Umud Rəhimoğlu: “Bir neçə prezident dostlarım var” - MÜSAHİBƏ
27 dekabr 2008 12:58 (UTC +04:00)

Umud Rəhimoğlu: “Bir neçə prezident dostlarım var” - MÜSAHİBƏ

Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlunun Lent.az-a müsahibəsi

2008-ci ili başa vurduğumuz ərəfədə Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu ilə söhbət etdik. Onunla söhbətimiz təsadüfən alınmayıb. Bu insanın barəsində zaman-zaman çox maraqlı məlumatlar əldə edirdik. Məsələn, onun haqqında jurnalistlərdən birinə maşın bağışladığı, əcnəbi jurnalistləri şəxsən ölkəyə dəvət edir, onları qohum-əqrəbasının evində yerləşdirərək Qarabağı gəzdirib problemlə tanış etdiyi, Voronejdə özünə ikinci ana seçdiyi, ən vacibi – bir neçə prezident dostunun olduğu barədə... Bu məlumatlar diqqətimizi çox çəkdi – bu öz yerində. Onunla söhbətdə ötən ilin yekunları, mətbuatın durumu və sair məsələlərdən də danışdıq.
- 2008-ci il yadınızda nə ilə qaldı?

- Bu ildə mənim üçün şəxsi planda ən gözəl hadisə o oldu ki, oğlum orta məktəbi bitirib, Amerikada universitetə qəbul oldu. İctimai baxımdan isə, ölkə prezidentinin sərəncamı ilə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün xüsusi addımlar atıldı, yardımlar edildi. Bu kömək özünü həm QHT Şurasının yaradılmasında və “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası”nın imzalanmasında göstərdi. Bu il eyni zamanda mən qurultayda Mətbuat Şurasına sədr müavini seçildim. Mənim üçün son dərəcə məsuliyyətli olan bir meydan açıldı.

- Meydanı boş qoymursunuz?

- Ümumiyyətlə, işə başlamağın özü artıq işin yarısıdır. Əsas odur ki, tərəddüd etmədən işə girişəsən. Bu istiqamətdə müəyyən addımlar atmışıq, amma təbii ki, görülən işlərdə problemlər də olur. İl başa çatsa da mətbuatın hələ kifayət qədər problemi qalıb. Həyata keçirə bilmədiyimiz bəzi layihələr var. Amma buna baxmayaraq, hesab edirəm ki, qarşıya qoyduğumuz məqsədlərimizə çatacağıq.

- Jurnalistlərlə çox yaxın münasibətdə olduğunuzu deyirlər. Özünüzü onların dostu hesab edirsinizmi?

- Mən özüm uzun illər jurnalistikada olmuşam. Hazırda da işinin əsas hissəsi media ilə bağlı olan bir təşkilata rəhbərlik edirəm. Mən özümü jurnalistlərin dostu yox, onların mövcud olduğu ailənin üzvü hesab edirəm. Dost ailədən kənar olur. Mediada olanlar bizim jurnalistika təcrübəmizdən az xəbərdardırlar. Öz dövrü üçün kifayət qədər populyar olub, yüksək tirajla çıxan “Ədəbiyyat və incəsənət” qəzetinin şöbə müdiri idim. Jurnalistikada kifayət qədər aktiv olmuşam. Vaxtilə Azərbaycana 100-dən artıq əcnəbi jurnalistin səfərini təşkil etmişəm. Hətta onların səngərlərdə əsgərlə görüşünü də təşkil etdik. Eyni zamanda Azərbaycanda təhsil alan əcnəbi tələbələri də müharibədən zədə alan regionlara aparmışıq. Bizim layihədə əsasən yazmaq qabiliyyəti olan insanlar iştirak edirdilər. Onların gördükləri haqqında esse yazmaqları vacib idi. Onlar eyni zamanda məcburi köçkünlərin yaşayış şəraiti ilə də tanış oldular, Xocalı faciəsinin şahidlərini dinlədilər, qıçını qolunu itirmiş müharibə iştirakçıları ilə ünsiyyətdə oldular. Həmin səfər iştirakçıları şəkilləri ilə bərabər esselər hazırlayırlar və təşkilatımıza mütəmadi olaraq bu barədə xəbərlər daxil olur. Mən hesab edirəm ki, Azərbaycan jurnalistikasına bundan böyük xidmət ola bilməz.

Hazırda qəzetlərdə əsasən qonşu davaları və qarşılıqlı ittihamlara, təhqirlərə rast gəlirik. Hansı ki, uğrunda savaşacağımız böyük işlərimiz var. İndi qəzetlərdə Zərdabi maarifçiliyini də görmürəm.

- Eşitdiyimizə görə, jurnalistlərdən birinə maşın alıb bağışlamısınız...

- 90-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələrlə maraqlanan əcnəbi dostlarımı ölkəmizə dəvət edirdim. Onların çoxunu öz maşınınla qarşılayıb, özümün və qohum-əqrəbanın evində yerləşdirərdim. Eyni zamanda Qarabağ probleminə dair xeyli sayda materiallarla təmin edirdik. Həmin zaman bu tədbirlərlə əlaqədar gələn jurnalistlərdən biri də Tatyana Çaladze idi. O, artıq Azərbaycanda yaşayır. Bu xanım Azərbaycanla bağlı kifayət qədər işlər görüb. Onunla biz Xocalı faciəsinə dair “Əsrin genosidi” adlı bir kitab hazırlamaq qərarına gəldik. Bu işlərə görə mən öz “Jiquli” markalı maşınımı onun istifadəsinə verdim. Onu da deyim ki, bu işləri hansısa xüsusi fond üzərindən etmirəm, elə ailə dolanışığından ayırıb görürəm. Kitab üçün Bərdədə qalıb işləmək lazım gəldi. Xanım hər dəfə maşın üçün etibarnamənin vaxtı qurtaranda müraciət etməli olurdu. Mənim də başqa bir maşınım var idi. Ona görə də növbəti dəfə müraciət edəndə ona birdəfəlik etibarnamə verdim. Bunu da böyük qəhrəmanlıq saymıram. Azərbaycan üçün iş görmək niyyətində olan hər bir insana imkanım dərəcədə kömək etməyə hazıram.

- Yaxşı şeirləriniz olduğunu deyirlər. Bu işlə nə vaxtdan məşğulsunuz?

- Uşaq vaxtından. Orta məktəbi oxuduğum illərdə ilk şerlərim Füzuli rayonunun “Araz” qəzetində çap olunub. Dövri mətbuatda kifayət qədər şeir çap etdirmişəm. Müharibə, təşkilatdakı gərgin iş tempi yaradıcılığıma ciddi mane oldu. Amma hesab edirəm ki, bu yazılar nə vaxtsa üzə çıxacaq. Müxtəlif mövzulara baş vurmuşam, bunların arasında məhəbbət, vətənpərvərlik, fəlsəfi düşüncələr var. Poeziya təbdən asılıdır.

- Bir prezident dostunuz olduğunu eşitmişik. Səhv etmirəmsə, bu Udmurtiya Respublikanın prezidentidir...

- Bəli. Mənim xarici ölkələrdə yaşayan kifayət qədər çox dostlarım var. Və onlar müxtəlif istiqamətlərdə çalışan adamlardı. Bu dostluğun əksəriyyəti təsadüflər üzərində qurulub. İnsan gərək həmişə ölümü unutmasın və çalışıb kimlərəsə əl tutsun. Mənim həyat prinsipim bu olub. Bəlkə də çevrəmdə həmişə böyük insanlar olub və elə ona görə də bu həyat fəlsəfəsini mənimsəmişəm. Bir yox, bir neçə prezident dostlarım var, bunları danışmağı xoşlamıram. Orta məktəb, əsgərlik yoldaşlarım də mənim üçün çox qiymətlidir. Bu o demək deyil ki, sən prezidentlə dostluq edib başqalarını yaddan çıxarmalısan.

- Müsahibəyə hazırlaşarkən maraqlı bir informasiya da əldə etdik. Deyilənə görə, sizin ikinci ana kimi qəbul etdiyiniz bir rus qadın olub...

- Doğrudur. Həmin qadın - Anna Andreyevna ilə biz qatarda tanış olmuşduq. Yaşlı qadın idi. Qatarda mənim yatağım aşağı, onunku isə yuxarı düşmüşdü. Yaşlı qadın üçün yuxarı yatağa qalxmaq çətin idi. Təbii ki, yerimi ona verməliydim. Voronejə çatanda məni evinə dəvət etdi. Münasibətlər yarandı. Xeyli zaman keçəndən sonra isə bildim ki, onun oğlu yüksək vəzifəli bir məmurdur. Boris Yeltsinin hakimiyyətində yüksək postlardan birini tuturdu. Ölüm ayağında olanda məni görmək istədiyini bildirib. Bunu bilən kimi özümü tez Voronejə çatdırdım. Son nəfəsinə yetişdim, sonra canını tapşırdı. İndi bizim o ailə ilə çox yaxşı münasibətlərimiz var. Mən o qadına özümün rus anam kimi baxırdım. Tez-tez görüşürdük. Özü Azərbaycana gələ bilmədi, amma nəvəsi gəldi. Bilirsiniz, milliyyətindən, irqindən, harada yaşamasından asılı olmayaraq, insan insandır. Ona görə də ürəyinə yatan kimlərləsə yaxın münasibət qurmaq olar.

- Əsgərlik dostlarınızdan da danışdınız. Səhv etmiriksə, hərbi xidməti Monqolustanda keçmiziniz?

- Bəli. İki il çadırlarda qulluq etdik. Əslində Sovet Qoşunları orada daha irəliyə getməliydi. Lakin bu plan baş tutmadı. Tale elə gətirdi ki, biz qulluğumuzu orada başa vurub geriyə döndük.

- Rəhbərlik etdiyiniz QHT-də vəziyyət nə yerdədir, işlərinizi apara bilirsinizmi?

- Bizim təşkilat Azərbaycanda yaranan ilk QHT-lərdəndir. Hazırda 100-ə yaxın insan çalışır burada. Hesab edirəm ki, bu insanların hamısı təşkilatdan razıdır. Təşkilat işində ən çox insan faktoruna önəm veririk. İndi də üç istiqamətdə layihə həyata keçirik. Gələn il üçün də görüləcək xeyli işimiz var.

Fürsətdən istifadə edib Lent.az oxucularını və kollektivini yeni il münasibətilə təbrik edirəm. Söhbət əsasında xeyli problemlərə toxunduq, amma nəzərə almalıyıq ki, Qarabağ probleminin olduğu dövrdə vəziyyət elə belə də olmalıdır. Çox istərdim ki, 2009-cu ildə bu problemi həll edək, söhbətimiz heç vaxt kədərli notlar üzərində qurulmasın.

Səbinə Əvəzqızı

# 1362
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar