Azərbaycanın hakim partiyası ölkədən kənarda, xüsusilə də Suriyada döyüşən azərbaycanlılarla bağlı ciddi narahat olduğunu bildirib. Lent.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, ölkədən xaricə döyüşmək üçün axın edən insanların sayının artması onları narahat edir və dövlət bununla bağlı ciddi ölçü götürməlidir.
O qeyd edib ki, bu günlərdə bununla bağlı qanunvericilikdə kifayət qədər yeniliklər oldu və bu, məsələnin müsbət həllində ciddi nəticələrin olmasına ümid verir: “Amma buna baxmayaraq, dövlət bu insanları xaricə cəlb edən təşkilatlara ciddi nəzarət etməlidir. Bu gün bizim Qarabağ adlı problemimiz, uğrunda döyüşmək üçün işğalda olan torpaqlarımız var. Amma bunlar cənnətə düşmək arzusu ilə ölkədən baş götürüb kənarda nəyinsə uğrunda vuruşmağa gedirlər. Hələ bilinmir, onlar oradan geri hansı ağılda və hansı düşüncədə üstümüzə qayıdacaqlar. Ona görə də hesab edirik ki, dövlət bu işlərlə mütləq ciddi məşğul olmalıdır”.