Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcəkdir. Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.
Əslində, Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində mina xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur. Heç kimə sirr deyil ki, ermənilər indiyədək müxtəlif bəhanələr gətirərək, həmin xəritələri bir müddətdir Azərbaycana verməkdən imtina edirdilər. Məqsəd isə bəllidir; daha çox azərbaycanlı həyatını itirsin. Çünki cənab prezidentin sərəncam və tapşırıqlarıyla Qarabağ indi böyük bir tikinti meydançasını xatırladır. Təsəvvür edin, yollar tikilir, körpülər salınır, bu və ya digər dövlət qurumları infrastruktur layihələri həyata keçirirlər. Bu gün Ağdamdan sonra ən böyük infrastruktur layihələrinin Füzulidə həyata keçirilməsi, Füzulinin strateji əhəmiyyət kəsb etməsi, bütün yol-nəqliyyat infrastrukturunun bu ərazidən keçməsini nəzərə alsaq, Azərbaycanın bu xəritələri əldə etməsinin hansı səviyyədə uğurlu olması heç kimdə şübhə doğurmamalıdır.
Reallıq budur ki, xəritələrin verilməsindən sonra bölgədə işlər daha sürətli görüləcək və əhali tez bir müddətdə öz torpaqlarına geri qayıdacaq. Artıq bölgədə ciddi quruculuq işlərinə başlanılıb. Füzulidə beynəlxalq aeroport tikilir, Şuşaya, Qubadlı-Laçın istiqamətində yollar çəkilir. Bir sözlə, Füzuli strateji əhəmiyyət kəsb edir, bütün yol-nəqliyyat infrastrukturunun bu ərazidən keçir. Bu baxımdan Qarabağda aparılacaq quruculuq işlərində Füzuli rayonun xüsusi yer tutacaq. Bundan başqa Zəngəzur koridorunun fəaliyyətə başlamasına hazırlıq üçün Füzuli və Zəngilan rayonlarında avtomobil və dəmir yolları infrastrukturu yenidən qurulmalıdır. Bunun üçün isə ərazilərin minalardan təmizlənməsi vacibdir. Bu baxımdan mina xəritələrinin təqdim olunması bu prosesi də sürətləndirəcək.
Eyni zamanda, mina xəritələrinin Azərbaycana verilməsi onların aşkarlanması üçün sərf olunan xərclərin azaldılmasına gətirib çıxaracaq. Burada ən vacib məsələlərdən biri də xəritələrin əldə edilməsinin insan itkisinin qarşısının alınmasında əhəmiyyətli rol oynamasıdır. Son bir neçə ayda 100-dən çox Azərbaycan vətəndaşı bu minaların qurbanına çevrilib. Bir sözlə, mina xəritələrinin əldə edilməsi böyük təhlükənin qarşısını alır.
Xəritələrin Azərbaycana verilməsi yuxarıda qeyd etdiyimiz kimi Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Ermənistanın çıxılmaz vəziyyətə düşdüyünü və mina xəritələrini verməyə məcbur qaldığını sübut edir. Amerikalı ekspert Piter Teys də bildirir ki, Ermənistanın Azərbaycanın minalanmış ərazilərinin növbəti xəritələrini təqdim etməsi Prezident İlham Əliyevin apardığı uzaqgörən xarici siyasətin və Azərbaycan hökumətinin fəaliyyətinin nəticəsidir. Teys qeyd edib ki, Ermənistan rejimi tərəfindən minalanmış ərazilərin xəritələri aylar öncə, Azərbaycanın ikinci Qarabağ müharibəsindəki şanlı qələbəsindən sonra baş verməli idi: “İndi Qarabağ sürətlə Avropada və Asiyada sənaye və nəqliyyat mərkəzinə çevrildiyi zaman Cənubi Qafqazı parlaq bir gələcək gözləyir”.
Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın qısa zamanda öz evlərinə qayıdışını da sürətləndirəcək. Çünki Prezident İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrinin miqyası da buna sübutdur.