Xaliq Bahadırdan Müsavata sərt İTTİHAMLAR
13 may 2013 18:14 (UTC +04:00)

Xaliq Bahadırdan Müsavata sərt İTTİHAMLAR

AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadır mətbuata açıqlamasında müxalifəti sərt tənqid edib, müxalifətdə mütəşəkkil cinayətkar dəstə formalaşdığını söyləyib. O, müxalifətdə yaranmış birlikləri dağıdan “cinayətkar dəstə”yə Müsavat Partiyasının başqanı İsa Qəmbər, bu partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Yeni “Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu daxil edib, AXCP sədri Əli Kərimlinin də  dəstəyə qoşulduğunu vurğulayıb.

 

Xalq Bahadır Lent.az-a açıqlamasında bu şəxsləri günahlandırmasının səbəblərinə aydınlıq gətirib.

 

Xaliq bəy İsa Qəmbərin 2010-cu ildə AXCP-nin yubileyindəki çıxışını xatırladıb: “İsa Qəmbər çıxışında dedi ki,  Müsavat və AXCP olaraq Rəsulzadə-Elçibəy yolunun yolçularıyıq və buna görə də bir partiyada birləşməliyik. Mən qəzetlərə müsahibə verib dedim ki, İsa Qəmbər yalan danışır. Məqsəd də “Azadlıq” blokunu dağıtmaqdır. Bundan sonra “Yeni Müsavat” qəzetində mənə qarşı təbliğat başladı, yazdılar ki, Xaliq Bahadır hakimiyyətə qulluq edir. Ancaq mənim bütün proqnozlarım özünü doğrultdu. Mən demişdim ki, İsa Qəmbər yalan danışır, qurultay keçirməyəcək. Sentyabrın 25-də AXCP qurultay keçirdi, qurultayda Müsavatla bir partiyada birləşmək barədə qərar çıxardı. Müsavat Partiyası hələ də qurultay keçirməyib, yalandan deyirlər ki, hakimiyyət bizə yer vermir. Mən dəfələrlə demişəm ki, prezident seçkiləri keçirilməyincə Müsavat Partiyası qurultay keçirməyəcək, çünki qurultayı keçirsə, birləşmək qərarı verməlidir. Birləşmək barədə də qərar verilməyəcək, çünki İsa Qəmbərin belə bir planı yoxdur. Rauf Arifoğlunun baş redaktoru olduğu “Yeni Müsavat” isə qəzeti uzun illərdir ki, Azərbaycan müxalifəti arasında “Troya atı” rolunu oynayır. Rauf Arifoğlu hakimiyyətin maraqlarından çıxış edir”.

 

Xaliq Bahadır Arif Hacılının fəaliyyətinə də toxunub. Onun sözlərinə görə, 2011-ci il fevralın 26-da İctimai Palatanın quruluş sessiyası keçirilib. Yığıncaq başlayandan qurtaranacan Arif Hacılı qışqırıb ki, martın 12-də mitinq keçirilməlidir: “Sessiyada mənə söz vermədilər, sonra mətbuatda çıxış etdim, “Azadlıq” radiosunda Arif Hacılı ilə debatımız oldu. Mən dönə-dönə dedim ki, bu mitinq İctimai Palatanı uğursuzluğa sürükləyəcək. Çünki hakimiyyət o mitinqə dəyməyəcəkdi, dəymədi də. Hakimiyyət bununla İctimai Palatanı şirnikləndirirdi. Ondan sonra İctimai Palata qərar qəbul etdi ki, aprelin 2-də aksiya keçirilsin. 2 aprel aksiyası da süquta uğradı. İctimai Palata yeni yaranırdı, regional qurumlar yaradılmalı, o qurumlara funksionallıq qazandırılmalı, İctimai Palata gücləndirilməli və ondan sonra mitinq qərarı verilməli idi. Onun üçün də ən azı 1 il keçməli idi. Bunun başqa yolu yox idi, bütün dünyada belədir. Heç yerdə bu gün bir qurum yaradıb, sabah mitinqə çıxmırlar”.

 

Xaliq Bahadır İctimai Palatanın fevraldakı yığıncağından sonra səhəri gün Arif Hacılının mətbuata açıqlama verdiyini, Müsavat Partiyasının mitinq keçirilməsi barədə qərarı olduğunu, martın 12-də mitinqə çıxacaqlarını söylədiyini xatırladıb: “Ancaq Arif Hacılıdan bir neçə gün sonra İsa Qəmbər mətbuata açıqlama verərək bəyan etdi ki, Müsavat Partiyasının mitinqlə bağlı qərarı yoxdur, 12 martda, yaxud başqa tarixdə mitinq olmayacaq. Bir neçə gün keçmiş Müsavat Partiyasının Mətbuat və İnformasiya Katibliyi məlumat yaydı ki, partiyanın 12-də mitinq keçirilməsi barədə qərarı var. Dünyanın harasında belə qərar olur?! Partiya qərarı kollektiv verilir. Ancaq bu halda başqanın administratoru mitinq olacağını söyləyir, başqan isə belə qərarın olmadığını bildirir. Sonda da deyilir ki, belə qərar var. 12 mart mitinqini hakimiyyət Müsavat Partiyasının əli ilə keçirdi və o yolla da İctimai Palatanı mitinqlər keçirmək barədə qərar verməyə şirnikləndirərək çökürdü”.

 

Xaliq Bahadırın ittihamlarıyla bağlı Müsavat Partiyasının Məclisinin sədri Arzu Səmədbəyli mövzu ilə bağlı sualımızı Divanın iclasından sonra cavablandıracağını söyləsə də, sonradan zənglərimizə cavab vermədi. Arif Hacılı isə  bildirdi ki, yalnız Xaliq Bahadırın fikirləri ilə tanış olduqdan sonra münasibətini açıqlayacaq.

Müsavat başqanının müavini Mehman Cavadoğlu isə məsələdən xəbərsiz olduğunu söyləyib.

 

Qeyd edək ki, AXCP rəsmiləri də məsələyə konkret münasibət bildirməkdən yayınırlar. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı mətbuata açıqlamasında Xaliq Bahadırın fikirlərini  ciddiyə almadıqlarını söyləyib və hər kəsə də bunu tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 784
avatar

Oxşar yazılar