Ümumrusiya Azərbaycan Konqresində vitse-prezident postları bərpa olunur
29 dekabr 2012 16:10 (UTC +04:00)

Ümumrusiya Azərbaycan Konqresində vitse-prezident postları bərpa olunur

0

Mikayıl Hüseynov ÜAK-ın baş katibi vəzifəsindən geri çağırılıb


 

Ümumrusiya Azərbaycan Konqresində (ÜAK) vitse-prezident postları bərpa oluna bilər. APA-nın Moskva müxbirinin məlumatına görə, bir müddət əvvəl ÜAK prezidenti Məmmədbağır Əliyevin sədrliyi ilə keçirilmiş toplantıda ÜAK-ın növbəti qurultayının keçirilməsi məsələsi müzakirə olunub. ÜAK-ın növbəti qurultayının keçirilməsi qərar alınıb. Qurultayın vaxtı gələn ilin əvvəllərində müəyyən olunacaq.

 

Qurultayda müzakirəyə çıxarılması üçün bir sıra təkliflər səsləndirilib. Təkliflər arasında ləğv olunmuş vitse-prezident vəzifələrinin yenidən bərpa edilməsi məsələsi də olub. Bu təklifin də növbəti qurultayda müzakirəyə çıxarılması qərara alınıb.

 

Qeyd edək ki, Ümumrusiya Azərbaycan Konqresinin sonuncu, III qurultayı 2011-ci il noyabrın 25-də keçirilib. Qurultayda ÜAK-ın Nizamnaməsinə dəyişikliklər edilib. Dəyişikliyə əsasən, vitse-prezident vəzifəsi ləğv olunub. Bunun əvəzində təşkilatın 31 nəfərdən ibarət İdarə Heyəti yaradılıb.

 

Əlavə edək ki, ÜAK-ın vitse-prezidentləri Rusiyada fəaliyyət göstərən iş adamları Araz Ağalarov, İsgəndər Xəlilov, Vahid Ələkbərov və başqaları olublar. Həmin şəxslər yeni yaradılan İdarə Heyətində təmsil olunurlar.  

 

ÜAK-da daha bir dəyişiklik baş verib. Mikayıl Hüseynov ÜAK-ın baş katibi vəzifəsindən geri çağırılıb.

 

O, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində şöbə müdiri vəzifəsinə təyin olunub. Onun ÜAK-dakı vəzifəsi isə hələlik boşdur.

 

Baş katibin səlahiyyətlərini hazırda ÜAK-ın sədr Aparatının rəhbəri Nemət Nağdəliyev icra edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 952

Oxşar yazılar