"Bu cür eybəcər hala düşməməliydi" - TV-dəki söyüşlər barədə
22 aprel 2020 13:14 (UTC +04:00)

"Bu cür eybəcər hala düşməməliydi" - TV-dəki söyüşlər barədə

Ölkədəki karantin rejimi televiziya tamaşaçılarının da sayına təsir edir. Əhalinin əksəriyyəti evdə olduğundan istər-istəməz televiziyalardakı verilişləri izləyirlər. Amma bəzi verilişləri çıxmaq şərtilə, telekanallarda təqdim olunanlar tamaşaçının tələbatına cavab vermir. İnsanlar efirdən çağırış adı altında təhdid, qınama, hətta qeyri-etik ifadələr eşitməyə məcbur qalır. Uzun illərdir cəmiyyətdən bu məsələ ilə bağlı səslənən tənqid və təkliflər isə müsbət nəticələnmir. Bütün bunların səbəbi və çıxış yolu nədir?

Sosioloq, araşdırmaçı alim Əhməd Qəşəmoğlu da Lent.az-a açıqlamasında deyib ki, televiziyalarımızın verilişləri uzun illərdir qüsurludur. O, televiziyaların cəmiyyətin tənqid obyektinə çevrilməsini haqlı hesab edir: "Son onilliklərdə televiziya kifayət qədər yaxşı olmayan rol oynadı. Cəmiyyətin maarifləndirilməsi istiqamətində, təəssüf ki, heç bir iş aparılmadı. Təbii ki, bəzi kanallarda müəyyən qədər müsbət işləri qeyd etmək olar. Hamısının üstündən xətt çəkmək doğru deyil. Amma ümumilikdə bizim televiziyalarla bağlı ciddi bir fəaliyyət proqramımız olmalı idi. 

Milli Məclisdə böyük bir Elmi-Tədqiqat Mərkəzinin rəhbəri olduğum zaman televiziyalarda verilişlərin nə cür hazırlanması ilə bağlı ciddi bir Fəaliyyət Planı hazırlamışdım. O vaxt münasibət soyuq oldu. Bu barədə Prezident Aparatına, Milli Televiziya və Radio Şurasının rəhbərliyinə dedim. Amma əhəmiyyət verilmədi. 

Həmin fəaliyyət proqramının əsas tezisləri nə idi?

Bizim milli dövlət quruculuğumuzda xalqla, ölkə ilə bağlı konkret istiqamətlər var. Televiziyalarımız keyfiyyətli verilişlər hazırlamalı idi. Əhaliyə sağlamlıq mədəniyyətini, fiziki sağlamlığı aşılayan verilişlər təqdim olunmalı idi. Çünki bu sahədə böyük çatışmazlıqlar var. Koronavirus bəlası gələndə məlum oldu ki, mənim 1994-cü ildən bu yana dediklərim nə qədər həqiqət imiş. Əhalini gigiyenik qaydalara əməl etməyə, ətrafında da təmizlik yaratmağa təşviq etmək vacibdir. Amma bu yaxınlara kimi biz nə görürdük? Şəxsən özüm qrip olan, burnu axa-axa çörək satan satıcı görmüşəm. Səbəbini soruşanda deyib ki, müdir evə buraxmır. Bu qədər pintilik müstəqil dövlətə yaraşmayan məsələlərdir. Bunların aradan götürülməsində televiziyalarımızın hazırladığı verilişlər rol oynamalıdır". 

Ə.Qəşəmoğlu televiziyaların maarifləndirici verlişlərin reytinq gətirməməsi bəhanəsinə də toxunub: "Hər mövzuda çox maraqlı verilişlər hazırlamaq olar. Bunun üçün TV işçiləri elə səviyyədə olmalıdır ki, hazırlanan verilişlər həm faydalı, həm də reytinq yığan olsun. 

Əgər dediyim bu verilişlər vasitəsilə reytinq yığa bilmirsə, bu, əhalinin yox, televiziyanın günahıdır. “Bizim camaat buna baxır, nə edək? Buna görə şit verilişlər hazırlayırıq”, - demək cəfəng bir cavabdır. Əgər əhalinin zövqü arzuolunan səviyyədə deyilsə, televiziyanın borcu onu yüksəltməkdir, arxasınca getmək deyil. Bəlkə sabah hansısa sosial qrup televiziyada narkotikanın da təbliğ olunmasını istədi. Sən bunu etməlisən?"

Sosioloq qeyd edib ki, milli-mənəvi zənginliyimizi əks etdirən ciddi verilişlər çəkilməli idi: "Bu sahədə potensialımız var. Musiqimiz indiki eybəcər şəklə düşməməli idi. Bir zamanlar Azərbaycan musiqisini bu xalqa sevdirənlər Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərova idi. Gözəl bəstəkarlarımızın yaradıcılığı idi. Amma son dövrlər kim artıq pul verdisə, ekrana çıxıb şit-şit hərəkətlər etdi və əhalinin zövqünə böyük bir zərbə dəydi. Meyxana dönüb aparıcı bir janr oldu. Xarici ölkə musiqilərindən yamsılamalar mədəniyyət kimi təqdim olundu. Bunlar milli maraqların ziddinə olan, yolverilməz hallar idi. Bir neçə gün əvvəl Azərbaycan dövlət kanalını açmışam... Aygün Kazımova ilə bağlı böyük bir muzikl yayımlanırdı. Bizə bu gün mili-mənəvi potensialımızı oyadan musiqilər lazımdır. Bu istiqamətdə gürcülərin, hətta hazırda Orta Asiya ölkələrinin çox yaxşı təcrübəsi var. Onlar min illik tarixlərini günümüzə daşımaq üçün yollar axtarırlar. Biz isə kimisə yamsılayırıq, ekranda bütün günü erotik, sərt desək, yüngül əxlaqlı janrları təbliğ edirik. Bu, qətiyyən yolverilməzdir".

Sosioloq vurğulayıb ki, maarifləndirici təbliğat aparmaq vacibdir: "Əməyə yaradıcı münasibət tələbatının artırılması sahəsində təbliğat aparılmalıdır. Dediyim kimi, sağlamlıqla, milli-mənəvi zənginliyin formalaşdırılması ilə bağlı ciddi verilişlər olmalıdır. Təhsillə bağlı 30-40 ildir ancaq tənqid deyirik. Nə vaxt TV-də bu sahədə ciddi müzakirə aparıldı? Ayrı-ayrı verilişlər olur. Amma ardıcıl, sistemli iş aparılmır. Bir sözlə, televiziyalarımızın indiki fəaliyyəti arzuolunan səviyyədə deyil. 

AzTV  və İTV-də müəyyən axtarışların aparılması özünü göstərir. Ümumilikdə bizim TV ilə bağlı platformamız olmalıdır. Bunu hazırlaya bilmirlərsə, mütəxəssislərdən fikir öyrənsinlər. Yaxından kömək edə bilərik. Bu işə etinasızlıq var. Koronavirus dövrü göstərdi ki, başqa sahələrdə olduğu kimi, televiziyalarımızda da ciddi dəyişikliklər etməliyik. Hər gün  sağlamlıq mədəniyyəti ilə bağlı ciddi verilişlər hazırlamalıyıq. Əhalini psixoloji olaraq koronavirusdan sonrakı dövrə hazırlamalıyıq". 

Sosioloq insanların televiziyalara məhəbbətlə baxmasını vacib hesab edir. Onun fikrincə, sorğu keçirilərsə, insanların əksəriyyəti bizim televiziyalara baxmadığını deyəcək: "Əhali verilişləri ciddi hesab etmir. Bir sözlə, bu sahəni söküb yenidən yığmaq, sıfırdan başlamaq lazımdır". 

  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2579
avatar

Aygün İbrahimli

Oxşar yazılar