Sirus Təbrizli: “Heç vaxt heç kimə namərdlik etməmişəm” - MÜSAHİBƏ
24 oktyabr 2008 11:37 (UTC +04:00)

Sirus Təbrizli: “Heç vaxt heç kimə namərdlik etməmişəm” - MÜSAHİBƏ

“Sən haradasan” rubrikasının növbəti qonağı Sirus Təbrizlidir. Qonağımızı titulsuz-filansız təqdim etməyim təsadüf deyil; onun təkcə adı, özü barəsində xeyli məlumat verir. Sirus müəllimin bəxti həm də onda gətirib ki, Azərbaycanda bu ad və soyadda ikinci məşhur kəs yoxdur ki, onu kimləsə dəyişik salsınlar.

Sirus Təbrizlini ən əvvəl cəsarətli jurnalist kimi tanımışıq. Onun televiziyada müəllifi və aparıcısı olduğu “Açıq-aşkar” verilişi, üstündən illər keçməsinə baxmayaraq, hələ də unudulmayıb. Bundan başqa, yazımızın qəhrəmanı bir meydan adamı, xalq hərəkatının nümayəndəsi kimi də yadda qalıb. O, eyni zamanda, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarındandır. Mətbuat və informasiya naziri, millət vəkili, Milli Məclisin komissiya sədri olub. Amma bunlar artıq arxada qalıb. Bizi isə YAP-ın keçmiş sədr müavini, “91-lər”in məşhur nümayəndəsi Sirus Təbrizlinin hazırda harada olması, nə işlə məşğul olması maraqlandırır.

Qeyd edək ki, müsahibimiz ötən ilin martında Heydər Əliyevlə bağlı yazılmış kitabın təqdimat mərasimində etdiyi qalmaqallı çıxışından az sonra hakim partiyadan uzaqlaşdırıldı. Bəziləri hətta ona qarşı təzyiqlərin olacağını proqnozlaşdırsalar da, bu, baş vermədi. Beləliklə, rubrikanın ənənəsinə uyğun olaraq, ilk sualımızı belə ünvaladıq:

- Sən haradasan, Siruz Təbrizli?

- Ailəmlə, nəvəmləyəm. Bir ziyalı kimi mütaliəmlə məşğulam. Bir yazıçı kimi başımıza gələnlərdən yazırıq. Demək olar ki, bu işlərlə məşğulam.

- Siz həmişə gündəmdə olmusuz. O günlər yada düşürmü?

- Bilirsiz, xalqın taleyüklü məsələləri həll olanda susmaq olmaz. Belə vaxtı susanlar cəhənnəmin ən isti ocağında yanmalıdırlar. Lazım olanda biz həmişə münasibətimizi bildirmişik.


- Demək olar ki, Azərbaycanın yaxın tarixində bütün qaynar prosesləri yaxından izləyib, əksəriyyətinin önündə olmusuz. İndi necə, ictimai-siyasi proseslərə diqqət yetirirsinizmi?

- Mən heç vaxt ürəyimdə olan sözü gizlətməmişəm. Elə başıma gələn işlər də bununla bağlı olub. Özü də tək mən olmamışam. Azərbaycanda belə bir ziyalı dəstəsi olub. Onlardan dünyasını dəyişənlər – Xəlil Rza, Ziya Bünyadov, Asif Ata, Abbas Zamanov, Əjdər Xanbabayev olub. Bu insanlar baş verən hadisələri düzgün qiymətləndiriblər. Biz xalqın ağır vaxtlarında biganə qalmamışıq. Şəxsən məni siyasətə Qarabağ, rəhbərsizlik dərdi gətirib. Millət iki dərdin arasında qaldı. Heydər Əliyev hakimiyyətə gələndə problemin biri həll olundu. Əsas meyar xalqdır. Xalqın bildiyini, gördüyünü danmaq olmaz. Ona görə də mən Xalq Cəbhəsini də kəskin tənqid etmişəm. Eyni zamanda, Heydər Əliyev kimi şəxsiyyət hakimiyyətə rəhbərlik edəndə Milli Məclisdə kəskin çıxışlarım olub. Çünki mən xalqa biganə deyiləm. Xalq soruşa bilər, meydanlarda söyləyirdiniz ki, yollarımız da qızıldan olacaq, bəs nə oldu? Axı xəcalət çəkirdim. 1992-ci ildə çəkinməyib yazmışdım ki, mütləq Heydər Əliyevi çağırmalıyıq. Heydər Əliyev gələndən sonra mənim də üzərimə məsuliyyət düşür. Heydər Əliyevin gəlişi ilə atəşkəs yarandı, çörək qıtlığı aradan götürüldü, nəqliyyat işlədi, hərc-mərclik aradan götürüldü, işlər sabitliyə doğru getdi. Amma hansısa “JEK” müdirinin xalqa divan tutmasına göz yuma bilməzdim. Bütün bunlar da bizim adımıza yazılırdı. Normal insan düşündüyünü deməlidir.

- Sizin seçki prosesi barədə düşüncələriniz nədir?

- Mən dediklərim artıq öz yerini alır. Mənim müxalifətə mövqeyimi hamı bilirdi. Mən hələ o vaxtlar rəhmətlik Əbülfəz Elçibəyə dedim ki, sən hakimiyyətə getmə, getsən, bu xalq daha heç kimə inanmayacaq. Amma Əbülfəz bəy niyyəti təmiz adam idi, siyasət adamı deyildi. Deyirdi ki, bəy, təmizlənəcək. Mənsə bu mexanizmi görmürdüm. Gördünüz bir il ərzində nələr baş verdi? İndi müxalifət liderləri özləri etiraf etməyə çəkinirlər, amma yazarları xalqı ittiham edirlər, guya xalq süstdür, biganədir. Xeyr, sadəcə, xalq İlham Əliyevə alternativ ola biləcək, onunla yarışacaq, gördüyü işləri davam etdirə biləcək bir lider görmür. Xalq heç vaxt yanılmır. Vaxtilə 91-lər Heydər Əliyevi çağıranda nə qədər hədə-qorxu ilə rastlaşdıq. İndi biz olmuşuq yalan. O vaxtlar Heydər Əliyevi, İlham Əliyevi tənqid edənlər indi cəh-cəhlə, bəh-bəhlə danışırlar. İndi bir ziyalı kimi çox məmnunam ki, dediklərim öz yerinə yetişdi. Əbülfəz bəy sağ olanda, özü başda olmaqla, müxalifəti çox sərt tənqid edirdim. İnsanda əxlaq var, dünyasını dəyişəndən sonra bunu edə bilməzdim. Həqiqət deyilən vaxt kimisə incidir, ancaq sonra gəlib öz yerini tutur. Mən Əliyevçiyəm. “Əliyevçi” nə deməkdir? Yəni qarşısına bir məqsəd qoyur, sonra da ona nail olur. Vəzirov, Mütəllbov, Əbülfəz Elçibəy qaçdı, amma o qaçmadı, əksinə, dövlət qurdu. İlham Əliyev də məharətlə bu kursu davam etdirdi. İndi bir ziyalı kimi inanıram ki, işlər daha inamla davam etdiriləcək. Azərbaycanda heç bir rəhbərin vaxtında bu qədər abadlıq, quruculuq işləri getməyib. Vaxtilə demişdim ki, Bakını boşaltmaq üçün kəndləri diriltməliyik. İndi Prezident Aparatında aqrar şöbə yaradıldı. Bunun işi kəndi diriltmək olacaq. Bundan başqa, mən istəyərdim ki, Qarabağı mərhələli yolla geri alaq. Elə təkcə o rayonların otu bizə bəsdir. Bunların hamısının həyata keçməsi üçün gərək indiki kurs davam etsin. Elə Heydər Əliyev, İlham Əliyev deyən kimi bizim bu məmurlarımızın hamısı istəsə, uğurlarımız 10 qat artardı. Bir zamanlar Siruz Təbrizli tək deyirdi Heydər Əliyev gəlsin, İlham Əliyev gəlsin. İndi keçmiş müxalifətin yarısından çoxu da bunu deyir. Məgər bu bizim qələbəmiz deyil?

- Seçki başa çatdı. Bundan sonrakı dövrü necə təsəvvür edirsiniz?

- Hesab edirəm daha firavan Azərbaycanla rastlaşacağıq. Bununla yanaşı, düşünürəm ki, söz azadlığı da inkişaf edəcək. Mətbuat axır-əvvəl azad olacaq. İndi mən məmur deyiləm. Vaxtilə nazir işləyəndə hər bir jurnalistin taleyi məni maraqlandırırdı. İndi də hesab edirəm ki, mətbuat müstəqil olmalıdır. Mən indi “Bakı Xəbər”ə müsahibə verirəm. Bilirsiz niyə? Çünki qəzetin baş redaktoru Aydın Quliyevin başı hər şeyi çəkdi. O, iqtidarı da, müxalifəti də gördü. İndi elan edir ki, müstəqil qəzet buraxmaq istəyirəm. Bu gün hiss edirəm ki, Rauf Arifoğlu da bu yolu tutmaq istəyir. Mən çıxış yolunu müstəqilləşməkdə görürəm. Özü də bu, hökmən olacaq. Əli Kərimli, İsa Qəmbər seçkiyə də getməyəndən sonra jurnalistlər də real vəziyyəti görür, fikirləşirlər ki, daha bu oyunu nə qədər oynamaq olar. Mətbuatın radikallığı gedir, indi mətbuata səmimi bir münasibət olmalıdır. Jurnalistikada da bir çox qərəzli şəxslər var. Azərbaycan mətbuatı müstəqilləşməyi ilə udacaq. Belə olanda, hakimiyyətin də mətbuata münasibəti yaxşı olacaq. İlham Əliyev bəyan edib ki, bizə mütləq ictimai nəzarət lazımdır. İctimai nəzarət elə mətbuatdır. Prezident çıxışlarını kağızdan oxumur, içindən gələnləri deyir. Məmurlar indi fikirləşməlidir ki, ictimai nəzarəti gücləndirmək lazımdır. Səni heç kim tənqid etmirsə, arxayınlaşıb, çox pis vəziyyətə düşə bilərsən. Bu zaman həmin tənqidçi rolunu mətbuat öz üzərinə götürməlidir. Nəinki kənardan səslənən tənqidə dözmək lazımdır, hətta özünütənqidə keçməlidirlər. Heydər Əliyev keçmiş SSRİ rəhbərləri arasında ən çox tənqidləri ilə tanınıb. Heç kimin cəsarət etmədiklərini deyib. Hamının təriflədiyi. ideal kimi təqdim etdiyi Kommunist Partiyasında korrupsiya, rüşvət olduğunu məhz o deyib. Dediyi bu sözlərdən nə qədər əziyyət çəkdiyini söhbətlər əsasında mənə də söyləyib. Müəyyən adamlar özlərini yox, əvvəlcə cəmiyyəti düşünməlidir. Mənə elə gəlir ki, bu seçkidən sonra mətbuat udacaq.

- Siz enerjili bir insansınız. Mümkündürmü ki, gələcəkdə bu enerjini hansısa siyasi partiyanın, mətbuat orqanının təsis edilməsinə yönəldəsiniz?

- Vaxtilə mənimlə meydanda olanların hərəsi özünə bir partiya yaratdı. İndi ad çəkmək istəmirəm. Elə o vaxtlar da mənə çoxları deyirdi ki, ziyalılarla birlikdə bir partiya yaradın. Hər bir insan öz xarakterinə uyğun hərəkət etməlidir. Mənim xarakterimə uyğun olan da qələm, söz adamı olmaqdır. Mənə xarici ölkələrdən belə təkliflər olub. Amma insan gərək yaşını da nəzərə ala. Mən qələm adamı olmağımla fəxr edirəm. Mən “Heydər Əliyev gəlməlidir” yazandan bir il sonra dediklərim həyata keçdi. Bir jurnalist kimi bununla fəxr edirəm. Amma indi bilmirəm ki, bir siyasətçi kimi bu cür fəxr edə biləcəyəmmi? O işdə özünü göstərməlisən ki, bunu kamil bacarırsan. Buna görə də hələlik oturub öz işlərimi analiz edirəm. Siz bir ay əvvəl mənə müraciət etsəydiz, sizinlə danışmayacaqdım. Çünki buna ehtiyac yox idi.

- Sizin xeyli dostlarınız olub. Onların arasında Xəlil Rza və Ziya Bünyadov kimi insanlar da var idi. İndi onların yeri görünürmü?

- Çox görünür. Məni partiyadan çıxarmaq istəyəndə Ziya hökmən öz səsini qaldıracaqdı. İndi də belə dostlar var. Məsələn, Zeynəb Xanlarova kimi min kişiyə dəyən mərd dostum var. Mən heç vaxt heç kimə namərdlik etməmişəm. Mən dostlarımı onlara nazir kimi gördüyüm işlərə görə yox, elə Siruz Təbrizli olaraq qazanmışam. Belə mərd dostların sayı nə qədər çox olsa, biz də bir o qədər güclü olacağıq.

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3558
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar