“Mən hakimiyyətdən konkret bir vəzifə istəmirəm. Sadəcə koalisiya hökumətinin yaradılmasını və orada mənə və ya digər müxalifət rəhbərlərinə vəzifə verilməsini təklif edirəm. Bu, ölkədə demokratiyaya keçid üçün ən uğurlu yol olardı”.
Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, əgər lazım olsa, bu məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət edə bilər: “Hakimiyyət mənim bu bəyanatımı müsbət dəyərləndirsə, mən də öz növbəmdə hətta bu məsələ ilə bağlı prezident İlham Əliyevə də müraciət edərəm. Təki Azərbaycanda da koalisiya hökuməti ənənəsi formalaşsın”.
ADP sədrinin sözlərinə görə, o, təklif etdiyi koalisiya hökumətində “Qarabağ” blokunda birgə təmsil olunduqları Ümid Partiyasının da olmasını nəzərdə tutur: “Mən bu təklifi tək öz partiyamız üçün vermirəm. Həm də “Qarabağ” blokunda təmsil olunduğumuz Ümid Partiyasını da koalisiya hökumətində görməyi təklif edirəm”.