadan sərbəst fəaliyyətinə imkan yaradılır”.
Həmsöhbətimiz vəkillik fəaliyyətinin gigiyenaya riayət edilərək eyni qaydada fəaliyyət göstərdiyini bildirib:
“Kollegiya sədrinin bu barədə məktubu sosial şəbəkələrdə yayılıb. 60 yaşdan yuxarı vəkillər hazırda işləmir, sağlamlıqlarına görə özlərini təcrid ediblər. Eyni zamanda həmin məktubda vəkillərin maska taxmaları, şəxsi gigiyenaya riayət etmələri və digər vacib xüsusatlar qeyd edilib. Karantin rejimində də vəkillər demək olar eyni qaydada fəaliyyət göstərirlər, mövcud dururma görə 60 yaşlı vəkillər üzvlük haqqından azad edilib”.