Türkiyənin Zəfər Gününün 91-ci ildönümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycanın ictimai xadimləri, siyasətçiləri, Türkiyənin Azərbaycanda yaşayan vətəndaşları iştirak edib.
Tədbir iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun qonaqları salamlayaraq Zəfər Gününün tarixi və vacibliyi barədə danışıb.
Türkiyənin Azərbaycandakı hərbi attaşesi, general-mayor Nevzat Taşdemir isə Türkiyənin istiqlaliyyət uğrunda keçdiyi yoldan bəsh edib.
Qeyd edək ki, Zəfər Günü 1922-ci ilin avqustun 30-da türklərin İstiqlaliyyət müharibəsi zamanı Dumlupınar döyüşündə işğalçı qüvvələrin məğlub edilməsindən sonra qeyd olunmağa başlayıb. O zaman Mustafa Kamal Atatürkün başçılıq etdiyi ordu düşmən qüvvələri məğlub edərək, müstəqillik yolunda böyük bir addım atıb.