Aprelin 14-də müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşüb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, görüşdə müdafiə naziri Azərbaycan ilə İran arasında münasibətlərin inkişafında ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını və hərbi sahədə də əlaqələrin uğurla davam etdiyini bildirib.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.
Səfir İranın Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəklədiyini, işğal olunmuş ərazilərdə qondarma separatçı qurum tərəfindən təxribat məqsədilə keçirilməsi planlaşdırılan "seçki"lərin regionda sabitliyi pozmaq niyyətilə edildiyini və onun nəticələrinin ölkəsi tərəfindən heç bir halda tanınmayacağını bildirib.
Sonra aprelin 20-21-də İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın Azərbaycana işçı səfərinin detalları müzakirə edilib, keçiriləcək görüşlərdə hərbi əməkdaşlıq sahəsində baxılacaq məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə İran İslam Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik Əmir Fərəci Moez iştirak edib.
Bundan başqa Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Səlim Xəlifə Məhəmməd Əl-Ğafli ilə görüşüb. Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, hərbi sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.