Ukrayna Ali Radasının deputatı Fyodor Neqoy bu gün mətbuat konfransı keçirərək rəsmi qaydada azərbaycanlılardan üzr istəyib. Bu barədə APA-ya Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) məlumat verilib.
UAK-ın rəhbəri Rövşən Tağıyevin sözlərinə görə, F. Neqoy mətbuat konfransında yerli jurnalistlərə bildirib ki, onun bir müddət əvvəl Xersonda etdiyi çıxışı bəzi qüvvələr tərəfindən təhrif olunub: “Mən o çıxışımda işlətdiyim ifadəni bütün azərbaycanlılar və gürcülər haqqında işlətməmişəm, Ukraynadakı bəzi dələduzları tənqid etmişəm. Amma buna baxmayaraq istənilən halda bütün azərbaycanlılardan üzr istəyirəm”.
Qeyd edək ki, bu ayın əvvəlində Ali Radaya Xerson vilayətindən deputat seçilən F. Neqoy çıxışlarının birində azərbaycanlıları və gürcüləri təhqir edərək bu xalqların nümayəndələrinin ölkədən qovulmasını tələb edib. O, Ukraynada fəaliyyət göstərən azərbaycanlıları ölkə üçün xərçəng yarası adlandırıb. Deputatın qalmaqallı çıxışından sonra məsələ ilə bağlı UAK dərhal müvafiq yerli və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb və yerli dövlət qurumlarından deputatın təhqiramiz çıxışı ilə bağlı ölçü götürülməsini tələb edib. R. Tağıyev bildirib ki, bu müraciətlərdən sonra F. Neqoy telefon vasitəsilə UAK-a zəng edib üzr istəsə də, ondan rəsmi olaraq yerli mətbuat qarşısında üzr istəmək tələb olunub. Bütün bunların nəticəsi olaraq ukraynalı deputat bu gün yerli mətbuat qarşısına çıxaraq azərbaycanlılardan üzr istəyib.