"Qadınlarımız hər gün evdə təmizlik, dezinfeksiya işləri aparırlar. Yaxşı olar ki, evdə marketlərdən alınan dezinfeksiya vasitələri ilə təmizlik aparılanda maskadan istifadə olunsun".
Lent.az xəbər verir ki, bunu AzTV-nin "Telesəhər "proqramında ölkənin baş epidemoloqu İbadulla Ağayev deyib.
O bildirib ki, otaqların birində dezinfeksiya aparılanda oradakı insanları digər otaqlarda yerləşdirmək lazımdır: "Bunu ona görə etmək lazımdır ki, kimyəvi məhsullarla təmas olmasın. Düzdür, ev təmizliyi üçün nəzərdə tutulan vasitələrin insan orqanizminə təsiri yoxdur. Onlar müxtəlif qurumlar tərəfindən zərərsiz təsiri öyrənildikdən sonra buraxılıb".
İ.Ağayev vurğulayıb ki, təmizlik işlərindən sonra otağın havası mütləq dəyişdirilərək istifadə olunmalıdır. O, hər kəsin öz həkimi olmasının vacibliyini qeyd edib: "Hər kəs karantin rejiminin qaydalarına əməl etməklə ölkəmizdə koronavirus infeksiyasının tezliklə təcrid olunmasına kömək etməlidir".